Hərbi-diplomatik zəfərin təntənəsi
Digər xəbərlər

Hərbi-diplomatik zəfərin təntənəsi

26 avqust 2022-ci ildə Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan azad edilmişdir

44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu ortaya qoydu. Ordumuzun hər bir üzvü isə göstərdiyi şücaətlə, misilsiz qəhrəmanlıqlarla Zəfər dastanına öz imzasını həkk etdirdi. Şanlı ordumuz Laçın şəhərinə, Zabux, Sus yaşayış məntəqələrinə nəzarəti öz üzərinə götürdü. Artıq Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanır. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, səbrin, ölkəmizin hərbi qüdrətinin növbəti zəfəridir.

Qələbə paradında iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur "Ay Laçın" xalq mahnısından "Ay Laçın! Can Laçın! Mən sənə qurban, Laçın" misrasını səsləndirərkən Azərbaycan xalqının köksündə bir qığılcım yarandı - Laçın düşmən əlində qalmayacaqdır.  Dayanıqlı və strateji həmlələrlə Azərbaycan dövləti səbir və təmkinlə hərəkət edərək həmin rayonların bir güllə atılmadan azad edilməsinə nail oldu. Artıq doğma laçınlılar öz yurd-yuvalarına qovuşub, onların arzuları gerçəkləşib.

 Geostrateji əhəmiyyətə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuş,  əhali etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdü. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qaldı. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qarıqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunlara əyani misaldır.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin məntiqi davamı və siyasi yolla - 1 güllə belə atmadan azad etdiyimiz Laçında bu gün həyat yenidən başlayır. Azad edildiyi 1 dekabrdan bu yana bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi Laçında artıq doğma sakinlər məskunlaşır.  44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın Baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.

2022-ci il avqustun 26-da isə ordumuz böyük strateji əhəmiyyətə malik Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil oldu. Sentyabrın 21-də Müzəffər Ali Baş Komandan tərəfindən Laçın şəhərində Azərbaycan bayrağı ucaldıldı. Prezident İlham Əliyevin 2021-ci il avqustun 16-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hazırda Laçın rayon sakinləri mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdırlar.

Əzəli və əbədi ərazilərimizə qayıdış Müzəffər Ali Baş Komandanın hərbi- diplomatik məharəti əsasında əldə edilmişdir. Laçın, Ağdam, Kəlbəcər kimi ərazilərimizin şəhid vermədən düşmən tapdağından xilas edilməsi hərb meydanında qazanılan qələbənin diplomatik sferadakı təsdiqidir. Ölkə başçımızın rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonu xoş növrağını yaşayır. Ölkə başçısı bura etdiyi səfərlərdə laçınlılara tezliklə öz yurdlarına qayıdacaqları müjdəsini verir. Ərazidə aparılan geniş tikinti-bərpa işləri nəticəsində Laçın gündən-günə abadlaşır. Hazırda şəhərdə doqquz içməli su anbarı, üç yağış sularının toplanması anbarı, bir çirkab suların təmizlənmə qurğusunun tikintisi davam edir. Müasir memarlıq üslubuna uyğun olaraq xalq memarlığı da qorunmaqla müxtəlif dizaynlı dekorasiya işləri aparılır. Evlərin əsaslı təmiri ilə yanaşı, həyətyanı sahələrin abadlığı, landşaft işləri paralel yerinə yetirilir.

Prezident İlham Əliyevin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik" bəyanatının əməli təsdiqi olaraq deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanması Azərbaycanın şanlı zəfər tarixinə daha bir nümunədir.

Artıq Zabux kəndi də öz yerli sakinləri ilə qovuşub. Avqustun 25-də ilk mərhələdə 20 ailə-88 nəfər Zabuxa köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız artıq Vətən həsrəti ilə deyil, öz doğma torpağında yeni ümidlərlə yaşayırlar.

Nurlan ABDALOV,

"Respublika".