Həmyerlimizin namizədliyi YSK tərəfindən təsdiqlənib
Diaspora

Həmyerlimizin namizədliyi YSK tərəfindən təsdiqlənib

Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkilərinə az qalıb. "Resmi Gazete"də dərc olunan seçki təqviminə əsasən ölkədə seçki kampaniyası martın 30-dək davam edəcək. YSK artıq 31 mart 2024-cü il tarixində keçiriləcək yerli özünüidarəetmə orqanlarına ümumi seçkilərdə iştirak edəcək 35 siyasi partiyanın iştirakına icazə verib və siyasi partiyalar namizəd siyahılarını Türkiyə Ali Seçki Şurasına təqdim ediblər. Beləliklə, siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri məlum olub, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanılıb. Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart - bazar günü elan ediləcək.

Budəfəki seçki bülletenində ürəyi yurd eşqi ilə döyünən, böyük bir coğrafi məkanda Azərbaycanı ləyaqətlə təmsil edən həmyerlimiz Zülfiyyə Akdağın (Günəş) adı da var. O, Məmləkət Partiyasından İstanbulun Silivri rayonunun bələdiyyə sədrliyinə namizəddir. Onun aləmində dünya vətəndən, doğulduğu eldən, obadan başlayır. Bu baxımdan, Zülfiyyə xanım ana yurdu Ağdama çox bağlıdır. Doğma yurdun şehli səhərləri, laylalı axşamları, axar suları, barlı ağacları, sarı sünbüllü çölləri, göy üzünü dolaşan bulud karvanı, dağların dumanı onun uşaqlıq yaddaşına əbədi həkk olunub. Bu ərəfədə onunla həmsöhbət olduq.

Həmyerlimizlə müsahibəni təqdim edirik:

- Zülfiyyə xanım, Türkiyəyə gəlmə səbəbiniz nədir?

- Azərbaycanın Ağdam rayonunun Gülablı kəndində anadan olmuşam. İbtidai təhsilimi kəndimizdə başa vurmuşam. Daha sonra təhsilimi Bakıda A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada davam etdirmişəm. 1991-ci ildə Türkiyəyə təhsil almağa göndərilən 50 tələbədən biri də mənəm. Tələbələr müxtəlif universitetlərdə təhsillərini davam etdirdilər. Mən isə İstanbul Universitetinin tarix fakültəsini bitirdim. 1992-ci ilin fevral ayında Azərbaycana qayıtdım. Çünki kəndimizdə vəziyyət çox gərgin idi. Gülablı işğal altındaydı. Kənddən bizimkilər ən son o zaman çıxdılar. Təkrar İstanbula qayıtdım. Amma yurd həsrəti içimi göynədirdi. Kəlbəcər işğal olunandan sonra 1993-cü il aprel ayının 6-da Bakıya gəldim. Məqsədim döyüşlərə qatılmaq idi. Amma icazə vermədilər və yenidən Türkiyəyə qayıtdım.

- Azərbaycan sizin üçün nə deməkdir? Vətən deyiləndə ilk olaraq gözünüzün önünə nə gəlir?

- Dünyada çox ölkələr var. Hər kəsə öz ölkəsi, öz vətəni əzizdir. Hər bir azərbaycanlı öz Vətəninə - Odlar yurdu Azərbaycanına bağlıdır, onunla nəfəs alır, onunla yaşayır. Hər birimiz candan artıq sevirik doğma yurdumuz Azərbaycanı. Bəzən vətənimizdən, elimizdən-günümüzdən ayrılmalı olur, qərib ölkələrə üz tuturuq. Harada yaşamağımızdan asılı olmayaraq qəlbimiz daim vətənlə döyünür. İllər, qərinələr keçsə belə könlümüz, gözümüz, bir də vətən sevdalı qəlbimiz vətənlə olur.

 Mən Azərbaycanımla hər zaman fəxr etmişəm. Mənim üçün vətən canımdan artıqdır. Vətənin uğuru uğurum, sevinci sevincim, kədəri isə göz yaşlarımdır. Vətən gülərsə, mən də gülərəm.

- Türkiyədəki fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?

- Uzun illər tarix müəllim kimi fəaliyyət göstərmişəm. 50 universitetdə əsir düşmüş qadınlarla bağlı konfrans keçirmişəm. 2019-cu ildə İstanbulda erməni kilsəsinin qarşısında təkbaşına fransız, ingilis və erməni dilində pankart açaraq onlara etirazımı bildirmişəm. Türkiyənin müxtəlif şəhərlərində keçirilən elmi konfrans və simpoziumlarda torpaqlarımızın ermənilər tərəfindən işğal olunması, Xocalı soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı çıxışlar etmişəm və Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmışam. 2012-ci ildən Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmsilçisiyəm.

- Bələdiyyə sədri seçildiyiniz təqdirdə Azərbaycanla bağlı nə kimi planlarınız var?

- 31 mart 2024-cü ildə Türkiyədə keçiriləcək bələdiyyə seçkisində Məmləkət Partiyasından İstanbulun 240 min əhalisi olan Silivri rayonunun bələdiyyə sədrliyinə namizədliyim irəli sürülüb. Silivri bölgəsində 25 ildir yaşayıram. Müxtəlif məktəblərində dərs demişəm. Əhalini tanıyıram. Əgər seçilərəmsə, Ağdam ilə Silivrini qardaşlaşmış rayon olaraq görmək istəyirəm. Çünki Ağdamda da 240 min soydaşımız yerləşdiriləcək.

Söhbət əsnasında həmyerlimiz "Gözlərim yol çəkər, Qarabağ" kitabı haqqında da məlumat verdi. Kitabda sovet dövründəki və ondan sonrakı Qarabağ təsvir edilib.

Ziya Şahinin "Karabağda savaşan kadınlar" kitabında da Zülfiyyə Akdağdan (Günəş) bəhs edilib. Kitab hazırda ABŞ-da ingilis dilinə tərcümə olunur.

Zülfiyyə Akdağ çox yerdə Zülfiyyə Günəş kimi tanınır. "Günəş" təxəllüsünü qədim Azərbaycanın simvolu olaraq götürüb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.