Neokolonializm siyasəti Fransanın xislətindədir
Siyasət

Neokolonializm siyasəti Fransanın xislətindədir

Onun Qafqaza yerləşmək cəhdi sülhə, təhlükəsizliyə və əməkdaşlığa böyük zərbədir

Dünyada gedən proseslər çərçivəsində Fransanın fəallaşması və bunu Ermənistan üzərindən həyata keçirməsi kifayət qədər düşündürücü məsələdir. Cənubi Qafqazda özünə yer eləmək üçün Ermənistan kartından istifadə etməsi əslində Fransanın neokolonialist siyasətinin yeni təzahür formasıdır. Ermənilərə olan "dərin məhəbbətin" kökündə də eyni siyasət dayanır.

Keçən əsrin əvvəllərində Osmanlı imperiyasının dağılmasında ermənilərdən alət kimi istifadə edən Fransanın indiki zamanda bu prosesi başqa formada davam etdirməsi yenə də onun öz mənafeyinə xidmət etməsidir. Dövlət olmağı bacarmayan erməni toplumu da həvəslə bu prosesdə iştirakda maraqlıdır. Milli maraqları və dövlət maraqlarını arxa planda görən ermənilər daim belə məsələlərdə alət rolunu oynamışlar.

Fransanın tarixinə nəzər salsaq görərik ki, bəşər tarixində bu dövlət qədər müstəmləkəçilik siyasəti yürüdən ikinci dövlət olmamışdır. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib.

Fransanın ən qəddar müstəmləkə siyasətini həyata keçirdiyi ölkələrdən biri məhz Əlcəzair olub. Bu ölkədə 1,5 milyon nəfər fransızlar tərəfindən qətlə yetirilib, 100 minlərlə insan yaralanıb. Fransa hökuməti Əlcəzair xalq hərəkatını yatırmaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət nəhəng ordu göndərib. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ruandada Fransanın birbaşa təhriki ilə 6 aprel 1994-cü ildə həyata keçirilən soyqırımı nəticəsində 800 min insan həlak olub. Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda eyni qanlı əməlləri törədib. Tarixə "elm adamlarının soyqırımı" kimi həkk olunan hadisəni də fransızlar törədiblər. Təkcə 1917-ci ildə fransızlar Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələyib.

Seneqal, Benin, Bukina-Faso, Qabon, Qvineya, Ekvatorial Qvineya, Fildişi Sahili, Kamerun, Mavritaniya, Niger, Tunis, Vyetnam, Martinika adası və digər ərazilərdə eyni əməlləri törədən Fransa XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyünü Parisin İnsan Muzeyində saxlayır və nümayiş etdirir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Budur Fransanın dünyaya və bəşəriyyətə təlqin etmək istədiyi "demokratik" dəyərlər.

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı bildirib: "Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir".

Cənab Prezidentin qeyd etdiyi kimi, Fransanın neokolonialist siyasəti artıq ifşa edilmişdir. 30 il ərzində vasitəçi maskası altında gizlənən, əslində isə Cənubi Qafqazda sülhə bilavasitə mane olan Fransanın iç üzü artıq hamıya məlumdur. Lakin onun hədə-qorxu ritorikası və ermənilərə silah verməsi bizi öz haqq işimizdən döndərə bilməz və Azərbaycan bölgədə Fransanın varlığının mümkün olmadığını dünyaya və Fransanın özünə sübut edəcək.

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.