Ömür dedikləri...
Mədəniyyət

Ömür dedikləri...

Xalq yazıçısı Anar 1938-ci il martın 14-də anadan olub

- Beşmərtəbəli evin neçənci mərtəbəsindəsiniz?

- Mən o əsəri yazanda yarızirzəmi mənzildə yaşayırdım. On il sonra mənə Üzeyir Hacıbəyov küçəsində 6-cı mərtəbədə mənzil verdilər. Ondan sonra indi mənim yaşadığım mənzilə köçdük, burada da mənzilim 6-cı mərtəbədə oldu.

- Onda cavabı 6-cı mərtəbə qəbul edim?

- Olsun. Təki liftimiz işləsin...

"Niyə yazıya bu cür başladım?" - deyə soruşan oxucuya: "Necə başlayaydım, axı Anarı ədəbiyyatsevərlər məhz "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinə görə daha çox sevib, pərəstiş edib. Müasirimiz, zamanımızın Anarı mücərrəd bir şey haqqında o qədər inandırıcı danışıb ki... Bütün olanların məhz orada, beşmərtəbəli evin heç vaxt olmayan altıncı mərtəbəsində baş verdiyinə inandırıb oxucunu. Öz dəst-xətti, öz üslubu, öz sözü ilə...

Anar başqa bir sənəti də seçə bilərdi, amma söz adamı oldu, dünyaya göz açdığı mühitin cazibəsindən çıxa bilmədi: "İlk yazımı 14 yaşımda yazıb ata və anama oxuyanda atam: "Sən də yazıçı oldun" - dedi. Amma 21 yaşıma qədər yazdığım yazıların heç birinin çap olunmağına icazə vermədi. "Ötən ilin son gecəsi" adlı hekayəmi yazanda oxudu və "bunu çap etdirə bilərsən" - dedi və ilk yazım jurnalda belə çıxdı". Bu, 1960-cı illərdə olmuşdu. Anarın ilk mətbu əsərləri "Ötən ilin son gecəsi" və "Bayram həsrətində" hekayələri "Azərbaycan" jurnalının 1960-cı il dekabr nömrəsində dərc edilmişdi.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi"... Bu əsəri çoxları kimi, mən də sevmişəm. Səbəb isə çoxdur... Ümumiyyətlə, Anar yaratdığı obrazlar haqqında mənfi və ya müsbət fikir söyləmir, onları "dəyərləndirməyi" oxucunun ixtiyarına buraxır. Onun əksər qəhrəmanları şəhər mühitində böyümüş, həyatın dolanbaclarından keçən sadə adamlardır, amma bu sadəlikdə bir mürəkkəblik də vardır. Müəllifin ən məşhur əsərlərindən biri olan "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə də belədir. Dəfələrlə nəşr edilən, səhnələşdirilən, ekranlaşdırılan əsərin belə maraq doğurmasının səbəblərini geniş şəkildə araşdırmadan yalnız bunu demək olar ki, roman təkcə öz məzmunu ilə deyil, həm də mahiyyəti ilə cəzbedicidir. Oxucu, yaxud tamaşaçı əsərin qəhrəmanları ilə bağlı bir sıra sadə və mürəkkəb suallarla üzbəüz qalır: niyə? nə üçün? nəyə görə? Ədəbiyyat tənqidçilərinin bəziləri belə hesab edir ki, meydana çıxan əksər suallara elə müəllifin özü də konkret cavab verə bilməz. Hətta romanın qəhrəmanları belə öz etdikləri və etmədikləri hərəkətlərin səbəbini birmənalı qiymətləndirməkdə aciz görünə bilərlər. Ciddi ədəbi tənqid roman haqqında öz sözünü desə də, obrazlarla bağlı mübahisələr bu gün də səngimir. Yəni əsəri sevənlər kimi, onu "qəbul etməyənlər" də var. Bu da təbiidir, axı oxucu zövqü də müxtəlifdir.

Yazıçı Anarın bədii əsərləri dərin ictimai məzmuna malikdir. Ən aktual məsələlər bu əsərlərdə böyük məharətlə bədii cəhətdən əsaslandırılmış şəkildə əks etdirilir. O, novator yazıçıdır, ədəbiyyatımıza, sadəcə, müşahidə etdiyi deyil, kəşf etdiyi həyat materialını və yeni imkanı gətirmişdir. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Macal" və başqa əsərlərində təsvir edilən hadisələr, insanlar yazıçının özünə qədər və hətta özündən sonra da ədəbiyyatda heç bir qələm ustadının əsərlərinə rast gəlmədiyimiz hadisə və bənzərsiz obrazlardır. Bu əsərlərin mövzusu da, süjeti də, obrazları da Anara məxsusdur.

Müsahibələrinin birində müxbirin: "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı mənim digər əsərlərimi kölgədə qoydu demisiniz. Sizcə bu əsər niyə bu qədər populyar oldu?" - sualına cavabında demişdi: "...Filmin də çox təsiri oldu yəqin. Bir də, təəssüf ki, o əsərin üst qatını qavrayırlar, alt qatını yox. Mən bunu dəfələrlə demişəm. Əsərin üst qatı sevgi romanıdır. Sevgi romanları isə həmişə populyar olur. Hətta hərdən "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni bulvar romanı da hesab edirlər. Onda gərək "Madam Bovari", "Anna Karenina" da bulvar romanı hesab oluna. Bu, düzgün deyil. Bu təkcə sevgi romanı deyil. Sevgi süjetinin ardında azad olmayan cəmiyyətdə azad insanın faciəsi dayanır... oxucu gərək zahiri süjetin arxasında alt qatın olduğunu anlasın. Bu roman mənim üçün önəmli əsərdir...".

Bir nasir kimi tanındı Anar. "Dantenin yubileyi", "Mən, sən, o və telefon", "Taksi və vaxt", "Dördçahar", "Ləyaqət", "Dağ dağa qovuşmaz", "Yaxşı padşahın nağılı" və s. əsərlərində dövrün problemlərini, sovetlər sisteminin iç üzünü açıb göstərdi. "Vahimə"də Azərbaycan insanının içinə düşdüyü Qarabağ psixozuna, "Mütləq görüşəcəyik"də Azərbaycan və Türkiyə ziyalılarının tragikomik əlaqələrinə, "Ağ qoç, qara qoç"da müasir Azərbaycanı gözləyən problemlərə şahid olur, bunları dərindən hiss edirsən.

Anar XX əsrin ikinci yarısı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələri arasında da fəxri yer tuta bildi: "Adamın adamı", "Şəhərin yay günləri", "Şəhərin qış günləri", "Sizi deyib gəlmişəm" və s. əsərlərdə öz sözünü dedi, ssenariləri ilə dramaturgiyada yeni səhifələr açdı. Kino isə onun yaradıcılığında önəmli yer tutdu. "Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Ötən ilin son gecəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı", "Cavid ömrü", "Sübhün səfiri", "Üzeyir ömrü", "Qəm pəncərəsi" və s. filmlərin ssenari müəllifi olmaqla yanaşı, quruluşçu rejissoru da oldu.

Əsərləri digər ölkələrin kinematoqrafçılarının diqqətini də çəkib. "Mən, sən, o və telefon" hekayəsi əsasında "Mosfilm"də "Hər axşam 11-də" filmi (ssenari E.Radzinski, rejissor S.Samsonov) adı altında ekranlaşdırılıb. Eyni hekayə əsasında Türkiyədə də bədii film, "Dantenin yubileyi" povesti əsasında "Aktyorun əsgisi" adlı bədii film çəkilib.

Anar yaradıcılığında poeziya da müəyyən yer tutur. Doğrudur, şeir yazmağı, sadəcə həvəs adlandırsa da, hətta "həvəsdi-bəsdi" desə də, yenə yazıb. Bu isə onu göstərir ki, içində şeir yazmaq odu varmış və o da hərdən közərirmiş. Sən demə, elə nəsrindəki hamını cazibə qüvvəsində saxlayan lirizmin kökü də məhz buradan qidalanırmış, şeiriyyətdən...

Xalq yazıçısı Anar Rzayev 1938-ci il martın 14-də dünyaya gəlib, ömrünün 86-cı baharındadır. Deməli, 86 payızı, qışı, yayı arxada qoyub, ömür gündəliyinin hər səhifəsini naxışlayıb, özü bildiyi, düşündüyü kimi. Və bir gün: "Anar Azərbaycan üçün kimdir?" sualına: "Bütün ömrü, şüurlu həyatı boyu xalqının ədəbiyyatı, dili, mədəniyyəti yolunda çalışmış adam", - deyə cavab verib. Keçdiyi həyat yolunu isə qısa olaraq yazdığı bu misralarla dəyərləndirib:

Özgələrçün əlləş, çalış,

Özün üçün yaşamamış,

Yaşamağa başlamamış

Öldüyüm üçün ağlaram.

Təbii ki, yazımızı bədbin notlarla bitirmək istəməzdik, ancaq bu da bir həqiqətdir ki, ömür əbədi deyil, hər zaman kükrəyib, su kimi axıb gedir, bizdən sonra nələrsə qalır. Yazıçı Anardan gələcək nəsillərə isə çox şey qalacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".