Brendə çevrilən təşəbbüs
Siyasət

Brendə çevrilən təşəbbüs

Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması vacib məsələdir. Qarşılıqlı əməkdaşlıq, fikir mübadilələri inkişafı qaçılmaz etdiyi qədər qlobal problemlərin də qarşısını alır.

Hazırda ölkələr arasında inteqrasiya imkanları əvvəlkinə nisbətən daha əlverişlidir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı da məhz buna təkan verir. Bu da ölkələrin təcrübələrini dialoq formatında bölüşmək imkanı yaradır. Respublikamızda müxtəlif dinə, mədəniyyətə malik insanlar bir ailə kimi yaşayırlar. Müstəqilliyimizin ilk illərində yaşadığımız çətinliklər, torpaqlarımızın düşmən tapdağı altına düşməsi bizi heç də aqressiv etmədi. Azərbaycan xalqı açıqürəkli, mehribandır. Bu gün fərqli mədəniyyətlərə, dinlərə mənsub şəxslər bir arada təhsil alır, işləyir, fəaliyyət göstərir.

Artıq dünyada brendə çevrilən "Bakı Prosesi" də ölkəmizin mühüm təşəbbüsüdür. Proses qlobal miqyasda mədəniyyətlərarası dialoqa, birgəyaşayışa töhfə vermək məqsədi daşıyır və dünya gündəliyinə daxil olub. Bu günlərdə "Bakı Prosesi" çərçivəsində paytaxtımız daha bir mötəbər tədbirə - "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi edib. Açılış mərasimi mayın 1-də Bakı Konqres Mərkəzində baş tutan Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilib. 100-dən çox ölkəni təmsil edən 700 qonaq paytaxt Bakıya gəlib. Müzakirə olunan mövzular arasında təhsil, gənclər siyasəti, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edən məsələlər yer alıb. Forumda çıxış edən Prezident İlham Əliyev tədbirin gündəliyinin kifayət qədər geniş olduğuna diqqət çəkib. "Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?".

Forumun builki mövzusu olduqca diqqətçəkəndir. Təəssüf ki, hazırda beynəlxalq arenada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Bu gün dünyamız bölünür, qütbləşmə kəskin şəkildə artıb. Qanlı savaşlar, imperialist güc mərkəzləri tərəfindən dəstək verilən rəngli inqilablar ayrı-ayrı xalqların dövlətçilik ənənələrini pozub. Bir vaxt çiçəklənən şəhər və kəndlər dağıdılır, ölkələrin sərvətləri talan edilir. Qəzzada yaşanan insanlıq faciəsi, Rusiya-Ukrayna müharibəsi, İranla İsrail arasında davam edən gərginliklər dünyanı daha qeyri-stabil məkana çevirir. Təəssüf ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Lakin necə deyərlər, "hər dərdin bir dərmanı var". Birgəyaşayış, sülh və təhlükəsizlik üçün çağırışlar mütləq diqqətə alınmalı və bu istiqamətdə ciddi səylər göstərilməlidir. Bu xüsusda paytaxt Bakıda baş tutan forumun xüsusi önəmi var. Tədbir fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq mübadilə üçün platforma yaradır.

Əsas müzakirə mövzularından biri olan çoxtərəflilikdə isə Azərbaycan artıq çoxdan öz sözünü deyib. BMT-dən sonra ikinci ən böyük təsisat olan, 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu anlayış təşviq olunur. Ölkəmiz Hərəkatın daha da fəallaşmasına çalışdı, yüksək səviyyəli işlər gördü. Azərbaycanın xüsusi təşəbbüsü ilə daxildə şəbəkə yaradıldı, qadınların və gənclərin təşkilatları təsis edildi. Təkcə ölkəmizdə deyil, sərhəddən kənarda bir sıra qurumlar tərəfindən sıxışdırılmağa çalışılan dövlətlərin də sözün əsl mənasında əllərindən tutduq. Qoşulmama Hərəkatının sədri kimi yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni daim diqqətdə saxladıq. Bununla yanaşı, davamlı olaraq xalqları neokolonializmə qarşı mübarizəyə səsləyirik. Qorxmadan, cəsarətlə öz sözümüzü deyib, haqqı tələb edirik. Avropa Parlamenti və AŞPA kimi bir sıra Avropa ölkələrinin apardığı qərəzli siyasətə isə susmuruq. Odur ki, bu cəsarətimizi görən dövlətlər rahatlıqla digər mötəbər tədbirlərin məhz paytaxt Bakıda keçirilməsinə səs verir.

 Qərb ilə Şərq arasında yerləşən Odlar yurdu etibarlı məkandır. Bu xüsusda noyabrda baş tutacaq BMT-nin ən böyük tədbirlərindən olan COP29-da iştirak etmək üçün minlərlə xarici vətəndaş Azərbaycana axın edəcək. Ölkəmizin təkcə təhlükəsiz olması deyil, həm də bərpaolunan və "yaşıl enerji" sahəsində gördüyü işlər bu tədbirin keçirilməsinə əsas verir. Dövlət başçımızın işğaldan azad edilmiş torpaqları "yaşıl enerji zonası" elan etməsi də bu yolda atılmış ən böyük addımlardandır. Qeyd edək ki, 2022-2026-cı illər üzrə tədbirlər planı artıq təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Buna isə respublikamızın bərpa olunan enerji mənbələrinin yüksək potensialı təkan verir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə 2011-ci ildə, sonra isə 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıb. Builki tədbirin qonaqlarından biri olan BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos bildirib ki, dialoq sülhə aparan yoldur və biz parçalanmış keçmişdən ümumi ortaq gələcəyimizə addımlayacağıq. "İstərdik ki, bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürək. Bu kontekstdən çıxış edərək qlobal səviyyədə səylərimizi davam etdirəcəyik. İstərdik ki, insanlar arasında etimad daha da bərpa olunsun. Cənab Prezident, "Bakı Prosesi" bizə lazımdır. Ümid edirəm ki, burada aparılan müzakirələr və bu Forum parlaq gələcəyimizə töhfə verəcək", - deyə BMT rəsmisi vurğulayıb.

Yüksək səviyyədə keçən forum dünya mediasının da diqqət mərkəzində olub. Türkiyə, Rusiya, Ukrayna, Serbiya, Mərakeş, Əlcəzair və digər ölkələrin dövlət və özəl media qurumlarında ümumilikdə forum və cənab İlham Əliyevin çıxışı haqqında geniş yazılar dərc edilib. Beynəlxalq mətbuat xəbərləri oxuculara "Əliyev neokolonialistlərə meydan oxudu: Biz imkan verə bilmərik ki, bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın", "Dünya neokolonializmin iyrənc praktikasına göz yummamalıdır" və digər sərlövhələrlə təqdim edib. Onlardan biri belə yazır: "Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır".

1-3 may tarixlərini əhatə edən Forumda 4 plenar sessiya və 12 panel müzakirə keçirilib, həmçinin iştirakçılar işğaldan azad edilmiş ərazilərimizə də səfər ediblər. Belə ki, Füzuli Beynəlxalq Hava Limanına enən qonaqlar Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev tərəfindən qarşılanıb. Yerli və beynəlxalq nümayəndələr Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyaya qatılıblar. Sessiyadan sonra iştirakçılar qədim diyarımız olan Ağdamın bir sıra görməli yerlərini və pisniyyətli qüvvələr tərəfindən dağıdılan, xarabalığa çevrilən ərazilərini ziyarət ediblər. Bütün tarixi məlumatlar iştirakçılara şəffaflıqla çatdırılıb. Bir daha sübut edilib ki, Azərbaycan sülh, əmin-amanlıq və hər iki dövlətin əhalisinin rifahını istəyir və bu istiqamətdə addımlar atır. Yəni postmüharibə dövründə heç bir vasitəçiyə ehtiyac duymadan işlər görülüb. Bu gün sərhədlərin delimitasiyası ilə yanaşı, demarkasiyasının başlamasına iki ölkə arasında aparılan dialoqlarla nail olunub. Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycan Respublikası əlindən gələni edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".