Beynəlxalq Ədalət Məhkəməsinin obyektiv qərarı
Diaspora

Beynəlxalq Ədalət Məhkəməsinin obyektiv qərarı

İndi nə dünya o dünyadır, nə də zaman o zaman. Bir vaxtlar ədalətsiz siyasət meydanında haqqı tapdanan Azərbaycan indi elə o meydanda öz sözünü deyir. İndi beynəlxalq aləmdə Azərbaycanın məqsədyönlü siyasətini dəstəkləyir, haqq işimizi, qələbəmizi, siyasi uğurumuzu, iqtisadi inkişafımızı alqışlayırlar. Ona görə ki, dünya dövlətlərinin böyük əksəriyyətinin siyasi baxışı, iqtisadi marağı Azərbaycanda kəsişir. Azərbaycan tranzit ölkə kimi Avropa ilə Asiyanı bir-birinə qovuşduran körpü rolunu oynayır.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul 2023-cü il tarixli qərarı ilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib. Belə ki, Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci il 21 dekabr tarixli Qərarı pozduğunu müəyyən etməyib.

Bununla da Beynəlxalq Ədalət Məhkəməsi növbəti erməni yalanlarını ifşa edib. Ermənistan ötən illər ərzində öz yalan və böhtan təbliğatları ilə dünyada anti-Azərbaycan kampaniyası aparıb, dünyanı öz oyunlarına inandıra bilib. Lakin zaman artıq həqiqətləri üzə çıxardı.

Azərbaycanın haqq səsini, ədalətli mübarizəsini bütün dünya dəstəklədi. Daha Ermənistan öz yalanları ilə dünyanı aldada bilmir. İndi bütün dünya Azərbaycanı haqlı tərəf kimi tanıyır və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olaraq qəbul edir. 200 ilə yaxındır ki, Ermənistan məskunlaşdığı Azərbaycan ərazilərini öz torpaqları olaraq mənimsəmək, zəbt etmək istəyir. Ötən iki əsrlik müddət ərzində haylar havadarlarının köməyi ilə Azərbaycanın böyük bir hissəsini zəbt ediblər. Qərbi Azərbaycanın bütün azərbaycanlı sakinlərini ərazidən deportasiya ediblər. Bu proses ötən əsrdə bir neçə dəfə təkrarlansa da, nəticədə azərbaycanlılar öz yurd-yuvalarına qayıtmışlar. Lakin 1989-1990-cı illərin əvvəllərində haylar yenidən məqsədli şəkildə azərbaycanlıları tarixi torpaqlarından didərgin salmışlar. Ətəyində süründüyü bəzi dövlətlərin köməyi ilə "dənizdən-dənizə" prinsipinə uyğun olaraq bir az da irəli getmişlər.

Nəticədə Azərbaycanın 1 milyon əhalisi məcburi köçkün düşmüş, erməni vəhşiliyinin bütün ağrılarını yaşamışlar. Ermənilər ərazilərimizi işğal etməklə yanaşı, azərbaycanlılara olmazın müsibətlər yaşatmış, ən dəhşətli terror hadisələri həyata keçirmişlər. Xocalı faciəsi kimi müsibəti xalqımızın başına gətirmişlər. O zamanlar onları buna görə heç kim qınamamış, günahkar hesab etməmişdir. Lakin 2020-ci ilin 27 sentyabrında ermənilərin yenidən ərazilərimizə silahlı hücumuna əks-hücumla cavab verən Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüz təmin olundu. Ermənistan isə öz biabırçı məğlubiyyəti ilə barışa bilmədiyindən fürsət düşən kimi bölgədə gərginlik yaratmağa çalışır. Gizli yollarla Qarabağa silahlı dəstələr, muzdlu döyüşçülər yerləşdirməyə cəhd edir. Azərbaycan isə artıq düşmənin qarşısında böyük bir sədd çəkib. Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi ermənilərin xain planları qarşısında ən böyük maneədir.

Ermənistanın növbəti təxribat və təşviqat planı da məhz Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi yönündə idi. Onlar aləmə car çəkirdilər ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı təzyiq edir. Əslində isə Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın sülh və asayişi qorumaq istiqamətində həyata keçirdiyi ən mühüm addımlardan biridir. Dövlətimiz bu addımı ilə həm ərazilərini düşmənin hücumlarından qoruyur, həm də bölgədə yaşayan insanların irqindən, dinindən və millətindən asılı olmayaraq təhlükəsizliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bu haqda demişdir: "Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxlaq qaydalara uyğun olaraq təmin edilib". Ölkə başçısı onu da xüsusi olaraq vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar da Azərbaycanın haqq işini, ədalətli mövqeyini dəstəkləyir.

Ramidə YAQUBQIZI,

"Respublika"