DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KONQRES HƏMAS-DA OLAN ABŞ SİLAHLARI İLƏ BAĞLI AÇIQLAMA TƏLƏB EDİR

ABŞ konqresmeni Marcori Teylor Qrin Pentaqona müraciət edərək, HƏMAS yaraqlılarının Amerika silahlarını haradan əldə etdiyini və onların Ukraynadan və ya Əfqanıstandan fələstinlilərə çatıb-çatmadığını yoxlamağa çağırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“HƏMAS-ın İsrailə qarşı istifadə etdiyi bütün ABŞ silahlarının seriya nömrələrini izləmək üçün İsraillə sıx işləməliyik. Silahlar Əfqanıstandan gətirilib? Bəlkə Ukraynadan əldə edilib? Çox güman ki, hər ikisindən”, - deyə konqresmen vurğulayıb.

Qeyd edilir ki, Qərb silahlarının Ukraynadan fələstinli yaraqlıların əlinə keçməsi ilə bağlı ilk faktlar bu ilin iyununda məlum olub. Daha sonra İsrailin baş naziri Benyamin Netanyahu da bununla bağlı açıqlama ilə çıxış edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə məruz qalıb. Nəticədə 800 nəfər həlak olub, 2750 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

İSRAİLDƏN QƏZZAYA HÜCUMLARIN ARTIRILMASI BARƏDƏ GÖSTƏRİŞ

İsrailin müdafiə naziri Yoav Qalant Qəzzaya hücumların əhəmiyyətli dərəcədə artırılması barədə əmr verib. “Report” agentliyinin məlumatına görə, nazir bildirib ki, məqsəd HƏMAS-ın bütün hədəflərinin məhv edilməsidir.

Bununla yanaşı, nazir əlavə edib ki, bu, ölkənin gələcəyinə təsir edən müharibədir. “Mən Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etmişəm. İşıq, yemək, yanacaq olmayacaq, hər şey bağlanıb”, - deyə Yoav Qalant bildirib.

Eyni zamanda, İsrailin Müdafiə Nazirliyi Qəzzanın bütün sərhəd şəhərlərinə nəzarəti bərpa etdiyini, lakin ərazilərdə terrorçuların qala biləcəyini açıqlayıb.

Bu ərəfədə, İsrail prezidenti İshak Herso

q ölkəsini çətin günlərin gözlədiyini və çox əhatəli və geniş müharibənin tezliklə bitməyəcəyini bəyan edib.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netenyahu ordunun quru əməliyyatlarına başyacağı barədə xəbərdarlıq edib.

ABŞ KONQRESİNDƏ SPİKER SEÇKİLƏRI UKRAYNA ÜÇÜN CİDDİ TƏHLÜKƏ YARADIR

ABŞ Konqresinin Nümayəndələr Palatası spikerinin seçkilərinin nəticələri Ukrayna üçün ciddi təhlükə yaradır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu “CBS News” telekanalının şərhçisi Ketrin Uotson bildirib.

Jurnalist eks-spiker Kevin Makkartinin varisinin seçilməsinin Ukraynaya göstərilən yardıma böyük təsir göstərəcəyi qənaətində olduğunu vurğulayıb.

“Nümayəndələr Palatasında respublikaçılar növbəti spikerin kimin olacağını müzakirə etdikləri üçün Ukraynaya yardımın gələcəyi sual altındadır”, - deyə jurnalist əlavə edib.

Ketrin Uotson qeyd edib ki, Ukrayna tərəfinə yardımın davam etdirilməsi məsələsi getdikcə mübahisəli xarakter alır.

Eyni zamanda, şərhçinin sözlərinə görə, Respublikaçılar Partiyasının nümayəndələri arasında Kiyevə dəstəyin azalması Amerika cəmiyyətindəki əhvali-ruhiyyəni əks etdirir.

“BÖYÜK YEDDİLİK” ÖLKƏLƏRİ LİDERLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri süni intellekt tərtibatçıları üçün təlimatları müzakirə etmək üçün 2023-cü ilin payızında onlayn görüş keçirəcəklər. “Trend” agentliyinin xəbərinə görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida BMT-nin himayəsi altında Kiotoda davam edən İnternet İdarəçiliyi üzrə Beynəlxalq Forumunda bəyan edib.

“Biz ilin sonuna kimi etibarlı süni intellektin tətbiqi üçün zəruri olan tövsiyələri formalaşdırmaq qərarına gəldik. Bu mövzuda “G7” liderlərinin onlayn görüşü üçün plan hazırlayırıq”, - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, Yaponiya hökumətinin başçısı qeyd edib ki, “G7” çərçivəsində bu iş onun Xirosimada keçirilən sammitdə süni intellektin beynəlxalq tənzimlənməsinin müzakirəsinin zəruriliyi ilə bağlı verdiyi təklif əsasında həyata keçirilir.

Fumio Kişidanın sözlərinə görə, Yaponiya süni intellekt texnologiyalarına böyük diqqət yetirir. O qeyd edib ki, oktyabrda hökumət süni intellektin inkişafını kiçik və orta biznesdə sürətləndirmək, eləcə də tibb sahəsində belə texnologiyaların tətbiqini təşviq etmək üçün vəsait ayıracaq.

ƏRDOĞAN İSRAİL VƏ FƏLƏSTİN PREZİDENTLƏRİLƏ MÜZAKİRƏLƏR APARIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla telefonla danışıb. “Trend” agentliyinin məlumatına görə, müzakirələr zamanı İsrail və Fələstində baş verənlər, eləcə də, bölgədəki gərginliklə bağlı son proseslər gündəmdə olub.

Ərdoğan qeyd edib ki, Türkiyə bölgədəki münaqişənin tez bir zamanda sona çatması üçün səy göstərir.

Bundan başqa, Ərdoğanla İsrail prezidenti İshak Hersoq arasında telefon danışığı olub. Danışıq zamanl İsrail və Fələstində baş verən hadisələr və regional gərginliklə bağlı son vəziyyət müzakirə edilib.

Qəzza sakinlərinə fərq qoymadan zərər verə biləcək hər hansı addımın bölgədəki ağrı və zorakılıq səviyyəsini daha da artıracağını vurğulayan prezident Ərdoğan sağlam düşüncə ilə hərəkət etmək lazım olduğunu və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Prezident Ərdoğanın sözlərinə görə, Türkiyənin bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səyləri getdikcə daha da artacaq.

ABŞ-DAN RUSİYANIN YENİ RAKETİ İLƏ BAĞLI ETİRAF

Heç bir hava hücumundan müdafiə sistemi Rusiyada uğurla sınaqdan keçirilmiş nüvə enerjili qitələrarası qanadlı “Burevestnik” raketini tutmaq iqtidarında deyil. Bu barədə “CNN” telekanalı məlumat yayıb.

“Qitələrarası qanadlı raketin yeni versiyası faktiki olaraq qeyri-məhdud uçuş məsafəsinə malikdir. Bu alçaqdan uçan və gizli qalmağı bacaran qanadlı raket bu qəbildən olan müdafiə sistemləri üçün əlçatmazdır”, - deyə telekanalın aparıcısı əlavə edib.

Qeyd edək ki, bir müddət öncə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqoverin sözlərinə görə, Rusiya Federasiyası öz arsenalına “Burevestnik” hipersəs raketlərini əlavə etməklə ABŞ qarşısında ciddi strateji üstünlük əldə edib.

Bununla yanaşı, hərbi ekspert Yuri Knutov bildirib ki, nüvə mühərriki sayəsində “Burevestnik” uzun müddət havada qala, düşmənin raketdən müdafiə obyektləri ətrafında uça və sonra hədəfə çata bilir.

VENESUELA ABŞ-IN XUAN QUAYDONU MÜDAFİƏ ETMƏSİNƏ ETİRAZINI BİLDİRİB

Venesuela ABŞ-ın Cənubi Amerika ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən həbsinə order verilmiş müxalifət lideri Xuan Quaydonu müdafiə edən çıxışına kəskin etirazını bildirib və onun ekstradisiyasını təklif edib. “Report” xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Məlumata əsasən, Venesuela ABŞ Dövlət Departamentinin ölkə ədliyyəsindən qaçan Xuan Quaydonu müdafiə edən bəyanatlarını qəti şəkildə rədd edir.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrini bəzi vətəndaşların qəbul etməkdən imtina etməsi səbəbindən baş verən kütləvi etirazlar fonunda Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib və ölkədə növbədənkənar seçkilər keçirəcəyini vəd edib.

Xuan Quaydo ABŞ, Kanada, eləcə də bir sıra Avropa və Latın Amerikası ölkələri tərəfindən Venesuelanın prezidenti kimi tanınıb. Rusiya isə Nikolas Maduronu legitim prezident kimi tanıyıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.