Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib
Gündəm

Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

"Respublika" qəzeti xəbər verir ki, MSK-nın sədr müavini Rövzət Qasımov bildirib ki, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul ediləcək: "İTV namizədlərin qatıldığı – “Diqqət mərkəzi – Seçki” verilişini sosial şəbəkə platformaları üzərindən yayımlayacaq. Bu da əlavə imkandır. Artıq İTV-də mövzular da razılaşdırılıb. Namizədlər də razılaşdırılmış mövzular ətrafında debatlara çıxacaq. İctimai Televiziya və Radio Yayımı Şirkətində namizədlərə 1 saatlıq efir vaxtı veriləcək. Həftənin 1,3,5-ci günləri bu efir vaxtı televiziyada, 2,4,6-ci günləri isə radioda təşkil ediləcək. Püşkatma Komissiyası artıq 2 gün bundan öncə formalaşdırılıb.”

Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

1. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımı Şirkətində efir vaxtı bu gün saat 21:00-dan etibarən televiziyanın efirində başlayacaq. Hər namizəd üçün 8 dəqiqə 57 saniyə vaxt veriləcək. Yayım dəyirmi masa formatı qorunmaqla ayaqüstündə olacaq.