Arzu Nağıyev:
Siyasət

Arzu Nağıyev: "Delimitasiya və demarkasiya ilə bağlı görüşlərin sonu sülh müqaviləsinin imzalanması üçün açılan bir perspektividir"

"Məlumdur ki, 30 noyabr tarixində Azərbaycan və Ermənistan arasında Qazax rayonu ilə sərhəd ərazidə delimitasiya üzrə dövlət komissiyasının görüşü baş tutub.  Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfdən isə erməni həmkarı Mqer Qriqoryan iştirak edib. Son görüş bu ilin iyul ayında dövlət sərhədində olmuşdu. Görüş çərçivəsində hazırda Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin həm demarkasiyası, həm delimitasiya məsələsinin müzakirəsi keçirilib".

Bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev "Respublika"-ya açıqlamasında bildirib.

"Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Bu delimitasiya komissiyasının sayca beşinci görüşüdür. İndiyə qədər dörd görüş keçirilib, ikisi sərhəddə-Qazax istiqamətində, digərləri isə Moskvada və Brüsseldə baş tutub. Nəticələr danışıqların davam etdirilməsi üzrə razılaşma və yaxud danışıqların davamı şəklində razılaşdırılıb ki, bu dəfə də eyni ssenari baş tutub.
Əsas məqam ondan ibarətdir ki, bu, delimitasiya və demarkasiya ilə bağlı görüşlərin sonu sülh müqaviləsinin imzalanması üçün açılan bir perspektividir. Yəni burada da bir sıra problemlər var".

Deputat, həmçinin qeyd edib ki, Ermənistan ciddi şəkildə delimitasiyanı 1991-ci il, Almatı deklarasiyasına uyğun reallaşdırmaq istəyir. 

"Hayastan, 1974 və 1990-cı illərin SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahın xəritələrindən istifadə etməyə çalışırlar. Rəsmi İrəvan ciddi şəkildə Ermənistan ərazisinin 29,8, Azərbaycan ərazisinin isə 86,6 min kvadrat kilometr olması məsələsini ortaya atıblar. Lakin bu heç də belə deyil. Burada Rəsmi Bakının edəcəyi əlavələr var və burada nüanslar nəzərə alınmalıdır. Yəni burada sərhədlər, həmçinin xəritələrlə bağlı fikir ayrılığı var. Əsas məqam odur ki, Azərbaycana aid olan Qazaxın 7 və Naxçıvavanın Kərki kəndi azad edilməlidir. Bu, mütləq şəkildə lazımdır. Çünki ermənilər bu kəndləri öz torpaqları kimi qələmə vermək istəyir".

Nurlan ABDALOV,

"Respublika".