Müstəmləkəçilik siyasəti Fransanı uçuruma aparır
Siyasət

Müstəmləkəçilik siyasəti Fransanı uçuruma aparır

Son dövrlərdə Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə qarşı etirazlar daha da alovlanıb. Əzəldən bəri Afrika ilə yanaşı, müxtəlif regionlarda bir sıra ölkələri öz asılılığına salan, xalqlarına qarşı ağır qətliamlar törədən Fransa bu gün həm xarici, həm də daxili siyasətində ciddi problemlər ilə üz-üzədir. Makron hakimiyyətinin səriştəsizliyi ucbatından rəsmi Paris keçmiş müstəmləkələrindən biabırçı şəkildə qovulur. Keçmiş müstəmləkələrində Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən artır. Aksiyalarda konkret tələblər qoyulmaqla yanaşı, müstəqillik barədə fikirlər də irəli sürülür.

Bu gün Fransanın törətdiyi cinayətlərin dünyada ifşa olunmasında Azərbaycanın rolu danılmazdır. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq konfranslarda, forumlarda Fransa müstəmləkəçiliyinə qarşı haqlı etirazlar diqqətə çatdırılır. Hətta bu tədbirlərdə keçmiş koloniyaları təmsil edən şəxslər də iştirak edir. Onların fikirləri isə ortaqdır: müstəmləkə zəncirlərini qıraraq müstəqil olmaq...

Fransanın cinayətkar siyasətinə son qoymaq məqsədilə Bakıda birgə fəaliyyət proqramı - Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu yaxınlarda Yeni Kaledoniyada fransızların neokolonializm siyasətinə qarşı etiraz aksiyasının keçirilməsi artıq Azərbaycanın atdığı addımların nəticəsi kimi xarakterizə olunur. Fransanın Xarici işlər naziri Cerald Dermanenin səfərinə etiraz olaraq baş tutan aksiyaya 10 minə yaxın insan qoşulub, müstəqillik tələb ediblər. Aksiya iştirakçıları Fransanın müstəmləkə siyasətini ifşa edən dövlətlərin bayrağını qaldırıblar. Onların arasında Azərbaycan bayrağının dalğalandırılması Fransa zülmündən əziyyət çəkən xalqların ölkəmizin gördüyü işləri yüksək qiymətləndirdiyinin əyani sübutudur. Respublikamız dəfələrlə neokolonializmlə mübarizə aparan xalqlara öz dəstəyini göstərib. Müasir fransız neokolonializminin mənfi təzahürü özünü Afrika ölkələri ilə yanaşı, Sakit okeanın ada dövlətlərində, Hind və Atlantik okeanında da büruzə verir. Bu gün Qoşulmama Hərəkatı neokolonializmə qarşı çıxan qlobal əhəmiyyətli platformalarından birinə çevrilib. Məhz bu platformanın yardımı ilə Qərbin müstəmləkəçilik siyasəti ifşa edilir. Hazırda xarici işğaldan əziyyət çəkən ölkələr və xalqlar QH-yə öz haqq səslərini duyuracaq platforma kimi yanaşırlar.

Bu gün Yeni Kaledoniya başda olmaqla, Fransanın müstəmləkəsi altında olan ölkələr Parisin zülmündən cana gəliblər. Kaledoniyalılar iddia edirlər ki, hələ COVID-19 pandemiyasının tüğyan etdiyi zaman ərazidə keçirilən referendumum nəticələri təhrif olunub. Bu baxımdan, Yeni Kaledoniya sakinləri öz müqəddəratını təyin etmək hüququna malik olduqlarını daim vurğulayırlar. Fransa kənardan mübarizənin guya fransız xalqına qarşı aparılması ilə bağlı görüntü yaratmağa çalışsa da yalandır. Çünki Yeni Kaledoniya Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparır.

Vəziyyətin bu həddə çatmasında isə indiki prezident Emmanuel Makron günahlandırılır. Yeni Kaledoniya xalqı iddia edir ki, Paris onların azadlıqlarını boğmağa çalışır. Amma mövcud vəziyyət heç də Fransanın xeyrinə deyil. Çünki Makron hakimiyyəti artıq Afrikada və digər ərazilərdə mövqeyi ilə yanaşı, gəlirlərini də itirib. Məsələn, Niger son hakimiyyət dəyişikliyinə qədər Fransanın "gəlir mənbəyi" hesab olunurdu. Bu isə Fransanın nüvə enerjisinin əsas elementi olan uran ilə bağlı idi. Çünki Parisin istehlak etdiyi uranın təqribi 40 faizi məhz Nigerdən alınır. Hazırda Makron bu gəlirdən məhrum olub. Bütün bunlar deməyə əsas verir ki, Fransanın sonu heç də yaxşı olmayacaq. Ölkə başçımızın dəfələrlə vurğuladığı kimi, Fransa törətdiyi bütün cinayətlərə görə üzr istəməli, müstəmləkə siyasətinə son qoymalıdır.

N.BEYDİYEVA,

"Respublika".