Sosial həyat

"Turan yolu – Zəngəzurum" adlı əsərin təqdimatı

Cəmiyyətin inkişafına güclü stimul verən mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişmiqyaslı layihələrdə öz əksini tapmışdır.

Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. Görkəmli sənət adamlarının - şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin beynəlxalq səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.

Dünyanın bir çox ölkələrində Azərbaycanın mənəvi irsi təbliğ olunur. Filmlərimizin premyeraları keçirilir, rəssamlarımızın sərgiləri təşkil olunur, milli musiqimiz böyük konsert salonlarında səslənir.

Mayın 3-də Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə dekorativ tətbiqi sənət ustaları Lalə, Toğrul və İsgəndər Sərdarlıların ərsəyə gətirdiyi "Turan yolu - Zəngəzurum" adlı əsərin təqdimatı oldu. Yunus Əmrə  İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, dekorativ tətbiqi sənət ustaları Lalə, Toğrul və İsgəndər Sərdarlıların əsərləri nümayiş etdirildi. Sərgidə Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, mədəni irs incilərini tərənnüm edən özünəməxsus üslubda işlənmiş dekorativ tətbiqi sənət nümunələri və digər əsərlər təqdim edildi. Sərdarlılar ailəsinin yaratdıqları sandıq, mücrü və zinət əşyaları Azərbaycan mədəniyyət tarixində ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilmişdir. Sərginin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin yenidən günümüzə qayıdışını təbliğ etmək, Qərbi Azərbaycanda vandallıqla məhv edilmiş mədəni irs nümunələrimizin yenidən dekorativ tətbiqi sənət əsərlərində tərənnüm edilməsini təşviq etməkdir.

Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selcuk Karakılıç, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev və Türkiyə Böyük Millət Məclisinin deputatı Doğan Bekin sərginin əhəmiyyətindən danışıblar. Onlar Sərdarlılar ailəsinin yaradıcılığına xüsusi dəyər verdiklərini qeyd ediblər.

Qərbi azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, mədəni irs incilərini tərənnüm edən özünəməxsus üslubda işlənmiş dekorativ tətbiqi sənət nümunələri və digər əsərlər milli koloriti və orijinallığı ilə göz oxşayıb.

Qeyd edək ki, hazırda Sərdarlılar ailəsinin bir sıra əsərləri Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Aiza ŞABANOVA,

"Respublika".