Qanunsuz taksi fəaliyyəti yolverilməzdir
Sosial həyat

Qanunsuz taksi fəaliyyəti yolverilməzdir

Zaman keçdikcə dünya dəyişir, bir sıra çətinliklər yaranır. Bu çətinliklər isə özünü gündəlik həyatımızda daha qabarıq şəkildə büruzə verir. Belə ki, son zamanlarda ölkəmizdə fəaliyyət göstərən taksi xidmətləri, taksi sürücülərinin qanunsuz davranışları və davamlı qəzalara səbəb olmaları ilə bağlı çoxsaylı narazılıqlar meydana gəlib.

Şikayətlər arasında sərnişinlərin taksi xidmətlərinin keyfiyyətsiz və təhlükəli olması ilə bağlı fikirləri daha çox üstünlük təşkil edir. Həmçinin taksi sürücülərinin kartla ödəniş əməliyyatlarına müsbət yanaşmaması, bəzən məhz buna görə sərnişinlərlə kobud rəftarı da narazılıq yaradan məqamlardandır. Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov son zamanlar taksi fəaliyyətinin analizi, prosedur qaydalarının təyin edilməsi ilə bağlı mühüm addımlar atıldığını bildirib. "Son iki ildə həm sosial şəbəkələrdə, həm də televiziyalarda taksilərlə bağlı xoşagəlməz videoçarxların paylaşımlarına daha çox rast gəlinir. Bunun başlıca səbəbləri müəyyən aqreqatorların işlərini düzgün qura bilməməsi, ölkəmizdəki yol hərəkət qaydalarına tam şəkildə riayət olunmamasıdır. Xüsusi vurğulamaq lazımdır ki, taksi sürücülərinin qadın sərnişinlərlə aqressiv rəftarı da təsadüf olunan  hallar arasındadır. Bu cür taksi şirkətlərində gediş haqlarının ucuz olmasına baxmayaraq, keyfiyyət o qədər də ürəkaçan deyil. İctimai nəqliyyatda müşahidə edilən sıxlıq əhalinin taksilərə daha çox meyil etməsinə səbəb olur ki, bu da taksi sürücüləri arasında sui-istifadə hallarının artmasına gətirib çıxarır. Bu situasiyanın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən mühüm addımlar atılır. Düşünürəm ki, bu cür taksi şirkətləri ancaq nəzərdə tutulmuş qayda-qanuna riayət etməklə fəaliyyətini davam etdirə biləcəklər. Qardaş ölkə Türkiyədə də işini düzgün qura  bilməyən taksi şirkətləri ilə bağlı müvafiq tədbirlər görülür, həmin şirkətlərin lisenziyalarına xitam verilir. Hazırda Azərbaycanda kifayət qədər xarici və yerli taksi xidməti göstərən şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir ki,  bu da "Fərdi məlumatlar haqqında" Qanuna zidd hesab olunur".

Xatırladaq ki, ölkəmizdə taksi şirkətlərinin fəaliyyətinin düzgün tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır. Layihənin əsas məqsədi taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsi, eləcə də qiymətlərin əhalinin büdcəsinə uyğunlaşdırılmasıdır. Hazırda həmin məsələ ilə bağlı geniş müzakirələr aparılır. Şübhəsiz, dövlətimiz hər sahəyə diqqətlə yanaşdığı kimi, bu problem də tez zamanda öz həllini tapacaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".