Xalqın milliliyini saxlayan onun dilidir
Mədəniyyət

Xalqın milliliyini saxlayan onun dilidir

Hər bir xalqın milli kimliyi onun sahib olduğu dilidir. Dil xalqların dəyişməz, toxunulmaz, müqəddəs simvolu kimi çıxış edir. Bu simvol olmadan dünya xalqları arasında öz yerini tapmaq, öz sözünü demək mümkün olmazdı. Azərbaycan dili də qədim kökləri olan, inkişaf mərhələsi keçən və yeni-yeni sözlər hesabına zənginləşən dildir. Zaman-zaman dilə keçən kənar sözlərdən təmizlənib, xalqın yaratdığı öz sözləri ilə gözəl, saf, maraqlı bir dil nümunəsi ortaya qoyulub.

Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsində ulu öndərin əvəzsiz xidmətləri olub. Dil siyasətinin əsaslarını yaradan məhz Heydər Əliyev idi. Ümummilli liderin dilə olan münasibəti, sevgisi onun bir çox çıxışlarında aydın ifadə olunub. "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir", - deyən Heydər Əliyev təkzibolunmaz bir gerçəklikdən çıxış edib. Həqiqətən də bir xalq üçün ən böyük mənəvi qazanc onun yaratdığı dilidir. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyinin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. Ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Artıq 22 ildir ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü ehtiramla qeyd edirik. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Onu da xüsusi qeyd etmək lazımdır ki, ümummilli liderin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə dərin həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını əks etdirən əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz ölkə başçımızın təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi bir daha təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Qeyd etməliyik ki, dilin inkişafı müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və keşməkeşli bir yol qət edib. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir və o, təkcə ünsiyyət vasitəsi deyil.

Röya RÜSTƏMLİ,

"Respublika".