Nikbin ruhlu mahnılar müəllifi
Mədəniyyət

Nikbin ruhlu mahnılar müəllifi

Onun dünyaya gəlişi də bir payız gününə təsadüf etmişdi. Zəngin, çoxşaxəli yaradıcılığı da yəqin ki, bu fəslin barından, bərəkətindən bəhrələnmişdi. Bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi - Azərbaycanın Xalq artisti, caz və estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev.

1917-cı il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn bəstəkarın atası mühəndis-iqtisadçı Ələkbər Quliyev, anası isə Hacı Zeynalabdin Tağıyevin qızlar gimnaziyasında təhsil almış ilk azərbaycanlı həkimlərdən biri Yaxşı Mahmudova idi. Hələ 12 yaşı olanda Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. İ.S.Aysberqin sinfində fortepiano, S.Q.Ştrasserin sinfində isə dirijorluq dərsi alaraq 1936-cı ildə Konservatoriyanı bitirib. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə yazdığı "Məktəbli" mahnısı ilk bəstəsi olmuşdu. Dirijor kimi isə özünü 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında sınayıb. Böyük bəstəkar, Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Orada təhsil almaqla bərabər, A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu kimi işləyib. 1939-cu ildə Bakıya qayıdan bəstəkar 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb.

 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub. Üzeyir Hacıbəyovu özünə mənəvi ata hesab edən bəstəkar ustadının yaradıcılıq yolunu uğurla davam etdirib. Tofiq Quliyev "Rast" və "Segah-zabul" muğam dəstgahlarını nota köçürməklə bərabər, musiqi folklorunun toplanması sahəsində də mühüm işlər görüb. 1955-ci ildə "Azərbaycan xalq rəqslərini" fortepiano üçün işləyib, "Azərbaycan xalq mahnıları" topluları üçün çoxsaylı mahnıları nota köçürüb. 1939-cu ildə Moskvada estrada orkestrinin konsertində iştirak edən Mirzə İbrahimov Tofiq Quliyevə məsləhət görür ki, Bakıda da Azərbaycan Dövlət estrada orkestri yaratsın. Təklifi bəyənən bəstəkar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Beləcə, 1941-ci ildə Azərbaycan milli musiqisində yeni səhifə açılır. Bəstəkar Dövlət Caz Orkestrinin ilk repertuarına Amerikanın caz ustalarının əsərlərini daxil edir. Dük Ellinqtonun məşhur "Karvan" pyesini "Cahargah" məqamında işləyərək, əsərə muğam çalarlarını əlavə edərək musiqinin Azərbaycan variantını yaradır. Onun bu yeniliyini dahi bəstəkar Üzeyir Hacıbəyov da bəyənir. Bu addımı ilə Tofiq Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır.

Tofiq Quliyev Azərbaycan musiqi tarixində cazın təməlini qoyan bəstəkar kimi də tarixə düşmüşdür. 1944-cü ildən məşhur amerikalı caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edən T.Quliyev onun orkestri üçün "Avara" hind filminə, "Qara gözlər" romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyaları işləmişdir. Onun Azərbaycan musiqisinə cazı gətirməsi bu janrda ifaçıların yetişməsinə və bu janrda musiqilər yazılmasına səbəb olmuşdur. İllər sonra bu üslubdan bəhrələnən bəstəkar Vaqif Mustafazadə cazla muğamın sintezini yaradaraq Azərbaycan cazını yaratmışdır.

Tofiq Quliyevin yazdığı musiqilər nikbin ruhu, azad xarakteri, bəzi məqamlarda isə yumor hissi ilə də seçilmişdir. Bəstəkar yazdığı bütün mahnılarda canlı obraz yaradaraq dinləyicisində mükəmməl təsəvvür yaratmışdır. İstedadlı bəstəkarın yaradıcılığı mahnı janrı ilə bitmir. O, həm də teatr tamaşaları üçün də musiqilər bəstələmişdi. Gənc Tamaşaçılar Teatrında hazırlanan "Babək" tamaşası üçün musiqi yazan Tofiq Quliyev sonralar bir sıra teatrlarla əməkdaşlıq edir və Ü.Şekspirin "On ikinci gecə", Cəfər Cabbarlının "Aydın", "Yaşar", N.Hikmətin "Qəribə adam" və digər əsərlərə musiqilər yazır. Onun "Bakı haqqında mahnı", "Züleyxa", "Neftçilər mahnısı", "Süfrə mahnısı" indi də öz populyarlığını saxlayır. Daha çox lirik mahnılara həyat vəsiqəsi verən bəstəkar həmin mahnıların klassik nümunələrini də yaratmışdı.

Ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrinin, o cümlədən "Bakı payızı"nın təşkilatçısı olub. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb. Tofiq Quliyevə böyük populyarlıq və uğur qazandıran kino musiqilər olmuşdu. "Ögey ana", "Qızmar günəş altında", "Bəxtiyar", "Görüş", "Şir evdən getdi", "Qayınana" və digər 30-a yaxın filmlərə yazdığı musiqiləri indi də dillər əzbəridir. Bəstəkar milli musiqili komediya janrına da böyük töhfələr vermişdi. Yaradıcılığı dövründə kiçik yaşlı tamaşaçıları da unutmamış, "Artıq tamah", "Şəngülüm, şüngülüm" və başqa uşaq pyeslərinə musiqi yazmışdı.

Tofiq Quliyev hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ulu öndər Heydər Əliyev bəstəkara böyük hörmət və ehtiramla yanaşmışdı. O, 1998-ci ildə "İstiqlal" ordeni ilə təltif edildiyi ərəfədə bəstəkar səhhətində yaranmış problemlə bağlı xəstəxanada müalicə alırdı. Mükafatı bəstəkara elə xəstəxanada ulu öndər Heydər Əliyev şəxsən özü təqdim etmişdir. Bu da dövlət başçısının bəstəkara olan diqqəti və qayğısı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bəstəkara diqqət və qayğı göstərmişdi. Tofiq Quliyev dünyasını dəyişəndən sonra 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilmiş, 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzalamışdı.

Tofiq Quliyev 2000-ci il oktyabrın 5-də uzun sürən xəstəlikdən sonra 82 yaşında Bakı şəhərində dünyasını dəyişib. Bəstəkar Fəxri xiyabanda dəfn edilib.

Ramidə YAQUBQIZI,

"Respublika".