Muğamlarımızın Xanı Xan Şuşinski
Tarixi şəxsiyyətlər

Muğamlarımızın Xanı Xan Şuşinski

İsfəndiyar Aslan oğlu Cavanşirov - Xan Şuşinski. Azərbaycan tamaşaçısı onu belə tanıdı, sevdi. 1901-ci il avqust ayının 20-də Şuşada dünyaya gəlib. Onun ailə şəcərəsi Qarabağ xanları nəslinə mənsubdur. Xan Şuşinskini Azərbaycan muğamının korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri adlandırırlar. Geniş səs diapazonu ona istər bəm də, istərsə də zildə oxumaq imkanları verirdi.

Onun Xan adlandırılmasının maraqlı tarixi var. Belə ki, hələ kiçik yaşında olarkən ustadı İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə iştirak edirmişlər. İslam Abdullayevin xahişi ilə ev yiyəsi qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında "Kürd Şahnazı" muğamını dinləyirlər. Məclisdə olanların heyranlıqla qulaq asdığını görən İslam Abdullayev üzünü yeniyetmə İsfəndiyara tutaraq, bəlkə sən də "Kürd Şahnazı" oxuyasan deyir. Ustadının sözünü yerə salmayan İsfəndiyar muğamı elə bir şövqlə, daha zildən ifa edir. Onun bu ifasına heyran qalan bütün məclis əhli alqışlarla qışqırır: "Əsl xan elə bu imiş ki". Segah İslam (İslam Abdullayevi belə adlandırıblar) şagirdinə xeyir-dua verərək: "Bu gündən sən oldun Xan", - deyir. Beləcə, Azərbaycan muğam sənətinin Xanı - Xan Şuşinski yaradıcılığının uğurlu, şöhrətli dövrü başlayır. Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin də böyük təsiri olmuşdur. O, öz müəllimlərindən "Mirzə Hüseyn segahı", "Rast", "Şüştər", "Şur" kimi bir çox muğam və xalq mahnılarını öyrənmişdir.

1920-ci illərdən sonra Xan Şuşinski mütəmadi Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Bakıya gəldiyi zaman verdiyi konsertlərdə izdiham yaşanır, insanlar onun ifasını canlı dinləmək üçün sel kimi axışır. Amma Xan əminin Bakıya gəlişini o dönəmdə Azərbaycanın kommunist rəhbəri olan Mircəfər Bağırovla bağlayırlar. Belə ki, 1938-ci ildə Moskva dekadasına getməyən Xan Şuşinski barədə söz-söhbət gəzirmiş ki - Şuşada toyları qoyub Moskvaya vacib dövlət tədbirinə getmək istəməyib. Bundan hiddətlənən Mircəfər Bağırov Xan Şuşinskinin Bakıya köçürülməsini əmr edir və 1939-cu ildə - 38 yaşında Xan Şuşinski Bakıya köçür. Böyük sənət qarşısında bütün qüvvələr acizdir. Sənətkarın səsi və sənəti onu xilas edir.

Xanəndənin repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərb muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xanın ifasında xalq mahnıları daha fərqli, yeni çalarlarda səslənir. 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk rəsmi çıxışını etmişdir. İfa etdiyi xalq mahnıları ilə yanaşı, özünün də müəllifi olduğu xeyli sayda mahnılarla musiqi xəzinəmizi zənginləşdirmişdir. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də Xana məxsusdur. Onun mahnılarının demək olar, hamısı məclislərdə bədahətən yaranıb. Xan Şuşinski məşhurluğun, şöhrətin bütün məqamlarına yüksəlmişdir. Onun ifasını təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, qastrol səfərində olduğu dövlətlərdə də sevib, alqışlarla qarşılamışlar. Korifey sənətkarı hətta böyük şairimiz Səməd Vurğun özünün "Azərbaycan" poemasında da qeyd edir.

Xanəndənin, eyni zamanda simfonik orkestrlə də ifaları var. Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Ümumiyyətlə, musiqi tariximizdə bir çox ilklər onun adı ilə bağlıdır. İlk dəfə duet janrında da Xan Şuşinski Şövkət Ələkbərova ilə "Yaylıq" adlı mahnı ifa etmişdir. Oxuduğu müddət ərzində Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış, xüsusən də "Qaragöz" mahnısını.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq birinci mükafata layiq görülür. O, səfər etdiyi bütün ölkələrdə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

Azərbaycan musiqi sənətində göstərdiyi yüksək xidmətə və muğamlarımızı dünyada layiqli təbliğ etdiyinə görə, 1943-cü ildə birbaşa Azərbaycan Xalq Artisti adına layiq görülmüşdür. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfərinə getmişdir. Bu səfər zamanı Tehran da daxil olmaqla, İranın 4 şəhərində böyük konsert proqramı ilə çıxış etmişdir. Elə həmin ilin dekabr ayında Tiflisdə keçirilən Zaqafqaziya respublikalarının musiqi dekadasında iştirak edir. Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə Xan Şuşinski "Qatar", "Səmavi-şəms" muğamını oxuyaraq böyük müvəffəqiyyət qazanır. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Moskva tamaşaçılarını öz səsi ilə valeh etmişdir.

Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. 40 ildən artıq müddət ərzində Azərbaycan Dövlət Filarmoniyasında solist olmuşdur. Ömrünün son illərində isə Asəf Zeynallı adına Bakı Musiqi Kollecində xanəndəlik sinfində dərs deyərək muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib. Dahi sənətkar gənclikdə ona verilən "Xan" adının məsuliyyətini ömrünün sonunadək şərəflə daşıyaraq Azərbaycan musiqisinin həqiqi Xanı olub. Musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi günümüzə onun cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb.

Xan Şuşinski 1979-cu ildə vəfat edib və Bakı şəhərindəki II Fəxri xiyabanda dəfn edilib.

Ramidə YAQUBQIZI,

"Respublika".