Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Hürriyyət": Cümhurbaşqanı Ərdoğan Prezident İlham Əliyev ilə telefonla danışıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Hürriyyət" nəşrinin yaydığı məlumatda bildirilir ki, Prezident Ərdoğan Hindistanın paytaxtı Yeni Dehlidə 18-ci G20 liderlərinin sammiti ilə bağlı keçirdiyi görüş zamanı iki ölkənin liderləri telefon vasitəsilə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın Qarabağ regionunda son günlər baş verən hadisələr də müzakirə olunub.

 

"Reuters": Separatçılar yolun açılmasına mane olan təxribatlardan əl çəkmirlər

Reuters xəbər verir ki,  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  "X" platformasında yayımlanan tvitdə qeyd edib  ki, Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli jest kimi razılığını bildirib: "Sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qırmızı Xaç Cəmiyyətinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək. Bu, ayrıca sövdələşmədir və BQXK-nın çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli jest kimi razılığını bildirdi. Lakin qanunsuz rejim bundan imtina etdi".

 

"Business Recorder": Qarabağ Azərbaycan ərazisidir

Pakistan Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab edir və qeyri-qanuni yaradılmış rejimin orada qondarma seçki keçirməsini qınayır.

Bu barədə Business Recorder xəbər saytı məlumat verib. Məlumatda qeyd olunub ki, bu, həm də BMT Nizamnaməsinin və beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan şənbə günü Qarabağ bölgəsində keçirilən seçkiləri pisləyib və onu "son dərəcə təxribatçı addım" adlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır və heç bir şəkildə qəbul edilə və ya dözülə bilməz".

 

 

Moldova XİN: Qarabağda qondarma "prezident seçkiləri"nin təşkili qanunsuzdur

Moldova Respublikası sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

Moldova Respublikasının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma seçkilər beynəlxalq hüququn norma və fundamental prinsiplərinə ziddir. Rəsmi açıqlamada Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstək vurğulanıb.

 

"Daily Sabah": Türkiyə və Azərbaycan Qarabağdakı qondarma seçkiləri pisləyir

"Daily Sabah" xəbər saytı Türkiyə və Azərbaycanın qeyri-qanuni erməni qüvvələrinin Qarabağda keçirdiyi qondarma seçkiləri pisləməsi barədə məlumat yayıb. Məlumatda Avropa İttifaqının bunu tanımadığı qeyd olunub. Bununla bağlı Türkiyə XİN bəyanat yayıb.

"Qeyri-qanuni Ermənistan silahlı qüvvələrinin nəzarəti altında Azərbaycanın Qarabağ bölgəsi ərazilərində keçirilən seçkilər regionda beynəlxalq hüquqazidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür". Bəyanatda, həmçinin Türkiyənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-qanuni seçkiləri tanımadığı bildirilib. Xəbərdə qardaş ölkənin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesini dəstəklədiyi, ölkəmizin regionda sülh və sabitliyə böyük töhfə verdiyi də yer alıb.

"Respublika"