NƏCİB VƏ İNSANİ JEST
Diaspora

NƏCİB VƏ İNSANİ JEST

Rusiyalı politoloq İqor Korotçenko Bakıdan Xankəndiyə humanitar yardımın göndərilməsini şərh etmişdir

Məlum olduğu kimi, avqustun 29-da Bakı Ağdam yolu ilə Xankəndi şəhərinə 40 ton humanitar yardım göndərmişdir. İlkin mərhələdə humanitar yardım un və un məmulatlarından ibarətdir. Verilən məlumata görə, Xankəndi şəhərində yaşayan əhalinin ehtiyaclarını qiymətləndirmək mümkün olarsa, o zaman digər zəruri məhsulların da göndərilməsi mümkündür.

Göründüyü kimi, Azərbaycan öz ərazisində yaşayan erməni əsilli vətəndaşlarına qarşı olduqca humanist bir addım atmışdır. Dünyaya "blokada", "aclıq" haqqında yalan və iftiralarla dolu məlumatları həyasızcasına yayan separatçı qaragüruhdan fərqli olaraq, sadə ermənilərin həqiqətən qida məhsullarına ehtiyacı varsa, onlar bu yükü böyük məmnunluqla qəbul etməlidirlər. Yox, imtina edəcəkləri təqdirdə, bu, o demək olacaq ki, Xankəndidə bəlli qüvvələr tərəfindən ermənisayağı daha bir bəsit şou təşkil edilmişdir.

Bu məsələ ilə əlaqədar məşhur rusiyalı politoloq, "Voyennoye obozreniye" jurnalının baş redaktoru İqor Korotçenko öz fikirlərini bildirərək Bakının sözügedən humanist addımını belə dəyərləndirmişdir: "Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin Xankəndi şəhərinə humanitar yardım göndərməsi, hesab edirəm ki, nəsib və insani bir jestdir və onu göstərir ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə öz vətəndaşları kimi yanaşır. Təəssüf ki, bu gün onlar separatçı bir rejimin girovluğundadır. Həmin rejim tamamilə qanunsuz şəkildə hakimiyyət səlahiyyətlərini həyata keçirmək niyyətini ortaya qoyur və ictimai əhval-ruhiyyəsi, mülki vətəndaşların taleləri ilə manipulyasiya edir. Separatçıların başçıları iddia etdikləri kimi, əgər Qarabağda kənardan yardımların göstərilməsinə ehtiyac duyulan bir vəziyyət yaranırsa, onda Azərbaycan bu yardımı real bir şəkildə təqdim edir. Bu, Xankəndiyə göndərilən 40 ton həcmində humanitar yardımdır. Məsələ bundadır ki, separatçıların buna reaksiyası necə olacaq. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti böyük məmnuniyyətlə bu yardımı qəbul edib, Bakıya təşəkkürlərini bildirərdi. Lakin hakimiyyəti qəsb edənlər və qanunsuz surətdə hakimiyyət səlahiyyətlərini mənimsəyənlər üçün bu, təkcə bir siyasət deyil, həm də biznesdir və xarici, Qərb banklarında açdıqları konkret hesablara hakimiyyət səlahiyyətlərinin konvertasiya edilməsi deməkdir. Əlbəttə, separatçı rejim tərəfindən provokasiyalar, humanitar yardımdan imtina olunmasını, müəyyən güc, zorakı hərəkətlər də gözləmək olar. Odur ki, vəziyyətin necə inkişaf edəcəyini diqqətlə izləyəcəyik. Ancaq istənilən obyektiv, qərəzsiz analitik, ekspert, siyasi xadim üçün tamamilə aydındır ki, Azərbaycan sülh, yardım və dostluq əlini uzadır. Lakin əks tərəfdən nələrin olacağını biz artıq yaxın zamanda biləcəyik".

“Respublika”.