Muğam milli sərvətimizdir
Mədəniyyət

Muğam milli sərvətimizdir

26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Xalqımızın milli sərvəti olan muğam 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Muğamımızın bəşəri musiqiyə çevrildiyi gün kimi, 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Milli sərvətimiz dünya ictimayyətinə nadir əsər kimi təqdim edilir.

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm hissəsini təşkil edir. Bu nadir musiqi növü insanın ruhunu dincəldir, məhəbbət, sevinc, kədər hisslərini eyni anda yaşadır. Əsrlərdir var olan, xalqımızın incisi muğam günümüzdə də sevilərək muğamsevərlər tərəfindən dinlənilir, ifa edilir. Müasir dövrün ən böyük sərvəti muğamın günümüzdəki yeri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlərdə aydın formada görünür. Son 10 illiyə nəzər salsaq görərik ki, muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsi onun UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi ilə birbaşa əlaqədardır. Heydər Əliyev Fondu, həmçinin Azərbaycan Mədəniyyət Fondunun muğama göstərdiyi diqqət xüsusi qeyd edilməlidir. Belə ki, illərdir bu sahəyə göstərdikləri qayğı nəticəsində ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivalları, müsabiqələri, muğam konsertləri, simpoziumlarının təşkil edilir. "Qarabağ xanəndələri" albomu, "Muğam" jurnalı, "Muğam ensiklopediyası" nəşr olunub. Müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusu hazırlanıb.

Birinci vitse-prezidentin muğam sahəsinə göstərdiyi əvəzsiz qayğı nəticəsində bu gün xalqımızın mədəni irsi daha da inkişaf edərək qorunub saxlanılır. Mehriban Əliyeva muğam barəsində deyib: "Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm".

Muğam ifa etməyin öz qayda-qanunu, mədəniyyəti var. Özünəməxsus alətləri isə xüsusi yer tutur. Sim mənasına gələn milli musiqi alətimiz tar muğamın əsas ünsürlərindəndir. Quruluş və forma etibarilə başqa musiqi alətlərindən fərqli olan tar, sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsilə ehtizaza gətirilir. Azərbaycan tarı 2012-ci ildən bəri UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Siyahısına daxil edilib. 11 simli milli musiqi alətimiz Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə təsvir edilib:

Müğənni, tək bircə gecə də çal tar,

Məni bu dar yolda əzabdan qurtar!

Bəlkə, genişlənsin, açılsın yolum,

Köçüm, bu daşlıqdan asudə olum…

 

Azərbaycanın ən qədim milli alətlərindən biri olan qabal isə birüzlü zərb alətləri qrupuna aiddir. Qavalın sağanağından metal halqalar asılır, hansı ki, bunlar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilən alət günümüzdə milli musiqilərimizi ifa edən zaman istifadə olunur. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir. Qaval Üzeyir Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilib, onun ilk not partiyasını da bəstəkar elə özü yazıb. Dahi Üzeyir Hacıbəyov "Leyli və Məcnun" operasını məhz muğam üzərində yazıb. Bundan başqa, Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Aqşin Əlizadə, Arif Məlikov, Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Bir sıra bəstəkarlarımız muğam ilə günümüzdəki janrları birləşdirərək hər kəsin zövqünə uyğun əsərlər yaradıblar. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

Milli sərvətimiz olan muğam dövlətimiz tərəfindən daim qorunub saxlanacaq, beynəlxalq arenada tanıdılacaqdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".