DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA PREZİDENTİNDƏN NATO-YA XƏBƏRDARLIQ

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə müraciət edib. “Report” agentliyinin verdiyi xəbərə görə, o, Qərb dövlətlərini Ukraynanın hava məkanını bağlamağa çağırıb.

“Əgər NATO Ukrayna səmasını bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə də düşəcək”, - deyə Volodimir Zelenski bildirib.

Bununla yanaşı, Ukrayna prezidenti ötən il NATO-ya etdiyi xəbərdarlığı xatırladıb: “Biz demişdik ki, NATO sərt addımlar atmasa, Rusiya müharibəyə başlayacaq. Biz haqlı idik. İndi isə deyirəm ki, Ukrayna hava məkanını bağlamasanız, raketlər NATO ölkələrini hədəf alacaq. Bu, an məsələsidir”.

Eyni zamanda, dövlət başçısı Ukraynanın ölkə tarixinin ən ağır sınağından keçdiyini və qələbəyə inandığını vurğulayıb. “Nümayəndə heyətimizin konkret vəzifəsi var -  prezidentlər səviyyəsində görüşün baş tutmasını təmin etmək”, - deyə Volodimir Zelenski əlavə edib.

 

ABŞ UKRAYNAYA HƏRBİ TƏLİMATÇILAR GÖNDƏRMƏKDƏN ÇƏKİNİB

Pentaqon rəhbərliyi 2021-ci ilin sonunda Ukraynaya bir neçə yüz hərbi təlimatçı göndərmək istəsə də, Ağ Ev Rusiya ilə eskalasiyadan çəkinərək bu fikirdən daşınıb. “APA”nın xəbərinə görə, bu barədə “Politico” nəşri hərbi mənbələrə istinadla məlumat yayıb.

Nəşrin iddiasına görə, təlimçilər Ukrayna hərbçilərinə qeyri-ənənəvi döyüş metodları öyrətməli idilər. 2021-ci ilin dekabrında Pentaqon qanunverici orqana müvafiq təklif yollayıb. Lakin Ağ Ev Ukrayna böhranının dinc yolla həllinə mane olacağından ehtiyat edərək təklifi rədd edib.

“Politico” nəşri həmçinin qeyd edir ki, sözügedən təlimçilər ABŞ-ın rəsmi missiyasından ayrı fəaliyyət göstərməli və ukraynalı hərbçilərə partizan takitkası öyrətməli idilər.

 

BVF: QLOBAL MALİYYƏ BÖHRANI TƏHLÜKƏSİ MÜŞAHIDƏ EDILMIR

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna hadisələri və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən qlobal maliyyə böhranının ilkin əlamətlərini müşahidə etmir. “Report”un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BVF-nin baş direktoru Kristalina Qeorqiyeva bəyan edib.

“Bankların Rusiya ilə münasibətlərinə nəzər saldıqda, bu, təxminən 120 milyard dollardır. Cüzi məbləğ deyil, lakin sistem baxımından qətiyyən əhəmiyyətli deyil”, - deyə Kristalina Qeorqiyeva “CBS” telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, BVF-nin baş direktoru əlavə edib ki, təşkilat 2022-ci il üçün proqnozlarını yenidən nəzərdən keçirəcək.

Kristalina Qeorqiyevanın sözlərinə görə, ABŞ kimi koronavirus pandemiyasının təsirindən tez sağalmış ölkələrdə iqtisadi artım əhəmiyyətli şəkildə müşahidə olunacaq.

 

DÜNYADA KORONAVİRUS ƏLEYHİNƏ 11 MİLYARDA YAXIN VAKSİN VURULUB

Dünya üzrə bu günədək 184 ölkədə “COVID-19” əleyinə 10,9 milyard doza vaksin vurulub. “Trend”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyinin yayımladığı hesabatda qeyd olunur.

Bildirilir ki, hər gün dünyada orta hesabla 21,3 milyon doza vaksin vurulur. Bu templə davam edəcəyi təqdirdə növbəti 9 ay ərzində dünya əhalisinin 75 faizi peyvənd olunacaq.

“Bloomberg”in hesablamalarına əsasən, ölkələr arasında ən çox vaksin Çində vurulub - 3,2 milyard doza. Bu, ölkədə əhalinin 87,3 faizinin tam vaksinasiya olunduğunu göstərir. Bu göstərici Fransada 80,6 faiz, Yaponiyada isə 79,8 faizə bərabərdir.

Qeyd edək ki, dünyada bu günədək 459 milyona yaxın insan koronavirusa yoluxub, ölənlərin sayı 6 milyon nəfəri keçib.

 

ALMANİYA KANSLERİ TÜRKİYƏYƏ TƏŞƏKKÜRÜNÜ BILDIRIB

“Rusiyanın Ukraynaya hücumu davam edir. Bu hücumla bağlı narahatlıq, atəşkəsə qısa zamanda nail olmaq mövzusunda da Türkiyə ilə həmfikirik”. “APA”nın xəbərinə görə, bu barədə Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bəyan edib.

Kansler qeyd edib ki, Ukraynada mülki şəxslərin döyüşlərin gedən ərazilərdən çıxması üçün təhlükəsiz dəhlizə ehtiyacı var.

“Rusiya və Ukrayna arasında danışıqlar çox vacibdir. Biz partnyorlarımızla danışıqlar zamanı müharibəni dayandırmaq üçün əlimizdən gələni edirik. Türk müttəfiqlərimizin diplomatik həllin tapılması üçün göstərdiyi addımları müsbət qarşılayırıq. Rusiya və Ukrayna xarici işlər nazirlərinin Türkiyədə görüşməsi də çox faydalı oldu”, - deyə Olaf Şolts vurğulayıb.

Eyni zamanda, Almaniya kansleri Türkiyə tərəfinə Montrö Konvensiyasını tətbiq etdiyi üçün təşəkkür edib. Kansler həmçinin Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb.

 

UKRAYNA ORDUSU BİR NEÇƏ İSTİQAMƏTDƏ ƏKS-HÜCUMA KEÇİB

Ukrayna Silahlı Qüvvələri ölkə ərazilərinin müdafiəsini inamla saxlayır və işğalçıların irəliləməsinə imkan vermir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

Müşavirin sözlərinə əsasən, Ukraynanın müdafiəçiləri müdafiəni davam etdirir, bəzi yerlərdə isə əks-hücuma keçir.

“Mariupolda döyüşlərin birində rusları bir az geri çəkməyə və bir neçə texnikalarını məhv etməyə müvəffəq olduq. İzyum yaxınlığında isə kiçik əks-hücum əməliyyatı keçirib rusları geri çəkə bildik. İzyum Rusiya ordusunun əsas istiqamətlərindən biridir, çünki bu, Donbasa gedən yoldur”, - deyə V.Denisenko vurğulayıb.

Həmçinin müşavir əlavə edib ki, hər gün Mariupol ruslar tərəfindən atəşə tutulur: “Son 24 saat ərzində şəhərə ən azı 22 bomba atılıb. Şəhərdə blokadaya salınan 400 min insan üçün ən böyük təhlükə məhz göydən gəlir”.

 

RUSİYA BORCUNU RUBLLA ÖDƏMƏK NIYYƏTINDƏDIR

Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının yarısı sanksiyalar səbəbindən dondurulub. “APA”nın məlumatına görə, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib. “Bizim ümumi ehtiyatlarımız təxminən 640 milyard dollardır, 300 milyarda yaxın ehtiyat indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik”, - deyə maliyyə naziri vurğulayıb.

Anton Siluanov əlavə edib ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının bir hissəsi Çin valyutasındadır. Onun sözlərinə görə, hazırda Qərb dövlətləri Çinlə ticarəti məhdudlaşdırmaq üçün təzyiq göstərirlər.

Maliyyə naziri həmçinin xatırladıb ki, Rusiyaya dost olmayan ölkələrin borcları rublla ödəniləcək. “Bir daha təkrar edirəm, Rusiya Federasiyasına dost olmayan və qızıl-valyuta ehtiyatlarının istifadəsinə bu cür məhdudiyyətlər qoyan ölkələrə ödəməli olduğumuz borcları rublla ödəyəcəyik”, - deyə nazir əlavə edib.

 

TÜRKİYƏDƏ GÜCLÜ QAR SƏBƏBINDƏN 500-DƏN ÇOX KƏNDLƏ ƏLAQƏ KƏSİLİB

Türkiyənin şimalındakı Şərqi Qara dəniz bölgəsində bir neçə vilayətdə kəskin hava şəraiti ilə əlaqədar 533 yaşayış məntəqəsinin yolları bağlanıb. “Trend”in məlumatına görə, regionda bir neçə gün yağan güclü qar ciddi fəsadlara səbəb olub.

Qeyd olunur ki, Giresun vilayətində 184, Rize vilayətində 172 kəndin yolları bağlı qalıb. Bundan başqa, Artvin, Gümüşhane və Trabzon vilayətlərində yüzlərlə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

Fəsadların aradan qaldırılması üçün bölgələrə xilasedicilər və texnika cəlb edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.