Növbəti konfrans Şəmkirdə təşkil edilib
Region

Növbəti konfrans Şəmkirdə təşkil edilib

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, avqustun 25-də Şəmkir şəhərində "Heydər Əliyev siyasəti: Müasir dövlət quruculuğu" adlı konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Şəmkir Rayon Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər ilə tanış olublar.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Ceyhun Kazımov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin mövcud iqtisadi inkişafın və hərtərəfli tərəqqinin əldə olunmasındakı rolundan bəhs edib. Dahi liderin uğurlu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev işgüzar tədbirin Şəmkir şəhərində təşkilindən məmnunluğunu ifadə edib. Tədbirdə Milli Məclisin deputatı Nurlan Həsənov, Şəmkir rayon prokuroru Azər Hətəmov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi mövzularında çıxış edib.

Tədbir iştirakçıları "Böyük şəxsiyyət...3 ştrixdə" sənədli filminə baxıb.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Vəli VƏLİYEV,

"Respublika".