DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN ABŞ-IN TƏHLÜKƏSİZLİK ŞURASINDA VETO QƏRARINA ETİRAZINI BİLDİRİB

ABŞ-ın İsraillə HƏMAS qruplaşması arasındakı münaqişə ilə bağlı mövqeyi ikili standartların nə olduğunu nümayiş etdirir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyun bəyan edib. O, ABŞ-ın qətnamə layihəsinə veto qoymaq qərarından Çinin məyus olduğunu vurğulayıb.

Çin rəsmisinin sözlərinə görə, münaqişəni davam etdirilməsinə göz yummaq, qadınların, uşaqların və insan hüquqlarının qorunmasından bəhs edərək, ABŞ-ın döyüşlərin davam etdirilməsinin zəruriliyindən danışması son dərəcə biabırçılıqdır.

Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasında BƏƏ-nin Qəzza zolağında dərhal atəşkəs elan edilməsinə dair təklif etdiyi qətnaməyə veto qoyub. Təhlükəsizlik Şurasının 13 üzvü qətnamənin lehinə səs verib, Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ buna qarşı çıxıb.

Aİ FƏLƏSTİN ƏHALİSİNƏ 125 MİLYON AVRO YARDIM GÖSTƏRƏCƏK

Avropa Komissiyası humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar 2024-cü ildə Fələstin əhalisi üçün 125 milyon avro məbləğində ilkin humanitar yardım elan edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Avropa Komissiyasının kommünikesində qeyd olunur.

Açıqlamaya əsasən, bu vəsait Qəzza zolağı və İordan çayının qərb sahilindəki humanitar təşkilatlara dəstək üçün istifadə olunacaq.

Eyni zamanda, sənəddə vurğulanır ki, humanitar ehtiyacların rekord həddə çatdığı Qəzza zolağında əsas diqqət insanların həyatını xilas etmək və su, qida, səhiyyə,  və sığınacaq kimi əsas ehtiyaclara çıxışı bərpa etməyə yönləndiriləcək.

Bir çox Fələstin icmasının təhdidlərlə üzləşdiyi və ya artıq məcburi köçkün edildiyi İordan çayının qərb sahilində Aİ tərəfindən maliyyələşdirilən humanitar yardım layihələri məskunlaşanların zorakılığından, əmlakın müsadirə edilməsindən və ya dolanışıq vasitələrinin itirilməsindən təsirlənənlərə hüquqi yardım və ya maddi dəstək kimi müdafiə xidmətləri göstərəcək.

ATLANTİK OKEANINDA MAKSİMAL HƏDDƏ İSTİLƏŞMƏ QEYDƏ ALINIB

ABŞ-ın Bermud Okean Elmləri İnstitutundan olan alimlər Bermud adaları yaxınlığında Atlantik okeanının bütün müşahidə dövrü ərzində maksimal həddə istiləşmə qeydə alıblar. Bu barədə tədqiqatın nəticələri “Frontiers in Marine Science” elmi jurnalında dərc olunub.

Məlumata əsasən, alimlər Atlantik okeanının subtropik hissəsində okean səthinin son 40 il ərzində təqribən 1 dərəcə Selsi istiləşdiyi aşkarlayıblar. Bundan başqa,  alimlər müəyyən ediblər ki, okeanın duzluluğu artıb, oksigenin miqdarı isə aşağı düşüb.

Monitorinq qrupunun açıqlamasına görə, regionda suyun temperaturu 1980-ci illərdən başlayaraq, hər onillikdə təxminən 0,24 dərəcə Selsi yüksəlib.

Tədqiqatçılar həmçinin müşahidə ediblər ki, son 4 ildə istiləşmə daha da sürətlənib. Bununla yanaşı, okeanda oksigenin qatılığı elə həmin dövrdə 6 faiz aşağı düşüb, turşuluq səviyyəsi 30 faiz artıb. Bu isə qınlı (zirehli) dəniz canlılarının sağlamlığına təsir edə bilər.

MAO TSZEDUNUN İMZALADIĞI MENYU REKORD QİYMƏTƏ SATILIB

Çinin keçmiş lideri Mao Tszedunun imzaladığı rəsmi dövlət ziyafət menyusu 275 min dollara hərraca çıxarılıb. “Report” agentliyinin məlumatına görə, bu barədə “Assoşieyted Press” xəbər verib.

Bostonda yerləşən “RR Auction”, Pakistanın sabiq baş naziri Hüseyn Şahid Suhravardinin Çinə ilk dövlət səfərini qeyd etmək üçün 1956-cı il oktyabrın 19-da Pekində təşkil olunmuş ziyafət üçün hazırlanmış menyunun satışını elan edib.

Bildirilir ki, menyu Çinin 6 dövlət xadimi, o cümlədən Mao Tszedun və baş nazir Çjou Enlay tərəfindən qələmlə imzalanıb. Ziyafətdə hər iki ölkənin yeməkləri, delikateslər təqdim olunub.

“Mao Tszedun və Çjou Enlay tərəfindən imzalanmış bir menyunu əlinizdə saxlamaq, diplomatik əlaqə, mədəni mübadilə və onilliklər boyu davam edən dostluq hekayəsini izah edən keçmişin bir parçasını tutmaqdır”, - deyə “RR Auction”un icraçı vitse-prezidenti Bobbi Livinqston vurğulayıb.

İRAN ƏFQANISTAN VƏ TÜRKMƏNİSTANLA SƏRHƏDƏ ORDU YERLƏŞDİRİR

İran yaxın zamanda Əfqanıstan və Türkmənistanla sərhəddə əlavə ordu bölmələri yerləşdirəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə İran ordusunun quru qoşunları komandanı Kiyumars Heydari məlumat verib.

“Bu istiqamətdə sərhədlər zəifdir və bu səbəbdən möhkəmləndiriləcək. Yaxın zamanda Cənubi Xorasanın şimal-şərqində sərhəd rayonlarında artilleriya, raket, pilotsuz və mobil desant bölmələri yerləşdirəcəyik”, - deyə K.Heydari qeyd edib.

Bununla yanaşı, quru qoşunları komandanının sözlərinə görə, bu addıma təkcə İran ərazisi üçün bu istiqamətlərdən təhdid olması nöqteyi-nəzərindən baxılmamalıdır.

Kiyumars Heydari bildirib ki, bu tədbir ordu bölmələrinin döyüş hazırlığını və ixtisaslaşmasını dəstəkləmək və artırmaq məqsədilə görülür.

Aİ-dən BƏRPA OLUNAN ENERJİ İLƏ BAĞLI DÜNYA ÖLKƏLƏRİNƏ ÇAĞIRIŞ

Avropa İttifaqı (Aİ) qalıq yanacaqlardan mərhələli şəkildə imtina etməyə çağıraraq, bərpa olunan enerjinin bütün dünya üçün əlçətan olmasını zəruri hesab edir. “TASS” agentliyinin xəbərinə görə, bu barədə İspaniyanın baş nazirinin müavini, ekoloji keçid və demoqrafik çağırışlar naziri Teresa Ribera BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

“Bu kritik onillikdə COP28 dönüş nöqtəsi olmalıdır. Biz enerjinin yeni formalarını işləyib hazırlayarkən qalıq yanacaqlardan uzaqlaşaraq effektiv keçidə yol açmalıyıq. Biz texnologiya və maliyyələşdirməyə şərait yaratmaqda bütün ölkələri bərpa olunan enerji ilə təmin etməliyik”, - deyə Aİ adından çıxış edən Teresa Ribera qeyd edib.

Xatırladaq ki, cümə günü İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi qalıq yanacaqların gələcək istifadəsi üçün bir neçə variantı, o cümlədən onların mərhələli şəkildə ləğvi üçün müddəaları özündə əks etdirən “COP28”in yekun sənədinin layihəsini yayımlayıb. Sənədin əsas bölməsində qalıq yanacaqlardan mərhələli şəkildə imtina ilə bağlı 4 yol təklif olunur ki, tərəflər yaxın günlərdə bunun üzərində müzakirələrə başlayacaqlar.

DÜNYANIN ƏN ZƏNGİN AİLƏLƏRİNİN REYTİNQİ AÇIQLANIB

“Bloomberg” agentliyi 2023-cü ildə dünyanın ən zəngin ailələrinin siyahısını açıqlayıb. Siyahının ən zəngin ailəsi 305 milyard dollarlıq sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl-Nəhyanlar olub.

Bildirilib ki, ikinci yeri “Walmart” mağazalar şəbəkəsinin sahibi olan Uolton ailəsi tutub. Agentlik onun sərvətini 259,7 milyard dollar qiymətləndirir.

Eyni zamanda, “Hermes” moda evini quran və ona sahib olmaqda davam edən Ermes ailəsi 150,9 milyard dollarla reytinqdə üçüncü yerdədir.

Dördüncü yerdə “Mars” şirkətinin sahibi olan Mars ailəsi qərarlaşıb. Qətərdə hakimiyyətdə olan Əl-Tani ailəsi isə siyahıda beşinci yeri tutub.

Qeyd olunur ki, ümumilikdə dünyanın 25 ən varlı ailəsi 2023-cü ildə 1,5 trilyon dollar əlavə qazanc əldə ediblər ki, bu da ən zəngin ailələrin ötən ilki sərvətindən 43 faiz çoxdur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.