Keçmişdən gələcəyə doğru
Digər xəbərlər

Keçmişdən gələcəyə doğru

Tarixin  səhifələrində şərəfli yer tutan, milli dövlətçiliyimizin xilaskarı, dünya şöhrətli siyasətçi, azərbaycançılıq ideyasının banisi, ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı fədakar xidməti, titanik fəaliyyəti hüquqi və fəlsəfi mahiyyət baxımından böyük əhəmiyyət kəsb edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin digər sahələrlə yanaşı, milli təhsilimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsinin şahidiyik. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.

Rəhbərlik etdiyim Ağdam Dövlət Sosial-İqtisadi Kolleci tarixi ənənəsi olan, yaşı bir əsri haqlayan, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində öz doğma yurdundan didərgin düşən, bütün çətinliklərə baxmayaraq, ayaq üstə qalan, orta ixtisas kadrları yetişdirən nümunəvi təhsil ocağıdır. Təbii ki, dövlətin diqqət və qayğısı, Təhsil Nazirliyinin yaxından köməyi, tövsiyələri olmadan buna nail ola bilməzdik. Son illər aparılan məqsədyönlü tədbirlər nəticəsində kollecdə tədrisin keyfiyyəti yüksəldilib, nizam-intizam möhkəmləndirilib. Kollecdə tələbələrin vətənpərvər ruhda yetişməsi üçün əyani təşviqat vasitələrindən istifadə olunur, tez-tez bilik və idman yarışları keçirilir.

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin keçdiyi şərəfli və tarixi yola qısa bir nəzər salaq. Əvvəlcə qeyd edək ki, kollec Ağdam Kənd Təsərrüfatı və  Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumlarının  bazalarında yaradılıb. Ağdam Kənd Təsərrüfatı Texnikumu SSRİ Nazirlər Sovetinin qərarı ilə 1925-ci ildə təsis edilib. Bəzi məxəzlərdə isə təhsil ocağının tarixi fərqli qeyd olunub. Ağdam Kənd Təsərrüfatı Texnikumunun fəaliyyətə başlamasından bir neçə il sonra kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisasının bazasında ayrıca Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu yaradılıb.

Tədqiqatçı Orxan Zakiroğlunun “Ağdamda təhsil” (1925-2002-ci illər) adlı kitabında qeyd olunub ki, Ağdam Kənd Təsərrüfatı Texnikumu 1925-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının qurumu olaraq yaranıb və böyük rus yazıçısı Maksim Qorkinin adını daşıyıb. 1925-1941-ci illərdə texnikumda iki ixtisas üzrə - aqronom və zootexnik ixtisasları üzrə orta pillə kadrları hazırlanıb.

Texnikumu müxtəlif ixtisaslar üzrə bitirmiş tələbələr Füzuli, Cəbrayıl, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Qubadlı, Kəlbəcər, İmişli, Laçın və başqa rayonların kolxoz, sovxoz və Maşın-Traktor Stansiyalarında (MTS-lərində) işləyiblər. Respublikanın müxtəlif rayonlarından gəlmiş Sosialist Əməyi Qəhrəmanları, kolxoz sədrləri, briqadirlər, manqa başçıları, partiya və sovet işçiləri istehsalatdan ayrılmadan texnikumda təhsil alıblar.

Ağdam Kənd Təsərrüfatı Texnikumunda müxtəlif illərdə aqronomluq və kənd təsərrüfatının mexanikləşdirilməsi, meliorasiya, bitki mühafizəsi, meşə təsərrüfatının təşkili, xalq təsərrüfatının iqtisadiyyatı, mühasibat uçotu, zootexnik ixtisasları üzrə kadr hazırlanıb. 1993-cü ildə  erməni işğalı ilə əlaqədar olaraq texnikum öz fəaliyyətini Ağcabədi şəhər 11 saylı orta məktəbdə davam etdirib.

Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu 1936-cı ildə fəaliyyətə başlayıb. Texnikumun yaranmasında əsas məqsəd kənd təsərrüfatı üçün mexanizator kadrları hazırlamaq olub. Texnikum yarananda avtomobil və traktor  şöbələri fəaliyyət göstərib.

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 26.08.2002-ci il tarixli 140 saylı qərarı ilə yaradılan Ağdam Dövlət Sosial-İqtisadi Kolleci əvvəlcə Ağcabədi rayonunda,  sonra isə Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyətini davam etdirir.

Təhsilin müasirləşdirilməsi və onun maddi-texniki təminatının möhkəmləndirilməsi, kadr hazırlığı səviyyəsinin yüksəldilməsi kollec kollektivinin qarşısında duran  ən mühüm vəzifələrdən biridir. Kollecdə təlimin əsas bazası hesab olunan tədris korpusu, idman və iclas zalı, kabinə və siniflər cari təmir edilmiş, avadanlıq və əyani vəsaitlərlə zənginləşdirilmişdir. Kollecin həyəti tam hasarlanmış, 100 tonluq  su hovuzu tikilərək istifadəyə verilib. Kollecin maddi-texniki bazasını möhkəmləndirmək və əyani vəsaitlərdən istifadəni təmin etmək üçün Təhsil Nazirliyindən kifayət qədər avadanlıq alınıb.

Hazırda kollecin 2 mərtəbəli tədris korpusu var. Bu tədris korpusunda 36 sinif və inzibati otaq mövcuddur. Tədris prosesində İKT-dən istifadə edilməsi və kompüterləşmənin genişləndirilməsi daimi olaraq diqqətdə saxlanılan bir məsələdir. Kollecdə mövcud olan 111 kompüterin 80-indən tədris prosesində istifadə edilir. 2020/2021-ci tədris ilində kollecdə əyani təhsil forması üzrə 1080 nəfər təhsil alıb. Göründüyü kimi, kollecdə orta hesabla bir kompüterə 13 nəfər tələbə düşür. Bu göstəricini  ölkə üzrə ümumtəhsil müəssisələrində orta hesabla bir kompüterə düşən şagirdlərin sayı (18 nəfər) ilə müqayisə etsək, kollecdə təhsil alanların kompüterlərlə təminat səviyyəsinin qənaətbəxş olduğunu hesab etmək olar.

Kollecdə zəngin kitab fondu olan kitabxana yaradılmışdır. Kollecin kitabxanasının ümumi sahəsi 60 kvadratmetrdir. Kitabxanadan həmçinin oxu zalı kimi istifadə edilir. Kitabxanada 702 adda 4470 ədəd kitab və bununla bərabər təhsilə, təlim-tərbiyəyə aid çoxsaylı qəzet və jurnallar var. Təhsil Nazirliyi tərəfindən kollecə verilən kompüter dəstlərinin hesabına elektron kitabxana yaradılıb, tədris prosesinin kompüterləşməsi məqsədilə lazımi işlər görülüb. İKT-dən istifadə etməklə bəzi dərslərin (informatika, ingilis dili, fizika, statistika və s.) interaktiv şəkildə tədrisi təmin edilib.

Tədris prosesində tərbiyə işinin düzgün planlaşdırılması və həyata keçirilməsinin böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq kollecdə təlim-tərbiyə işi həm tədris prosesində, həm də sinifdənxaric tədbirlərdə düşüncəli və sistemli şəkildə qurulub. Ümummilli liderimiz Heydər Əliyevin - “Biz öz milli və əxlaqi dəyərlərimizi, adət-ənənələrimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi dəyərlər uğrunda tərbiyələndirməliyik”, - sözləri kollecin tərbiyə işinin əsas məzmununu təşkil edir.

44 gün davam edən və şanlı qələbəmizlə başa çatan Vətən müharibəsində kollecin 32 nəfər müəllim, tələbə və məzunu iştirak edib. Müəllimlərimizdən Elçin Cəfərov “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, Sənan Bayramov və Polad Cəfərov isə “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunublar. Döyüşlərdə göstərdikləri şücaətə görə tələbələrimizdən Cəmaləddin Adıgözəlzadə “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”  və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, Tərxan Cəfərov  “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü”, Zahid Əlizadə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Elnur Səlimov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasıına görə”, Sahil İsmayılov “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Əli Əlizadə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, Elvin Rzayev  “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər. İlkin Əmiraslanov, Ramin Abışov, Elnur Allahverdiyev, İsmayıl Mansurov, Əvəz Məmmədov, Kərəm Əliyev, Kənan Əlili də təltif edilən tələbələrimizdəndir. 

Kollecimizin kollektivi şəhid tələbəmiz Munis Abbaslının və şəhid məzunlarımız - Ülvi Həsənovun, Elnur Şirinzadənin, Ramin Zeynalovun və Anar Yusifovun əziz xatirəsini ehtiramla yad edir, onların adını uca tuturlar.

Keçmişdən gələcəyə doğru bir yolda inamla irəliləyirik. Zəngin tarixi və müasir ənənələri olan kollecimizin 100 yaşı tamam olacaq. İnanırıq ki, Qarabağın yaşlı təhsil ocağının yubileyinin keçirilməsi üçün Ağdam Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi kollektivimizin ən böyük arzusunun gerçəkləşməsi üçün öz köməyini əsirgəməyəcək. İnanırıq ki, 100 yaşımızı yenidən qurulan və dünyada bənzəri olmayacaq doğma Ağdam şəhərində qeyd edəcəyik!

Natiq CAVADOV,

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor.