Müharibələr, terror aktları və etnik ayrı-seçkilik bəşəriyyətin qarşısında duran ən böyük problemlərdən biridir. Bu hadisələrin baş verməsi nəticəsində milyonlarla insan doğma torpaqlarından didərgin düşərək ya öz məmləkətlərində, ya da ki, qonşu və digər ölkələrdə qaçqınlıq həyatı yaşamağa məcbur olublar.
BMT-nin Baş Assambleyası müharibə, təqib və zorakılıq səbəbindən zorla didərgin salınmış insanlara xüsusi diqqət göstərilməsi məqsədilə 4 dekabr 2000-ci ildə hər il iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib. Dünyada qaçqınların sayının artmasının qarşısını almaq üçün bu qətnamə qəbul edilsə də, hər il bu rəqəmlər kəskin surətdə artmaqdadır. Son onillikdə İslam dünyasında gedən daxili savaşlar və Afrika qitəsində başlayan Ərəb baharı Avropa, ABŞ və Türkiyəyə qaçqın axınının sürətlə artmasna səbəb olmuşdur. Qardaş ölkə Türkiyə Suriyada baş vermiş vətəndaş müharibəsində qapılarını 3 milyon suriyalının üzünə açmış və onların təhlükəsiz şəkildə yaşaması üçün şərait yaratmışdır. Həmçinin Əfqanıstanda hakimiyyətin dəyişməsilə eynilə Suriyada olduğu kimi, burada da Türkiyəyə pənah aparan qaçqın axını müşahidə olundu. Adətən İkinci Dünya müharibəsindən sonra ölkələr arasındakı silahlı toqquşmalar və müharibələr Avropanın kənarlarında baş versə də, 2022-ci ildə Rusiya-Ukrayna savaşının başlanması qitə üçün də arzuolunmaz hala çevrildi. Ukraynadan Avropanın içərilərinə doğru uzanan qaçqın seli bu məsələnin xüsusi gündəmdə saxlanılmasını diqqət mərkəzinə gətirmişdir.
Beynəlxalq Qaçqınlar Gününün hər il Azərbaycanda da qeyd edilməsi təsadüfi yox, zəruri hala çevrilmişdir. Çünki 1 milyondan çox soydaşımız erməni zülmünə məruz qalaraq minillər boyu yaşadıqları torpaqlardan zorla köçürülmüşdür. XX əsrin əvvəllərindən başlayan erməni vəhşiliyi 1994-cü ilə qədər davam etmişdir. Həmin əsrin sonlarında Azərbaycan qaçqın və məcburi köçkün sayına görə dünyada ön sıralarda qərarlaşmışdı. 1988-ci ildən başlayaraq ermənilərin şüursuz şəkildə Azərbaycan torpaqlarına ərazi iddiaları etməsi Qarabağ müharibəsinin başlanması ilə nəticələnmişdi. Həmin illərdə Azərbaycan daxilində hökm sürən xaos və anarxiya erməni silahlı qüvvələrinin yolunu açaraq torpaqlarımızın 20 faizinin işğalına gətib çıxardı. Mülki əhalinin müdafiəsinin yetərincə təşkil olunmaması minlərlə insanın itkin və əsir düşməsinə, habelə 700 mindən çox insanın məcburi surətdə el-obalarından sürgün olunmasına səbəb olmuşdu. Həmin ərəfələrdə Azərbaycanın üzləşdiyi digər problem də Qərbi Azərbaycan torpaqlarında 250 mindən çox həmvətənimizin etnik mənsubiyyətə görə erməni rəhbərləri tərəfindən bu torpaqlardan zorla çıxarılması idi. 1990-cı ildə Fərqanə hadisələrində Orta Asiyadan 50 min nəfərə yaxın Axısxa türkü də Azərbaycana gəlib.
Bütün bu olub-bitənlərə dünya birliyinin ədalətsiz mövqe sərgiləməsinin, erməni vəhşiliyinə səssiz qalmasının günümüzdə hansı faciələrə yol açdığının əyani şahidi oluruq. Soydaşlarımızın durumuna gəlincə isə indi Qarabağdan qovulanları keçmiş məcburi köçkün adlandırırıq və Böyük Qayıdış adı altında onlar yenidən doğma torpaqlara üz tuturlar. Məlum olduğu kimi, 30 ildən sonra Azərbaycanın Müzəffər Ordusunun qazandığı tarixi qələbə məcburi köçkünlərimizin qayıdış arzularını reallığa çevirdi. Lakin deməliyik ki, 30 il ərzində Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən bu işlər 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən də uğurla icra olunub. Qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi üçün çoxsaylı Dövlət proqramları qəbul edilib. Məhz bu amilləri nəzərə alıb deyə bilərik ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1998-ci ildə Heydər Əliyevin Sərəncamı ilə "Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. 1999-cu ildə yenə Heydər Əliyevin Fərmanı ilə dünyada ilk dəfə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yaradılmışdır. Bu istiqamətdə islahatların aparılması məcburi köçkünlərin problemlərinin həll olunmasında mühüm əhəmiyyət kəsb etdi. Təbii ki, məcburi köçkünlərə diqqət və qayğı bununla bitməmişdi. Dövlət başçısı İlham Əliyev 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və 2007-ci ildə həmin Sərəncama edilən əlavələr qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması yönündə çox müsbət addım olmuşdu. Bakı, Sumqayıt, Abşeron, Gəncə, Ağcabədi, Goranboy və digər rayonlarda çoxmərtəbəli yaşayış binaları və qəsəbələr salınaraq istifadəyə verilib və 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilat Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) idarəetmə təcrübəsini və zəruri yardımı Azərbaycana gətirmiş ilk beynəlxalq təşkilatlardan biri olub. 2012-ci ildən BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü olan Azərbaycan yüksək səviyyəli nümayəndə heyəti ilə qurumda fəal iştirak edir. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi 1992-ci ilin dekabr ayından fəaliyyət göstərir və bu dövrlər ərzində təşkilatın xətti ilə təxminən 100 milyon ABŞ dollarından çox vəsait həcmində müxtəlif layihələr həyata keçirilmişdir. Məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərə qiymətləndirmə missiyaları təşkil edilmiş, məcburi köçkün icmaları və yerli hakimiyyət orqanları ilə görüşlər keçirilmişdir.
İkinci Qarabağ müharibəsində tarixi qələbəmiz keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün zəmin yaradıb. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış başlayıb…
Musa BAĞIRLI,
"Respublika".