Məqsədyönlü hüquq-mühafizə siyasəti paytaxt polisinin fəaliyyətini daha da təkmilləşdirib
Sosial həyat

Məqsədyönlü hüquq-mühafizə siyasəti paytaxt polisinin fəaliyyətini daha da təkmilləşdirib

Yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir V.Eyvazov tarixə "Heydər Əliyev İli" kimi daxil olan 2023-cü ildə Azərbaycanın işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrildiyini, ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin edildiyini, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini vurğulayıb.

Nazir qeyd edib ki, həyata keçirilən məqsədyönlü hüquq-mühafizə siyasəti və respublikanın siyasi və sosial-iqtisadi həyatında davamlı inkişaf daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərib.

Sonra hesabat dövründə paytaxtda cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) rəisi, polis general-mayoru Əkbər İsmayılov bildirib ki, ötən il paytaxtda qeydə alınan 15 min 759 cinayətin 82,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 faizi ağır və xüsusilə ağır növlər olub. 2022-ci illə müqayisədə hesabat dövründə ehtiyatsızlıqdan adam öldürmə 2 dəfə, ümumi cinayətlər 5,8, ağır və xüsusilə ağır cinayətlər 14,8, az ağır cinayətlər 5,7, soyğunçuluq 27,5, quldurluq 23 faiz azalıb, ümumilikdə 167 odlu silah, 65 qumbara, 3834 ədəd döyüş sursatı yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah əməliyyat yolu ilə götürülüb.

Hesabat dövründə 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurluğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 76,6 faizinin (33 milyon 748 min 928 manat) ödətdirilməsi təmin olunub.

Məruzə ətrafında çıxış edən Bakı Şəhər BPİ-nin aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunan müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə yol verilən bəzi nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

Müşavirəyə yekun vuran daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2023-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib. Konkret tapşırıq və tövsiyələrini verən nazir Baş İdarənin və onun struktur qurumlarının rəislərindən 2024-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə aparılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.

Daxili işlər orqanlarının dövlət qayğısı ilə hərtərəfli əhatə olunduğunu məmnunluqla vurğulayan general-polkovnik V.Eyvazov əmin olduğunu bildirib ki, Baş İdarənin şəxsi heyəti xidməti borcunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

“Respublika”.