Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Diaspora

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankarada 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. TADİV-in Şuşa Konfrans Mərkəzində təşkil edilən tədbirdə Türkiyənin dövlət rəsmiləri, diplomatik korpus təmsilçiləri, ictimaiyyətinin tanınmış nümayəndələri, bu ölkədə təhsil alan hərbçilərimiz və ictimai fəallar iştirak ediblər. Tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım və Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Suver çıxış ediblər.

Professor Aygün Attar bildirib ki, bu hadisələr həm də Azərbaycan xalqının misilsiz qəhrəmanlığı kimi tarixə düşüb. Azərbaycan xalqı həmin təlatümlü gecədə azadlığı və müstəqilliyi yolunda ölüm təhlükəsinə sinə gərərək qəddar sovet imperiyasına meydan oxuyub.

20 Yanvarla bağlı Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyünü təmin etmək arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliam olduğunu bildirib. ''20 Yanvar faciəsindən sonra Türkiyədə Azərbaycanla həmrəylik nümayiş etdirən aksiyalar keçirilib. Qardaşımızın acısını bizlər də ürəyimizdə hiss etdik. Çıxışını bu sözlərlə başlayan millət vəkili Şamil Ayrım 20 Yanvar şəhidlərini əsl qəhrəmanlar adlandırıb. İkinci Qarabağ müharibəsində bütün Türkiyə əhalisinin Azərbaycanla həmrəy olduğu kimi, 20 Yanvarda da insanlarda təəssübkeşlik ruhu, əzmi vardı. İkinci Qarabağ müharibəsi bütün dünyaya "hər kəs öz torpağında hüzur içində yaşasın" prinsipini nümayiş etdirməklə yanaşı, Orta Asiya və bütün dünya türklərinə bir oyanış və cəsarət də gətirdi.

Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Suver 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqillik iradəsini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. O bildirib ki, 20 Yanvar qəhrəmanlığı 8 Noyabr - Zəfər Gününə aparan azadlıq yolunun başlanğıcı olub.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.