67 saylı Sabirabad seçki dairəsi üzrə 633 müşahidəçi qeydə alınıb
Gündəm

67 saylı Sabirabad seçki dairəsi üzrə 633 müşahidəçi qeydə alınıb

67 saylı Sabirabad seçki dairəsinin dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Treninqlər gündə iki dəfə olmaqla, 4 gün keçiriləcək.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, treninqlərə dairənin tərkibinə daxil olan 48 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunub və Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Belə ki, MSK tərəfindən hazırlıq keçmiş trenerlər Hikmət Sultanov və Seyran Mirzəyev təlimlərdə seçki prosesinin gedişi, komissiya üzvlərinin vəzifələri, səsvermə otağının quruluş sxemi, səsvermənin yekunu, səslərin hesablanması və protokolların tərtib edilməsi barədə proyektor vasitəsi ilə məlumat verirlər.

Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Komissiya sədrinin sözlərinə görə, 67 saylı Sabirabad seçki dairəsi üzrə 48 seçki məntəqəsi var. Bunlardan 7-si yeni yaradılıb və 4 məntəqədə vebkamera mövcuddur. Dairə üzrə ümumilikdə 53889 seçici qeydə alınıb ki, onlardan da 2284 nəfəri səsvermədə ilk dəfə iştirak edəcək. Hazırda müşahidəçilərin qeydə alınması prossssi davam edir və bugünə kimi 633 müşahidəçi qeydə alınıb.

Təlimlər yanvarın 22-də başa çatacaq.