İqor Korotçenko: Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərin qələbə nöqtəsi qoyuldu
Diaspora

İqor Korotçenko: Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlərin qələbə nöqtəsi qoyuldu

Son günlərdə Prezident İlham Əliyevin Xankəndidə dövlət bayrağını ucaltmasından sonra Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko mətbuata açıqlama verib. İ.Korotçenko cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın siyasi və iqtisadi uğurları haqqında danışıb. Həmin açıqlamanı təqdim edirik.

20 il əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başlayıb. Son iki onillik Azərbaycan üçün çox böyük nailiyyətlər dövrünə çevrilib ki, onlardan da əsası ərazi bütövlüyünün bərpası və Qarabağın qaytarılmasıdır. İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycan dünyanın aparıcı oyunçularından birinə çevrilib və bu gün ən güclü qüvvələr belə onunla hesablaşmalı olurlar.

Azərbaycan Qoşulmama Hərəkatının lideridir və Avropa İttifaqının enerji təhlükəsizliyinin qəti şəkildə asılı olduğu beynəlxalq enerji bazarında əsas oyunçudur. Gəlin yalnız ən mühüm nailiyyətləri qeyd edək. Bunlar ilk növbədə iqtisadiyyatla bağlıdır, məsələn, Azərbaycanın ümumi daxili məhsulu bu onilliklər ərzində real ifadədə dəfələrlə artıb. Bu, ümumiyyətlə, son dövrlərdə müasir qlobal miqyasda ən yaxşı iqtisadi göstəricilərdən biridir.

Eyni zamanda, Azərbaycan öz milli iqtisadiyyatını fəal şəkildə şaxələndirir. Beləliklə, təkcə neft və qaz ixracından əldə olunan gəlirlər deyil, həm də iqtisadi tərəqqinin və inkişafın müxtəlif sahələrində Azərbaycan hazırkı kifayət qədər təlatümlü və gözlənilməz hadisələrlə zəngin dünyada davamlılığını təmin edir. Təkcə dövlət büdcəsinin xərcləri 20 il ərzində 30 dəfədən çox artıb və yəqin ki, postsovet məkanında heç bir dövlət bu gün belə göstərici ilə öyünə bilməz. Təbii ki, nailliyətlər güclü iqtisadiyyatın qurulmasıyla bitmir, bu gün aydın olduğu kimi, nəinki postsovet ölkələrinin, həm də bütün dünyanın ən güclü ordularından birinin yaradılması ən böyuk nailliyyətlər arasında ilk sıradadır.

30 ilə yaxın davam edən erməni işğalından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi önəmli tarixi vəzifə 44 gün ərzində həllini tapdı və nəhayət, bu yaxınlarda biz 24 saatdan az müddətdə Qarabağda kök salmış separatçılara silahlarını yerə qoyaraq sülh danışıqlarına getməyi məcbur etdirən antiterror tədbirlərinin şahidi olduq.

Azərbaycanın beynəlxalq diplomatiya və siyasət sahəsində əldə etdiyi nailiyyətlər heç də az əhəmiyyət kəsb etmir. Son illər ərzində Azərbaycan bir sıra qlobal irimiqyaslı layihələrin təşəbbüskarı olub və onlar həm BMT Təhlükəsizlik Şurası, həm də Qoşulmama Hərəkatı vasitəsilə qəbul edilib. Strateji məqsədləri sayəsində bu gün Azərbaycan qlobal dünya proseslərində fəal iştirak edir. Azərbaycanın artıq müasir reallıqlara cavab verən, milli tarixin ən çətin və əlamətdar məqamlarında uğur və səmərəliliyini sübuta yetirən siyasi sistemi yaradılıb.

Təbii ki, Azərbaycan Prezidentinin Rusiya Federasiyası ilə siyasi münasibətlərini xüsusi qeyd etmək istərdim. Bu gün Azərbaycan Rusiyanın postsovet məkanında ən etibarlı, səmərəli tərəfdaşlarından və müttəfiqlərindən biridir. Moskva ilə Bakı arasında müttəfiqlik haqqında imzalanmış Bəyannamə qüvvədədir. Bu, ölkələrimiz arasında bütün siyasi, iqtisadi, sosial münasibətlərin gələcək inkişafı üçün əsas yaradır.

Əlbəttə, İlham Əliyevin simasında biz Ulu Ata Heydər Əliyevi görürük. İlham Əliyev bu gün ən nüfuzlu, hörmətli dünya siyasətçilərindən biridir və onun sayəsində ümumilikdə postsovet məkanında və Cənubi Qafqaz regionunda gedən qlobal proseslərin sabitliyi böyük ölçüdə təmin edilir. Təbii ki, bu simvolik gündə 20 ildir Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev dövlət bayrağını Xankəndidə qaldırdı və bununla da Azərbaycanın son 20 ildə əldə etdiyi genişmiqyaslı və nəhəng nailiyyətlərin qələbə nöqtəsini qoydu.

"Respublika".