Sakinlər üçün səyyar qeydiyyat xidmətləri göstərilib
Digər xəbərlər

Sakinlər üçün səyyar qeydiyyat xidmətləri göstərilib

İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən mərmi və raket atəşinə tutulan rayonun keçmiş təmas xəttinə yaxın kəndlərində onlarla ev və ictimai binalar dağıdıldı. Əlbəttə, bu dağıntılar ağdamlıların inamını və ruhunu sındıra bilmədi, dövlətin onların yanında olduğunu yaxşı bilirdilər.

Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi" haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ağdam rayonunun Çəmənli kəndinin və ətraf kəndlərin sakinləri üçün səyyar qeydiyyat xidmətləri göstərilib. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb.

Qeyd edək ki, Ağdam rayonunda fərmanın əhatə etdiyi və yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan 283 evin sənədləri ilə bağlı müraciətlər öz həllini tapıb. Belə tədbirlər vətəndaşlara heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaka dair çıxarışları əldə etmək imkanı yaradır. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq və şəffaflığın artmasına səbəb olur.

Salman ALIOĞLU,

"Respublika".