Hayların ənənəvi siyasəti: sözdə əməkdaşlıq, əməldə təxribat
Digər xəbərlər

Hayların ənənəvi siyasəti: sözdə əməkdaşlıq, əməldə təxribat

İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb. Eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

Sonuncu hadisə də onu göstərir ki, erməni hərbi birləşmələri həm Naxçıvanda, həm də Qarabağda atəşkəsi pozaraq hərbi təxribatlar törədirlər. İstər Ermənistan ordusu, istərsə də separatçılar sərhəddə təxribatların əhatəsini genişləndirərək gərginliyi daha da artırırlar. Azərbaycan-Ermənistan arasında danışıqların getdiyi bir vaxtda İrəvanın davamlı olaraq vəziyyəti qəsdən gərginləşdirməsi isə təsadüfi deyil. Çünki indiki məqamda regionda gərginliyin geniş areala yayılmasında maraqlı tərəflər var. Məlumdur ki, Ermənistan ordusunun daxilində kifayət qədər Rusiyaya sadiq qüvvələr mövcuddur. Erməni hakimiyyəti nə qədər danışıqlara getmək istəsə də, hərbi-siyasi elita qərbdə aparılan danışıqları bloklamağa çalışır. Lakin unudur ki, rəsmi Bakı istənilən təxribata adekvat cavab vermək iqtidarındadır. Azərbaycan beynəlxalq hüququn norma və tələblərini əsas götürərək mövcud reallıqlar fonunda antiterror əməliyyatlarına başlaya bilər. Bu məqamda, "Qisas" əməliyyatını xatırlatmaq yerinə düşər.

Hazırda cəbhədə gedən proseslərdən də görünür ki, "Qisas" əməliyyatının növbəti mərhələsi olmadan regionda sülhü əldə etmək mümkün olmayacaq. Bununla belə, nəzərə almaq lazımdır ki, yeni antiterror əməliyyatının başlaması Ermənistan və erməni silahlı qüvvələrinin atacağı addımlardan, verəcəyi radikal qərarlardan asılıdır. Çünki Azərbaycan regionda toqquşmanın deyil, sülhün tərəfdarıdır və buna müvafiq olaraq, beynəlxalq rəsmilərin iştirakı ilə aparılan danışıqlarda üzərinə götürdüyü konstruktiv missiyanı davam etdirir. Amma gedişat onu deməyə əsas verir ki, Ermənistan sülh istəmir. Yaxın perspektivdə də hayların ərazi iddialarından əl çəkmək, Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq niyyəti yoxdur. Belə olan halda isə Prezident İlham Əliyevin də dediyi kimi, onlar sülh istəmirlərsə, sülh olmayacaq. Biz tarixi dədə-baba torpaqlarımızı ermənilərdən tamamilə təmizləmək məcburiyyətində qalacağıq.

Jalə QASIMZADƏ,

"Respublika".