Diqqət! Diqqət! Danışır və göstərir Bakı!
Mədəniyyət

Diqqət! Diqqət! Danışır və göstərir Bakı!

1926-cı ilin 6 noyabr tarixində Azərbaycan radiosu fəaliyyətə başladı. Radionun yaradılması ölkənin ictimai-mədəni həyatında əhəmiyyətli hadisəyə çevrilməklə yanaşı, minlərlə dinləyiciyə xoş ovqat bəxş etdi. Bir əsrə yaxındır insanlara yol yoldaşı olan Azərbaycan radiosu geridə uzun və tarixi yol qoyub. Hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio yarandığı gündən bəri aktuallığını qoruyub saxlayır.

Azərbaycan radiosu günün istənilən vaxtında dinləyicilərinə yeni xəbərlər çatdırır. İlk vaxtlar "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlər ilə fəaliyyətə başlayan radio qısa zamanda böyük nüfuz qazanıb. Yeni layihələrin hazırlanması məqsədilə istedadlı kadrların bu sahəyə cəlb olunması əsas şərtlərdən hesab olunurdu. Milli radiomuzun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub. Daha sonra isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar radionun inkişafına töhfə veriblər. Zaman keçdikcə peşəkar mütəxəssislərin artması Azərbaycan radiosunun verilişlərinə uğur qazandırdı. Radioda ilk proqramların hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri də yaxından iştirak edirdilər. Bədii və musiqili verilişlərin ərsəyə gəlməsində Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi sənətkarlar əvəzsiz xidmətlər göstərmişlər. Qısa müddətdə radionun auditoriyası genişlənmiş və Bakıda 35 kilovat gücündə yeni radio stansiyası yaradılmışdı. Bu hadisə radionun səsinin Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilməsinə səbəb olmuşdu. 1940-cı ilin sonunda ölkə ərazisində stansiyaların sayı 51 minə çatır, eyni zamanda, 32 rayonda yerli radio verilişlərinin redaksiyaları fəaliyyət göstərir.

Radiodan 30 il sonra - 1956-cı il fevralın 14-də Azərbaycan televiziyası gənc aktrisa Nəcibə Məlikovanın “Göstərir Bakı!” kəlməsi ilə ilk verilişinə başladı. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş olundu. Əvvəllər qısa xəbərlərlə efirə çıxan proqramların yayım həcmi 1970-ci illərdən etibarən tədricən artırıldı.

Ötən əsrin 70-ci illəri Azərbaycan radiosu üçün yeni mərhələnin başlanğıcı hesab olunur. "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi proqramlar Azərbaycan radiosunun nüfuzunu daha da yüksəldir.

Milli radionun inkişafında ulu öndər Heydər Əliyevin bu sahəyə olan diqqəti xüsusi rol oynayıb. Milli maraq və düşüncədən qaynaqlanan layihələrin hazırlanmasına xüsusi önəm verən Heydər Əliyev radionun böyük təbliğat mexanizmi kimi aşıladığı dəyərlərin mahiyyətindən xəbərdar idi. Milli verilişlərin ilk qaranquşu olan ulu öndərin göstərişi ilə fəaliyyətə başlayan "Bulaq" radiotoplusu şifahi nitqin ən koloritli, milli, etnoqrafik, xalq düşüncə tərzi ilə Azərbaycan efirinə rəng qatdı. Bu verilişin daha bir özəlliyi ondan ibarət idi ki, xaricdəki soydaşlarımızın arzu və istəklərini vahid dil, düşüncə, ortaq Vətən duyğularını ifadə edən məktubları efirdə səslənirdi. Daha sonra Heydər Əliyevin göstərişi və məsləhəti ilə "Ozan" teletoplusu yaradıldı. Bu da tezliklə xalqın baxımlı verilişinə çevrildi.

Keçmiş Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycan radiosu xalqımızın maraqlarından çıxış etdi. 1990-cı ildə baş verən 20 Yanvar hadisələrinə nəzər yetirsək bunu bir daha görmək mümkündür. Məhz bu səbəbdən, Sovet imperiyası Azərbaycan radiosunu susdurmağa cəhd etdi. Nəticədə televiziyanın enerji bloku partladılaraq sıradan çıxarıldı, radionun əməkdaşları efirdən uzaqlaşdırıldı. Daha sonra bu sahədə hərbi senzura tətbiq edildi. Bütün bunlara baxmayaraq, o faciəli günlərdə Azərbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdırmağı bacardı.

İkinci Qarabağ savaşında qazandığımız qələbə Azərbaycan tarixində şanlı səhifənin başlanğıcı oldu. Bu dövrdə də zəfər xəbərlərini məhz Azərbaycan televiziyası və radiosundan aldıq. Müharibədən cəmi 44 gün sonra radiomuz nəhayət bizə qələbə sorağını verdi. Füzulinin, Cəbrayılın, Zəngilanın, Şuşanın və başqa ərazilərimizin işğaldan azad olunma xəbərini çatdırmaqla yanaşı, qəhrəman oğullarımızın şücaətindən danışdı. Azərbaycan radiosu 97 ildir ki, dinləyicilərinin yol yoldaşına çevrilib. Milli radiomuz hələ neçə-neçə onilliklər boyu xalqımızın milli tarixi, gələcəyi, respublikamızın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərlər çatdıracaq.

Nəzrin ELDARQIZI,

"Respublika".