Birgə fəaliyyət uğurların əsasıdır
Digər xəbərlər

Birgə fəaliyyət uğurların əsasıdır

2007-ci il martın 9-da Bakı şəhərində Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu baş tutub

Azərbaycan və Türkiyə diplomatiyasının ortaq tarixinin şanlı səhifələrindən biri də 2007-ci il martın 9-da Bakı şəhərində Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun keçirilməsidir. Bu mühüm hadisə türkdilli xalqların həyatında, ələlxüsus Türkiyə və Azərbaycan diasporları üçün vacib hadisə kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan Forumda  “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı Bəyannaməsi” və digər sənədlər qəbul olunmuşdu.

Sovet imperiyası illərində bir-birindən ayrı düşmüş iki qardaş xalq nəhayət, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə tarixi qaynaqlara söykənən isti münasibətlər yenidən təşəkkül tapdı. Dövlət başçısı İlham Əliyevin xüsusilə önəm verdiyi Azərbaycan-Türkiyə münasibətləri prezident seçildiyi gündən yüksələn xətlə inkişaf edir. Bu iki dövlət arasındakı dialoqlar hər zaman qardaşlıq, dostluq, eyni soykökə əsaslanan maraqlar çərçivəsində keçir. 2007-ci il martın 9-da Bakıda belə bir mötəbər Forumun keçirilməsi, əsasən Qərbdə erməni lobbisi tərəfindən təşkilatlanan islamofobiya, anti-türk, anti-Azərbaycan siyasətinə bir sipər oldu. Dövlət başçısı Forumun açılış nitqində bu fikirləri söyləmişdi: “…Türkiyə-Azərbaycan birliyi nə qədər güclüdür, xalqlarımızın həyatında onun nə qədər böyük əhəmiyyəti var. Biz əsrlər boyu bir yerdə olmuşuq. Amma müxtəlif tarixi hadisələr bizim xalqlarımızı bir-birindən ayrı salmışdır. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bizim birliyimiz də bərpa olundu və bu gün Türkiyə və Azərbaycan-iki qardaş ölkə bərabər addımlayır. Biz bütün tədbirlərdə bərabər iştirak edirik, aramızda ən yüksək fikir birliyi var. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun. Həm xalqların etnik mənsubiyyəti baxımından, həm siyasi baxışlar, həm də ortaq maraqlar baxımından. Biz elə etməliyik ki, birliyimiz daha da güclənsin, hərtərəfli olsun. Təbii ki, bu işlərdə xaricdə yaşayan soydaşlarımızın da fəaliyyəti çox əhəmiyyətlidir…”.

İki ölkə arasında qarşılıqlı əlaqələr, bir-birinin təcrübəsindən yararlanma bütün sahələrdə olduğu kimi, diaspor sahəsində də özünü yaxşı tərəfdən göstərir. Türk diasporu nisbətən daha qədim tarixi ənənələrə sahib olduğu üçün daha çox təşkilatlanıb. Qərb ölkələrində Azərbaycan və türk diasporları XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşmağa başlasa da, Azərbaycan diasporları XX əsrin ortalarında mədəni dərnəklər kimi fəaliyyət göstərirdi. Azərbaycan diasporunun əsasən inkişaf dövrü XX əsrin sonlarına təsadüf edir. Bu sahədə ölkəmizin təşkilatlanmağına dövlət dəstəyi ilə yanaşı, diaspor sahəsində inkişaf etmiş türk diaspor təşkilatları da kömək edib.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub və yenicə formalaşmaqda olan dövlətin xaricdə səfirliklərinin fəaliyyət göstərməsində də bizə dəstək olub.

Azərbaycan-türk diasporunun ortaq maraqlarından biri də erməni lobbisinə qarşı mübarizədir. Türk dünyasına qarşı düşmən mövqedə dayanan erməni diasporunun əsas təbliğatı saxta soyqırımlarını dünyada tanıtdırmalarıdır. Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumununda dövlət başçısı İlham Əliyev bu məsələdən də yan keçməmişdi: “…Bizim əleyhimizə çox güclü erməni lobbisi fəaliyyət göstərir. O, Türkiyə və Azərbaycana düşmənçilik mövqeyindədir və bizi ləkələmək, ölkələrimizdə gedən prosesləri təhrif etmək, yalan, böhtan kampaniyasını aparmaq onların əsas peşəsidir. Biz bunun qarşısına öz siyasətimizi, öz təbliğat mexanizmimizi qoymalıyıq və qoyuruq. Ona görə xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidir, təşkilatlanma prosesi daha da sürətlə aparılmalıdır. Onlar yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha da fəal inteqrasiya etməlidirlər. Biz bunu türk diasporunun timsalında görürük, onların çox böyük uğurları var...”.

Bu gün erməni lobbi və icmaları digər ölkələrilə müqayisədə daha ön sıralardadır. Hər nə qədər bu sahədə onlardan geri qalsaq da əslində, burada müəyyən məqamlar var. Xüsusilə qeyd etmək lazımdır ki, o millətin lobbisi güclü olur ki, onların daimi vətənləri olmayıb. Diaspor sözünün də mənası “səpələnmək” olduğundan əslində elə bu ifadə onu göstərir ki, onların daimi yaşayış məskəni olmayıb və yaşadığımız regiona sonradan gəlmədirlər. Azərbaycanlılar isə ermənilərdən fərqli olaraq hələ e.ə Cənubi Qafqazda məskunlaşıb, bu ərazilərdə qədim dövlətçilik institutlarını formalaşdırıblar. Qədim tarixə malik olan xalqımızın hər zaman özünə aid el-obası olduğundan digər regionlara səpələnməyə ehtiyacları olmayıb.

Azərbaycanın 44 günlük haqq savaşında hər iki ölkənin diasporu düşmən təxribatlarının qarşısının alınmasında böyük rol oynayıb.

Musa BAĞIRLI,

“Respublika”.