Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası respublikada ilk dəfə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Ulu Öndər Heydər Əliyev və mədəniyyət: aforizmə çevrilmiş kəlamlar" adlı videoçarx hazırlayıb.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə "Kitabi-Dədə Qorqud" qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Mehdi Hüseynzadənin heykəllərinin ucaldılması, Şəhidlər Xiyabanında ucaldılmış Əbədi Məşəl Abidəsinin və digər monumental sənət əsərlərinin yaradılması tarixi xidmətləridir. Onun təşəbbüsü ilə ədəbiyyat və mədəniyyət xadimlərimizin ev-muzeylərinin açılması, "Gülüstan" sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi müasir memarlıq abidələri kimi yadda qalmışdır. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi.
Videoçarxda ulu öndərin mədəniyyət, incəsənət, teatr, kino, mədəniyyət xadimləri, şair və yazıçılar haqqında söylədiyi dəyərli və bənzərsiz fikirlər öz əksini tapmışdır. Burada ulu öndərin mədəniyyət və incəsənət xadimləri ilə çəkdirdiyi fotoşəkillər də yerləşdirilib.
Videoçarx Heydər Əliyevin mədəniyyət haqqında dediyi "Azərbaycan qədim mədəniyyət ölkəsidir. Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox olduqca qiymətli mədəniyyət əsərləri, memarlıq, sənət abidələri, olduqca dəyərli təsviri sənət əsərləri bəxş etmişdir" aforizmi ilə başlanır.
Kitabxanada hazırlanmış videoçarx müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Gülnar ALLAHVERDİYEVA,
Yasamal Rayon Mərkəzi Kitabxanasının
sistem inzibatçısı.