Kənd həyatı müasirləşir
Region

Kənd həyatı müasirləşir

Ağsu

Ötən 20 il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi dəyərləndirilir. Çünki bu dövrdə qazanılan iqtisadi uğurlar ölkəmizin bütün sahələrdə inkişaf etdiyini göstərir. 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,8 milyard manat təşkil edib. 2023-cü ilin gözləntilərinə görə 2003-cü illə müqayisədə 16,8 dəfə artım olacağı proqnozlaşdırılır. Ümumiyyətlə son 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların nəticəsində respublikamız yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub və əhalinin yaşayış tərzi yaxşılaşaraq məmnunluq hissini durmadan artırır. Bunun real mənzərəsi görmək üçün Ağsu rayonun Məlikçobanlı kəndinin sakinlərinin fikirlərini öyrənmək qərarına gəldik.

İntiqam Həmidov:

Qazandığımız uğurlara və yaşayış şəraitimizə görə ilk öncə dövlət başçımıza minnətdarıq. Artıq çətin kənd həyatı arxada qalıb, yollarımız təmir olunub, kommunal təchizatda heç bir problemimiz yoxdur. Hər hansı bir çətinlik olan kimi sözümüzü rayon rəhbərliyinə rahat şəkildə çatdıra bilirik. Daha əvvəlki dövr deyil, indi biz rəhbərliklə görüş üçün qəbula getmirik, Prezidentimizin tapşırığına əsasən onlar özləri kəndlərə gəlirlər. Görüşlərdə qarşılaşdığımız çətinlikləri deyir və təkliflərimizi veririk. Kəndimizdə internetlə bağlı problemimiz olduğunu bildirən kimi müvafiq qurumlara müraciət etdilər. Aldığımız məlumata görə, internetin çəkilişi üçün artıq işlər görülür.

 

 

Akir Qurbanov:

Biz inanmazdıq ki, kəndimizin uzun illər yığılıb qalan problemləri qısa vaxt ərzində aradan qaldırıla bilər. Artıq bunun canlı şahidləriyik. Problemimiz yoxdur, olan kimi isə icra nümayəndəsinə və bələdiyyəyə deyirik. Sağ olsunlar, müraciətlərimizə həssaslıqla yanaşır və həll etməyə çalışırlar. Çünki rayon rəhbərliyi Prezidentin bütün tapşırıqlarına əməli işi ilə cavab verməyə çalışır. Bir fakta toxunmaq istərdim. Nəvəmin yanğınla bağlı müalicəsi rayon həkimləri tərəfindən aparılırdı və ciddi nəzarətdə saxlayırdılar. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov kəndə gəlib vəziyyətimlə maraqlananda belə bir çətinliyimizin olduğunu bildi və operativ reaksiyasından sonra qısa vaxtda evimizə rayondan əlavə olaraq həkim briqadası gəldi. Budur məmurun xalqa qayğısı və xidməti.

 

Südabə Səmədova:

Kəndimizdə şarait, gördüyünüz kimi, yaxşıdır, yolumuz əsaslı təmir olunub və asfaltlanıb. Qaz problemi xeyli müddətdi ki, birdəfəlik aradan qaldırılıb və bizi narahat edən işıq xətti yenilənir, internet çəkilir, suyun yaxşılaşdırılması istiqamətində işlər görülür. Bütün bu işlərlə yanaşı, Qarabağın işğaldan azad olunması və müharibənin qələbəmizlə başa çatması bizi sevindirir. Həyat yoldaşım müharibə veteranı olduğuna görə müharibənin ağrılarına yaxşı bələdəm. Şükürlər olsun ki, xalqımız bu problemdən birdəfəlik xilas oldu. Ancaq ailəmizin bir ağrılı yeri var, nəvəm şəkər xəstəsidir, mütəmadi müalicə olunur. Bu işdə həkimlərimizə minnətdarıq, köməkliklərini əsirgəmirlər. Rayon rəhbərliyi də vəziyyətimizi nəzərə alaraq qayğı göstərir.

 

 

Toğrul Səfərli:

Müharibə veteranıyam, kəndimizdə mövcud şəraitlə bağlı hər hansı problemin olduğunu deyə bilmərəm. Rayon rəhbərliyi və müvafiq qurumların nümayəndələri mütəmadi surətdə kənd sakinləri ilə görüşərək qayğı və problemlərini öyrənir və həlli üçün konkret işlər görürlər. Artıq kəndlərimizdə müasirtipli uşaq bağçaları və məktəblər fəaliyyət göstərir və yeniləri tikilir. Şəhid ailələrinə və qazilərə isə hərtərəfli qayğı göstərilir. Elə bir hal olmayıb ki, müraciətimiz cavabsız qala. Şəxsən mən kənddə yüksək sürətli internetin olmasını xahiş etmişdim. Sonradan öyrəndim ki, rayon rəhbərliyinin operativ reaksiyasından sonra müvafiq nazirlik tərəfindən işlər görülür. Bütün bunlar xalq arasında dövlət başçısına olan ehtimadı daha da yüksəldir və kənd həyatı müasirləşir. Şəxsən mən bundan tam razıyam.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".