Səriştəsiz AXC-Müsavat idarəçiliyinin iflası
Siyasət

Səriştəsiz AXC-Müsavat idarəçiliyinin iflası

1993 -cü il iyunun 4-də Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Məlum hadisə zamanı 35 nəfər həlak oldu və "Gəncə hadisələri" AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. Çünki sözügedən hökumət Surət Hüseynovu və onun qanunsuz silahlı hərbi birləşmələrini zərərsizləşdirmək əvəzinə, məkrli planlarını həyata keçirmək üçün bu qüvvələrin yolunu açmışdı.

Ümumiyyətlə, 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı, məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünyagörüşü əsas götürülmürdü. Rəhbərlik bir qayda olaraq ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət və səriştə məsələlərinə önəm verən yox idi. Orduda da vəziyyət gündən-günə ağırlaşır, fərarilik halları getdikcə artırdı, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin girovuna çevrilirdi.

AXC-Müsavat hakimiyyətinin Azərbaycan xalqına vurduğu ən böyük zərbə isə Qarabağın itirilməsi, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi oldu. 1991-92-ci illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələri yıxmaq, hakimiyyəti ələ keçirmək istəyən AXC təmsilçiləri regionlarda olan strukturların fəaliyyətini iflic hala salır, cəbhə bölgələrində döyüşən silahlı dəstələri öz nəzarətləri altına alır, lazımi anda isə həmin dəstələri məhz maraqlarına uyğun davranmağa istiqamətləndirirdilər. Bir sıra rayonlarda hakimiyyəti əldə etmək üçün qəsdən qarşıdurmalar yaradırdılar. Şuşanın, Laçının və Kəlbəcərin işğal edilməsi də birmənalı olaraq AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. Tarixi torpaqlarımızın Ermənistana verilməsi hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün çirkin niyyətlərinə çatmaları üçün bir fürsət idi. Onlar çalışırdılar ki, torpaqlarımızın işğalı sürətlənsin, xalq ayağa qalxsın, Bakıda siyasi sabitlik pozulsun. Bununla da onlar öz məqsədlərinə çata bilsinlər. Təsadüfi deyil ki, AXC-Müsavat xəyanətkar cütlüyü məhz Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bu isə daha böyük faciələrə yol açdı. 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü.

Gəncə hadisələrinə zəmin yaradan da məhz bu hökumətin dövründə baş alıb gedən özbaşınalıq, anarxiya və xaos idi. Bu, 7 iyun 1993-cü ildə Əbülfəz Elçibəyin yanında keçirilən müşavirədə daha bariz şəkildə hiss olunurdu. Gəncə hadisələrinə həsr olunan iclası açan Elçibəyin çıxışı ona işarə edirdi ki, prezident idarə etdiyi ölkənin ərazisində baş verən vətəndaş qarşıdurmasından, günahsız insanların qanının tökülməsindən bixəbər idi.

"Məlumatların bir hissəsi müxtəlif insanlardan gəlir, bir hissəsi orada-buradakı söhbətlərdən, digər qismini də avtobuslarda danışılanlardan eşidirik. Məlumatlar tam şəkildə əlimizdə yoxdur. Bizə vaxt lazımdır ki, baş verənlər aydın olsun. İndi nə olacaq, nə olmayacaq bilmirəm. Amma bir dəfə demişəm, indi də deyirəm ki, bir həsirəm, bir də Məmmədnəsir. Bu həsirimi ataram çiynimə, hakimiyyətdən gedərəm evimə".

Bu açıqlamadan cəmi 11 gün sonra, yəni iyunun 18-i səhər saatlarında ölkə əhalisi, xüsusilə də Elçibəyin iqtidar komandasının üzvləri və prezidentin tərəfdarları təəccüb içində idilər. Çünki iyunun 17-dən 18-nə keçən gecə Elçibəy əvvəlcədən dediyi kimi, Bakını tərk edərək anadan olduğu Kələki kəndinə getmişdi. O, bu addımı dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən atmışdı. Bu səbəbdən də Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il 21 iyun tarixli qərarı ilə Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etdi. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmadı və heç bir təsirli tədbir görmədi. 1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 121-ci maddəsinə əsasən Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Prezidenti vəzifələrini daha icra edə bilmədiyi təsdiq olundu. Onun keçmiş səlahiyyəti isə Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçdi.

Ümummilli liderin Bakıya gəlməsi ilə qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ictimai-siyasi sabitlik və təhlükəsizlik, vətəndaş məmnunluğu və sosial ədalət təmin edildi, müasir, hüquqi və demokratik dövlət quruculuğu uğurla həyata keçirildi, dayanıqlı iqtisadi inkişafa, nizamlı ordu quruculuğuna nail olunub, xalq-iqtidar birliyi gücləndirildi, Azərbaycan etibarlı tərəfdaşa çevrildi. Bu səbəbdən dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş və intibah anlayışları ilə xarakterizə olunur.

Bu gün həmin inkişaf və tərəqqi ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz həmin inkişafın nəticəsidir ki, ölkəmiz qüdrətli dövlətə çevrilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad edilib.

Hazırda müstəqil Azərbaycan ümummilli liderimizin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır. Heydər Əliyev siyasəti yaşayır, onun əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi Azərbaycan xalqını firavan və parlaq gələcəyə aparır.

Jalə QASIMZADƏ,

"Respublika".