İqtisadi inkişaf dövlətimizin qüdrətinin göstəricisidir
Gündəm

İqtisadi inkişaf dövlətimizin qüdrətinin göstəricisidir

Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizlə yanaşı digər regionlarımıza da böyük diqqət ayırır. Hazırda dünyada hökm sürən ərzaq çatışmazlığı fonunda ölkəmizdə kənd təsərrüfatı və aqrar sahənin inkişaf etdirilməsi kritik əhəmiyyət kəsb edir. Ölkə başçımızın tapşırığına əsasən, bölgələrimizdə böyük infrastruktur layihələr icra edilir. Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib ki, dövlət başçımızın aprelin 16-da yenidən qurulacaq Şirvan suvarma kanalının təməl qoyma mərasimində iştirak etməi bunun bariz sübutudur: 

"60 ildən çox müddətdir inşa edilmiş Yuxarı Şirvan kanalı torpaq mənşəli olduğu üçün külli miqdarda su itkiyə gedirdi. Bu da ətraf ərazilərin şoranlaşmasına gətirib çıxarır, torpağı əkinə yararsız hala salırdı. Yenidən qurulacaq Şirvan kanalı beton mənşəli olacaq və su itkisi demək olar ki, baş verməyəcək. Kanalın uzunluğu 120 km-dən 200 km qədər artırılacaq. Bununla da ətraf 10 rayonun fermer və fərdi təsərrüfatları lazımi qədər suvarma suyundan istifadə edə biləcək. Ümumilikdə, ölkəmizdə həyata keçirilən bütün sosial və iqtisadi layihələr əhalimizin rifahının yaxşılaşdırılmasına və dövlətimizin iqtisadi inkişafına xidmət edir. Ölkə başçımız çıxışında yaxın vaxtlarda Qarabağ kanalının da yenidən qurulacağını bildirdi. Qarabağ kanalı işğaldan azad edilmiş torpaqlarımızla yanaşı ətraf rayonlarda əkinçilik sahələrinin genişləndirilməsinə böyük təsir göstərəcək. 100 minlərlə hektar torpaq sahəsi becəriləcək, yüksək məhsul əldə edilməsinə imkan yaranacaq. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tələbatını ödəmək üçün xarici dövlətlərdən taxıl idxal edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən  böyük infrastruktur layihələrin reallaşdırılması nəticəsində Azərbaycanın xaricdən taxıl idxalı minimuma endiriləcək və yaxın illərdə idxala son qoyulacaq. Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarları və kanalları da inşa ediləcək. Bu da Azərbaycan iqtisadiyyatının güclənməsinə böyük təsir göstərəcək. Həyata keçirilən bütün layihələr dövlətimizin öz gücü hesabına reallaşır. Bu da rəsmi Bakının qüdrətinin göstəricisidir". 

Jalə QASIMZADƏ, 
“Respublika”.