Paşinyanı qorxudan Vardanyan ssenarisi
Digər xəbərlər

Paşinyanı qorxudan Vardanyan ssenarisi

Ruben Vardanyanın istefaya göndərilməsi Ermənistandakı siyasi mühiti bir qədər də gərginləşdirib. Belə ki, müxalifət baş verənlərə kəskin reaksiya verir. Onlar hazırkı situasiyanı dividendə çevirməyə çalışırlar. İqtidar isə səssizliyini qoruyur. Əslində, Vardanyanın vəzifədən gedişi  Paşinyan Administrasiyasını tam qane edir. İrəvana görə, bu həmlə sayəsində iqtidar müvəqqəti olsa da, Moskvanın özünə qarşı yarada biləcəyi əsas təhdidi ortadan qaldırır. Digər tərəfdən isə Paşinyan Moskvaya hansı gücə sahib olduğunu nümayiş etdirərək Kremli onunla hesablaşmağa məcbur etməyə çalışır. Bununla belə, İrəvanda Vardanyanın son zamanlar Ermənistan ictimaiyyəti daxilində artan nüfuzunu çox yaxşı bilirlər. Ona görə də baş verənlərə səssiz yanaşan hökumət mümkün qədər Vardanyandan sonrakı hücumlardan qorunmağa çalışır.

Lakin Paşinyan Administrasiyası Vardanyanın “vəzifədən” uzaqlaşdırılmasının ardınca onun Ermənistanda siyasi proseslərə qatılması ehtimallarını da gözardı etməməlidir. Çünki Vardanyanın Qərb və Rusiyada kifayət qədər dəstəyi var. Oliqarxın Qərb mediasına rahatlıqla çıxış əldə etməsi, açıqlamalar verməsi də bunu deməyə əsas verir. Üstəlik, onun Qarabağ ermənilərinin məsələlərini dil bacarıqlarından və əlaqələrindən istifadə edərək dünyaya çatdırmaq imkanı hazırkı erməni liderlərindən daha böyükdür. Yəni Vardanyan təkcə Rusiyanın kadrı deyil. Bu baxımdan, onun Ermənistan siyasətinə gəlib proseslərdə yaxından iştirak etməsi ehtimalları çoxdur. Paşinyan da elə bu ssenaridən çox qorxur.

Bu səbəbdən də Ruben Vardanyanı Qurgen Nersisyan ilə əvəzləyir. Nersisyanın bu posta gətirilməsi isə onun "Sorosun adamı" olması ilə əlaqələndirilir. Xankəndi separatçıları arasında da bu ləqəblə tanınan siyasətçinin Nikol Paşinyanın komandası ilə də yaxın əlaqələri var.

Lakin bu prosesləri sadəcə Ermənistanın daxili məsələsi kimi dəyərləndirmək doğru deyil. Ruben Vardanyanın istefası Azərbaycanın maraqlarına cavab verir. Çünki rəsmi Azərbaycan Prezident səviyyəsində Vardanyanla heç bir danışıqların aparılmayacağını bəyan etmişdi. Onun eksport olunduğu və Azərbaycanın bu adamı tanımadığı qeyd edilmişdi. Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sonra Ruben Vardanyanın istefaya göndərilməsi Azərbaycanın konkret mövqeyi qarşısında əks tərəfin geri çəkilməsidir.

Odur ki, Vardanyanın gedişi və Nersisyanın səhnəyə daxil olması Ermənistanla Azərbaycan arasındakı proseslərin də yeni mərhələsini başladır. Bu mərhələdə nələrin baş verəcəyini isə zamanla görəcəyik.

Qeyd edək ki, Ruben Vardanyan 2022-ci il noyabrın 4-də qondarma respublikaya dövlət naziri təyin edilmişdir. O, Forbes jurnalının reytinq məlumatlarına görə, 2021-ci ildə Rusiyanın varlıları siyahısında 116-cı yeri tutub. Onun yerinə təyin olunan digər  “yan” Qurgen Qarnikoviç Nersisyan isə Xankəndidə doğulub. 2008-2009-cu illərdə Ağdərə rayon prokurorunun köməkçisi, 2009-cu ildən Xankəndi şəhər və "DQR Baş Prokurorluğu"nda müxtəlif vəzifələrdə işləyib. 11 fevral 2021-ci ildə "DQR baş prokuroru" vəzifəsinə təyin olunub.

Jalə QASIMZADƏ,

“Respublika”.