Hayların
Digər xəbərlər

Hayların "aksiya" tamaşası

Xankəndi şəhərinin mərkəzi meydanında separatçı-revanşistlərin bir qrupu çadır quraraq oturaq aksiya keçiriblər. Terrorçu dəstənin qondarma "dövlət naziri" Qurgen Nersisyan  özünün feysbuk səhifəsində oturaq aksiyanın keçirildiyi ərazidən paylaşdığı fotoların altında belə bir qeyd yazıb: "Bu dəqiqələrdə Stepanakertin (separatçılar Xankəndi şəhərini belə adlandırır) "Dirçəliş meydanı" ümumerməni oyanışını gözləyir...".

Xatırladaq ki, Qarabağda yaşayan bir qrup erməni guya Laçın yolunda yaradılmış "blokada"nı aradan qaldırmaq məqsədilə əhalini Xankəndinin mərkəzi meydanında oturaq aksiyaya qoşulmağa çağırıb. Etiraz aksiyasının əsas təşkilatçıları separatçı rejimin qondarma "dövlət naziri" Qurgen Nersisyan və üzdəniraq "inqilab partiyası"nın sədri Artur Osipyandır. Son vaxtlar separatçı dəstənin ən fəal üzvləri rolunda çıxış edən hər iki şəxs Azərbaycana qarşı həyasız hədələrlə çıxış edir. Qarabağda yaşayan erməni əhalinin Xankəndidəki separatçı rejimin rəhbərliyinə etimad etmədiklərini deyən Osipyan əhalini Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdə yerləşən nəzarət-buraxılış məntəqəsinə yürüş etməyə çağırıb. O, hətta bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini təxribata çəkmək istədiklərini də gizlətməyib. Məhz bundan sonra Xankəndinin mərkəzi meydanında oturaq aksiya keçirməyə qərar verilib. Qarabağın erməni əhalisinə nəzarəti hələ də əlində saxlayan hərbi diktaturanın rəhbəri Araik Arutyunyan dünən "aksiya" adlı teatr tamaşasında baş rolda oynayıb.

Qeyd edək ki, iyulun 17-si gecə saatlarında baş separatçı Araik Arutyunyan Qarabağda yaşayan erməni əsilli əhaliyə müraciət edərək onları Laçın yolunun "bağlı qalması"na etiraz olaraq Xankəndidə fasiləsiz oturaq aksiya keçirməyə çağırıb. Dünən isə onunla "mehriban düşmən" olan Ruben Vardanyan da çadırların qurulduğu meydana gələrək aksiyaya dəstək verib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid ŞƏfiyev bildirib ki, bu aksiyanın ölkəmiz üçün heç bir təsiri olmayacaq: "Çünki Azərbaycanın mövqeyi qətidir. Biz Laçın yolunda post qurmuşuq. Lakin blokadadan söhbət gedə bilməz. Yəni ermənilər humanitar məqsədlər üçün bu keçid məntəqəsindən istifadə edə bilərlər. Bu o deməkdir ki,  Laçın yolundan sui-istifadə kimi qəbuledilməz məsələlər artıq müzakirə olunub. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə, yəni ermənilərin yaşadığı bölgədə vəziyyət gərgindir. Separatçı liderlər arasında da fikir ayrılığı var. Ona görə də belə aksiyalarla Araikin ətrafında olanlar onun gücünün təsirini saxlamaq istəyirlər. Eyni zamanda bu aksiya təbii ki, reklam məqsədi daşıyır. Onlar dünya ictimaiyyətinə mesaj ötürmək istəyirlər ki, guya vəziyyətləri ağırdır, köməyə ehtiyacları var. Lakin yenə deyirəm, bu aksiya Azərbaycan siyasətində hər hansı bir dəyişiklik etməyəcək".

Nuranə

DAXİLQIZI,

"Respublika".