Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Utusan Malaysia": Bakı Ümumdünya Şəhər Forumunu keçirməyə hazırdır - Azərbaycan yüksək səviyyəli tədbirlər üçün qlobal mərkəz rolunu oynayır

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nüfuzlu Ümumdünya Şəhər Forumuna evsahibliyi etməyə hazırlaşır. Belə ki, 13-cü Ümumdünya Şəhər Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi gözlənilir. Bu barədə Keniyada keçirilən BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyası zamanı məlumat verilib. Qeyd edək ki, BMT-nin 2001-ci ildə qəbul etdiyi müvafiq qətnaməyə əsasən forum iki ildən bir dünyanın ən nüfuzlu şəhərlərində keçirilir.

Nəşr qeyd edib ki, Azərbaycanın yüksək səviyyəli tədbirlərə evsahibliyi etməsi onun nüfuzunu artırır. Beynəlxalq arenada müzakirələr üçün əlverişli mühit yaratmaq bacarığı Bakının müxtəlif qlobal tədbirlərin keçirilməsi üçün dinamik və cəlbedici məkan olduğunu təsdiq edir.

"Vestnik Kavkaza": Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması mövzusunda iclas keçiriləcək.

"Vestnik Kavkaza" xəbər verir ki, toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.

İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.

"TASNİM": ABŞ-ın yeni səfiri Azərbaycana gəlib

Birləşmiş Ştatların yeni təyin olunmuş səfiri Mark Libbi Bakıya gəlib.

Bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Xəbərdə qeyd olunub ki, yeni səfir Azərbaycan dilində ilk açıqlamasını da verib. Libbi bildirib ki, Bakıda olmaqdan çox xoşbəxtdir. Etimadnaməsini təqdim etmək, ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülh naminə çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycanda səfir postuna namizədliyini ötən ilin mayında irəli sürüb. Bir neçə həftə əvvəl isə Birləşmiş Ştatlar Senatı Mark Libbini Azərbaycanda səfir vəzifəsinə təsdiqləyib.

"Turkic World": Azərbaycan 2024-cü ildə GUAM-a sədrlik edəcək

Ukraynanın GUAM-a 2023-cü ildə sədrliyi dövründə üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və bu nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə qarşılıqlı yanaşma prioritet məsələlər olub.

Ölkəmizin 2020-ci ildə təşkilata sədrliyi zamanı enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi prioritet təşkil edib. Azərbaycan yanvarın 1-dən GUAM-a növbəti dəfə sədrlik edəcək.

"İslamabad Post": Azərbaycan, Rumıniya, Malayziya və Avstraliya səlahiyyətli nümayəndələri hokkey sessiyasına qatılıblar

"İslamabad Post" xəbər saytı yazır ki, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov, Rumıniyanın müvəqqəti işlər vəkili Eduard Preda, Malayziyanın Ali komissarı Azhar Mazlan və Avstraliyanın Ali komissarı Neil Hawkins "Rising Stars" Hokkey Klubunun məşq prosesində iştirak ediblər.

"Respublika".