Qlobal əhəmiyyətli layihə - Zəngəzur dəhlizi
Digər xəbərlər

Qlobal əhəmiyyətli layihə - Zəngəzur dəhlizi

Rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında əldə etdiyi şanlı qələbə zəfər tariximizə qızıl hərflərlə yazıldı. Xain Ermənistanın 30 il boyunca işğal altında saxladığı və viran günə qoyduğu ərazilərimizdə hazırda genişmiqyaslı layihələrin icrası davam edir. Yekunlaşmış işlərə diqqət etsək, görərik ki, buradakı quruculuq prosesi yüksək səviyyədə aparılır. Ölkəmizin prioritet hesab etdiyi daha bir məsələ isə sözügedən əraziləri gülüstana çevirməklə yanaşı, Zəngəzur dəhlizini reallaşdırmaqdır. Dəhliz Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını (Ordubad rayonunu) birləşdirəcək.

Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olmağa imkan yaradacaq. Bu isə nəqliyyat və logistik imkanlar baxımından çox vacib hesab olunur. Xüsusi vurğulamaq lazımdır ki, 44 günlük müharibədə əldə edilən qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, eləcə də logistika imkanlarını genişləndirməsi istiqamətində bir sıra əlverişli imkanlar yaranıb. Zəfərimizin təsdiqi olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda da Zəngəzur dəhlizinin açılması məsələsi müddəa kimi qeyd edilib. Çünki dəhlizin açılması ilə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikası blokadadan çıxmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışı təmin ediləcək. Qeyd edək ki, Zəngilanla Naxçıvanı cəmi 40 kilometrlik Zəngəzur dəhlizi ayırır. Dəhlizin bərpa olunması, özlüyündə yeni iqtisadi perspektivlər formalaşdıracaq. Bundan başqa, dəhliz Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirəcək.

Digər vacib məqam isə Zəngəzur dəhlizinin lokal, regional və interkontinental müstəvidə çox böyük əhəmiyyətə malik olmasıdır. Dəhlizin lokal əhəmiyyətindən söz açıldıqda onun yeni nəqliyyat yolunun keçdiyi ölkələrdə inkişafı stimullaşdıran faktor kimi çıxış etməsini misal gətirə bilərik. Dəhlizin açılması ilə Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətlərinin biri-birinə bağlanması planlaşdırılır. Bu isə hər üç bölgənin yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcəyi anlamına gəlir. Dəhlizin regional müstəvidəki əhəmiyyətinə gəldikdə isə qeyd etməliyik ki, bu layihənin həyata keçirilməsi ilə regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqaməti onun regional müstəvidə digər əhəmiyyətini daha da qabardır. Zəngəzur layihəsinin interkontinental əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativ yaratmasıdır. Bu isə Çindən gələn məhsulların birbaşa Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasına imkan verəcək. Nəhayət, Zəngəzur dəhlizi yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi formalaşmaq potensialına malikdir.

Bir məqamı da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə ilə yanaşı, Xəzər dənizinin strateji üstünlüyü baxımından da bütövlükdə bölgə üçün vacib rola malikdir. Nəzərə alsaq ki, hazırda Azərbaycana yükdaşımalar Orta Asiya ölkələri və o cümlədən Rusiyadan Xəzər dənizi vasitəsilə həyata keçirilir. Məhz Zəngəzur dəhlizinin açılması ilə bu problem aradan qaldırılacaq. Bundan başqa, yeni ticarət marşrutu meydana çıxacaq və regionda yeni iqtisadi və geosiyasi mühit yaranacaq. Bu isə bölgədə sülhün bərqərar olmasına gətirib çıxaracaq.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin açılmasının hüquqi bazasını özündə ehtiva edir. Mənfur Ermənistan isə hər zaman olduğu kimi, məkrli siyasət nümayiş etdirərək bu prosesdən, daha dəqiq desək, dəhlizin açılması istiqamətində üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Buna baxmayaraq, Azərbaycan qalib ölkə kimi Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə məcbur etməkdə israrlıdır.

Nəzrin ELDARQIZI,

"Respublika".