Özgə gəmilərində üzənin aqibəti
Siyasət

Özgə gəmilərində üzənin aqibəti

Avropanın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri hər gün özünü daha qabarıq şəkildə büruzə verir. Ermənistanın baş naziri Nikol Paşinyan isə bundan heç də narahat görünmür.

Avropalılarla hər rəsmi görüşdən sonra Paşinyanın ritorikası daha dağıdıcı və təhlükəli olur və təbii ki, Ermənistan üçün nəticəsiz qalmayacaq. Bu fikri bir çox erməni siyasətçiləri və sadə vətəndaşlar da söyləyir. Məsələn, erməni siyasi şərhçisi Nairavanyan deyir ki, Paşinyan Ermənistanı yeni müharibəyə sürükləyir, ölkəni geosiyasi güclərin davasına qatır. O, həmçinin Paşinyanın Zelenskinin yoluyla getdiyini, Ermənistanın isə Ukrayna ssenarisinə uyğunlaşdırıldığını bildirib. Lakin əgər Ukrayna coğrafi mövqeyinə görə Rusiya ilə müharibədə Avropadan silah almaq imkanına malikdirsə, haylar bundan məhrumdur. Çünki Ermənistanın iki qonşusu ilə sərhədi bağlıdır, digər qonşu İranla münasibətlər soyuyub. Gürcüstan isə daha çox Bakı və Ankarayla əməkdaşlıq edir.

Bəs Ermənistan Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurma yaradarsa, Avropa Ermənistana silah göndərə biləcəkmi? Avropa regionda Türkiyənin söz sahibi olmasını istəyir ki, bu da Rusiyadan olan asılılığı azaltmağa hesablanıb. III Antalya Diplomatiya Forumunda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dedikləri də bunu təsdiqlədi. Əslində Klaar artıq Rusiyanın regiondan çıxarılması prosesini tamamlanmış hesab edir və onun yerinə Türkiyənin regionda əsas oyunçu olduğunu açıqlayır. Yəni Ermənistan Türkiyə-Azərbaycan tandemi qarşısında tək qalır: "Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq məhv olacaq", - deyə erməni şərhçi Nairavanyan qeyd edib.

Ötən həftə Ermənistan rəsmiləri Azərbaycanın nəzarətində olan 31 erməni kəndi iddiası ilə bağlı məlumat yayıblar. Məlumatda erməni ərazisi olduğu iddia edilən kəndlərin adları qeyd olunur. Erməni baş nazir Nikol Paşinyan isə daha öncə iddia edib ki, 31 erməni kəndinin əraziləri bu və ya digər şəkildə Azərbaycanın nəzarətinə keçib. Bu kəndlərin ümumi ərazisinin 170 kvadratkilometr olduğu bildirilir və həmin kəndlərin Zəngəzur, Qazax və Göyçə istiqamətində yerləşdiyi deyilir. Bu ərazilərin erməni kəndi olması iddiası Ermənistanın növbəti yalanı və təxribatıdır. Söhbət 44 günlük müharibədən sonra Azərbaycanın şərti sərhədin bərpa edilməsi nəticəsində ordumuzun nəzarətinə keçən ərazilərindən gedir. Bu ərazilər işğal dövründə Ermənistanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində ermənilərin nəzarətində qalıb. Rəsmi İrəvan sərhəddə güzgü prinsipinin tətbiqini, qoşunların geri çəkilməsini, "31" erməni kəndinin Azərbaycanın nəzarətində olduğunu iddia etməsi növbəti çirkin oyundur.

"Paşinyanın "sülh qovşağı" layihəsi regional müharibəyə aparır". Bu barədə Qarabağdan İrəvana qaçan separatçı Samvel Babayan deyib. O, Ermənistanın müharibədən qaçması və regional layihələrdə iştirak etməsinin iki yolunun olduğunu qeyd edib: "Birinci variant Azərbaycanın Naxçıvana çıxışı üçün Mehridən magistral yolun verilməsidir, yəni Zəngəzur dəhlizinin. Amma bu yolda Ermənistanın suverenliyi qorunmalıdır. Belə bir variantda İrəvanın İranla problemləri olacaq, lakin reallıqları nəzərə almalıyıq. Azərbaycan Horadizə qədər yol çəkib. Türkiyə bu il Naxçıvan körpüsünə qədər dəmir yolunun inşasına başlayacaq. Belə olan halda Ermənistan ortada qalır. Ermənistan hakimiyyəti deyir ki, Mehridən yol verməyəcəyik, bu, müzakirəyə qapalıdır. Bu, heç nəyi dəyişdirmir. Hərçənd, Azərbaycan regionda həm Ermənistanı, həm Türkiyəni, həm də Mərkəzi Asiyanı birləşdirən logistika yollarını təklif edir. Mərkəzi Asiyadan Qərbə uzanan bu yolu ABŞ və Avropa da dəstəkləyir". Babayan ikinci variantın Mehridən yolun verilməsindən imtina etmək olduğunu deyir: "Bu halda ordunu gücləndirməli, İran və Rusiya ilə əməkdaşlığı dərinləşdirməliyik. Üçüncü variant yoxdu. Üçüncüsü, "sülh qovşağı" layihəsidirsə, bu, sülhə yox, müharibəyə aparır".

Bu isə onu göstərir ki, Ermənistanda Nikol Paşinyan əleyhdarlarının sayı günbəgün artır. Lakin bu, təkcə ölkə hüdudları ilə məhdudlaşmır. Rusiyada "RT" telekanalının baş redaktoru Marqarita Simonyan demək olar ki, hər çıxışında Paşinyanın ölkəni gətirib çıxardığı gülünc vəziyyətdən danışır və çıxışında belə davam edəcəyi təqdirdə Ermənistanın maksimum 5-10 il ömrünün qaldığını deyib. Simonyan Nikol Paşinyanı öz ölkəsini satmaqda da günahlandırıb. Bu isə səbəbsiz deyil. Çünki son günlərdə erməni KİV-ləri belə bir məlumat yayıblar ki, Ermənistan payızda Aİ-yə üzvlüklə bağlı müraciət edə biləcək. Bu isə Rusiyaya xəyanət kimi dəyərləndirilir. Dağılma prosesini sürətləndirə biləcək addım ölkədə böyük qarşıdurmaya səbəb ola bilər. Bir müddət əvvəl də Ermənistan tərəfi qoşunların "güzgü effekti" ilə sərhəddən geri çəkilməsi barədə danışırdı. Lakin Ermənistan şərti sərhəddə deyil, xarici siyasətdə "güzgü effekt"indən istifadə etməlidir. Əks təqdirdə, özgə sularında batan "gəmi"yə çevriləcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".