Rayonun Talıstan kəndindən olan şəhid baş leytenant Cavidan Bədəlovun ad günü ilə bağlı idarə və müəssisə rəhbərləri, RİH-in məsul əməkdaşları, şəhid ailələri və kənd sakinlərinin iştirakıyla tədbir keçirilib. Əvvəlcə şəhidin kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, rəşadətli döyüş yolundan danışıblar.
Cavidan Bədəlov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Ali hərbi təhsil alan şəhidimiz 2017-ci ildən etibarən ordu sıralarında leytenant rütbəsi alaraq zabit kimi xidmət etməyə başlayıb.
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, Vətən müharibəsində göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı" ordeni, "Kəlbəcərin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", ölümündən sonra isə "Vətən uğrunda" medalları ilə təltif edilib.
M.QULUYEV,
"Respublika".