Laçın öz Laçın simasına qayıdır
Region

Laçın öz Laçın simasına qayıdır

Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olan, vaxtilə Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilmişdir. Daha əvvəl isə bu bölgədə "Yuxarı Laçın" adlı kənd və Laçın dağ zirvəsi də olub. Bəzi iddialara görə, XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Bu mənada Laçın sözü məğrurluq, ucalıq mənasındadır. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biridir.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Osmanlı dövlətindən və İrandan ermənilər kütləvi şəkildə Cənubi Qafqaza köçürülüb. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmayıb. Məlumatlarda deyilir ki, 1970-ci illərdə Laçında ermənilərin sayı cəmi 34 nəfər təşkil edib. İşğal dövrünə kimi 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadratkilometr olmuşdur. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq olub. Laçın tarixən, ta qədim zamanlardan təbii ehtiyatlar baxımından olduqca zəngin bir ərazidir. Rayon ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəngdaşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.

 Bölgənin əmək ənənələrinə uyğun olaraq Laçında toxuculuq sənəti geniş şəkildə inkişaf etmişdir. Burada yundan toxunan xalça, kilim, palaz, xurcun, fərməş, at çulu və digər məişətdə istifadə edilən əşyalar geniş şəkildə yayılmışdır. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalça növü məhz bu bölgəyə məxsusdur. Laçın əhalisinin ümumi sayı işğala kimi 58736 nəfər olub. Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra laçınlılar 57 şəhər və rayonda müvəqqəti məskunlaşmışdılar. 2020-ci ilin statistik məlumatlarına əsasən, artıq Laçın əhalisinin sayı 78565 nəfərdir.

Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal zamanı ermənilər tərəfindən 13745 yaşayış evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib. 267 nəfər şəhid verən rayonda, 66 laçınlı girov götürülüb, 103 nəfər əlil olmuşdur. Torpaqlarımız uğrunda şəhid olan Milli qəhrəmanlardan 6-sı laçınlıdır.1 yaşdan 16 yaşadək uşaqlar arasında 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuşdur. Bu uşaqlardan 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynini itirmişdir. İşğala qədər Laçında ümumilikdə 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Ermənilərin Laçını işğal etdikləri müddətdə ərazidə olan bütün yaşayış və infrastruktur binaları ya tamamilə dağıdılıb, ya da yararsız hala salınıb. Laçın qeyd etdiyimiz kimi, təbii ehtiyatlar baxımından da olduqca zəngin ərazidir. Ermənistan bölgəni talan etməklə yanaşı, eyni zamanda beynəlxalq hüququn qaydalarına zidd olaraq xaricdə yaşayan ermənilərin köçürülməsini də təşkil etmişdir.

Şükürlər olsun ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Qələbəsi nəticəsində bir güllə atılmadan işğaldan azad edilən ərazilərdən biri də Laçın oldu. Laçın rayonu noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarıldı.

Beləcə, Laçının ikinci həyatı, azadlıq tarixi 1 dekabr 2020-ci ildən başladı. Dövlətin xüsusi qayğı və diqqəti sayəsində Laçın rayonu günü-gündən çiçəklənir. Azad edilən Laçın şəhərində və Zabux, Sus kəndlərində dövlət başçısının tapşırığına əsasən dərhal tikinti-quruculuq işlərinə start verildi. Qarşıya qoyulan hədəflərə vaxtından əvvəl və keyfiyyətli şəkildə çatmaq mümkün oldu. Tikilib istifadə üçün hazır olan evlərə Böyük Qayıdış planına uyğun köçürülmə prosesinə başlanıldı. Mərhələli şəkildə həyata keçirilən köçürülmə prosesi bu gün də davam edir. İndiyədək Laçın rayonunda 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib. Cəmi 8 ay ərzində Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulub, müasir, modern görkəm alıb. Burada laçınlıların xoşbəxt gələcəyi, rahat yaşayışı üçün bütün şərait yaradılıb. İlin sonuna qədər isə minlərlə laçınlı öz doğma yurdlarına qayıdacaq. Laçında həyata keçirilən layihələr, aparılan böyük tikinti-quruculuq işləri bu şəhərin Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağından xəbər verir. Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq Laçın şəhərində evlərin dam örtüklərində günəş panelləri quraşdırılıb. Həmin panellər şəhərin daha çox günəş tutan evlərində quraşdırılıb.

Müharibə başa çatandan sonra da ermənilərin Laçın və digər ərazilərimizi talan edib, təbii sərvətlərimizi xaricə daşıması prosesi davam edirdi. Bunun qarşısının alınması məqsədilə aprelin 23-də Həkəri çayı üzərində Laçın dövlət sərhədində buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz gücünü bir daha nümayiş etdirdi. Artıq ölkəmizin ərazi bütövlüyü tam təmin olunub. Bütün sərhədboyu nəzarət-keçid məntəqələri yaratmaqla ölkəyə giriş və çıxışlara Azərbaycan qanunları çərçivəsində nəzarət edilir. Ötən 30 illik dövrdə Ermənistan tarixə işğalçı dövlət kimi düşməklə yanaşı, həm də talançı, vandal millət kimi də həkk olundu. Onlar işğal etdikləri Azərbaycan ərazilərini tamamilə dağıdaraq sanki cəhənnəmə çevirmişdilər. Şükürlər olsun ki, dövlətimiz öz hərbi gücü hesabına işğal altında olan torpaqlarını düşmən tapdağından xilas etdi. Ermənilərin cəhənnəmə, xarabazara çevirdiyi ərazilərimiz bu gün cənnətə, gülüstana çevrilir. Ermənistandan fərqli olaraq Azərbaycan qurub-yaradır. İşğaldan azad olunmuş bütün ərazilərimiz indi böyük tikinti meydançasına çevrilib. Qarabağa və Şərqi Zəngəzura səfər edən hər kəsdə ermənilər tərəfindən dağıdıb talan edilən yaşayış məntəqələrimiz haqqında təsəvvürlər formalaşır. Bütün dünya, beynəlxalq aləm özü də şahidi olur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi kimi, onu tikib-qurmağı da layiqincə bacarır. Yenidən tikilən şəhər və kəndlərimizi, öz doğma yurdlarına qayıdan sakinləri, çəkilən müasir yolları, beynəlxalq hava limanlarını və ərsəyə gələn yeni-yeni müəssisələri görəndə Azərbaycan xalqının yaradıcı və qurucu olduğunu öz gözləri ilə görürlər.

Ötən 8 ay ərzində Laçında çox böyük işlər həyata keçirilib. Artıq Laçın beynəlxalq aləm üçün də hava qapılarını açmağa hazırlaşır. Hazırda Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Xaricdən gələcək çoxsaylı qonaqları nəzərə alan dövlət mehmanxana kompleksinin təməlini qoyub. Böyük Qayıdış planına uyğun olaraq köçürülən əhalinin sosial təminatı nəzərə alınıb, avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin açılışı olub. Yeni təhsil ilində məktəb öz qapılarını şagirdlərin üzünə açacaq. Bu, işğaldan azad edilən Laçında istifadəyə veriləcək ilk məktəb binasıdır. Bundan başqa, şəhər ərazisində mebel fabrikinin, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.

Bu günə kimi Laçında 620-si fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmərtəbəli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən edildi. İşğaldan azad edilən rayonlar sırasında şəhər gününün qeyd edilməsi birinciliyi Laçının qismətinə yazıldı. Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak etdilər.

Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışını mühüm vəzifə kimi qarşıya qoyub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə daha da sürətlənir, Böyük Qayıdış proqramı icra olunur. İndi daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.

Ramidə YAQUBQIZI,

"Respublika".