Ümummilli Lider xaosa sürüklənən Azərbaycanı xilas etdi
Siyasət

Ümummilli Lider xaosa sürüklənən Azərbaycanı xilas etdi

"Xəstə Azərbaycan sizin əlinizdə şəfa tapacaq", "Heydər baba, qurtar bizi bu bəladan". 1993-cü il iyunun 9 da hava limanının qarşısına toplaşan insanlar bu şüarlarla Heydər Əliyevi qarşılamağa gəlmişdilər. Ümummilli lider təyyarədən düşən kimi qurbanlar kəsilmiş, insanlar onu əhatəyə almışdı. Uzun zamandan bəri gözlədikləri bir xilaskarın gəlişinə sevinirdi insanlar. Şərq coğrafiyasında yerləşən xalqlar hər zaman dar günlərində bir xilaskarın gələcəyinə, həmin rəhbərin çətin məqamda onları qaranlıq gecələrdən aydın səhərlərə çıxaracağına inanırdılar. Xalqımız da belə durumda idi.

Belə situasiyalarda yalnız Yaradan tərəfindən seçilmiş insanlar bu ağır məsuliyyəti çiyinlərində daşımağa müvəffəq olublar. Tanrı Azərbaycanda xilaskarlıq missiyasını yerinə yetirə bilən dahi şəxsiyyət bəxş etmişdi. Həqiqətən də dünyada çox az sayda rəhbər var ki, uçurumun kənarında olan bir məmləkəti, bu gün qloballaşan dünyamızın ən vacib ölkələrindən birinə çevirsin. Əslində ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtması ilə təkcə Azərbaycanı və onun xalqını deyil, Avrasiya materikinin ən vacib regionunu, bu gün Azərbaycanla strateji müttəfiq və tərəfdaş olan ölkələri də müəyyən mənada hansısa problemlərdən xilas edib.

XX əsrdə 2-ci dəfə müstəqillik qazanan ölkəmiz yenə eyni aqibətlə üzləşməyə çox yaxınlaşmışdı. Məlum Gəncə hadisələri dövlətin varlığına təhdidləri artırırdı. Təhdidlər isə Bakının astanasında dayanmışdı. Bir dövlətin paytaxtına verilən ultimatum belə idi: "Bakıya gəlib dar ağacı qurub hər kəsi asacam". Vəziyyətin çıxılmaz olduğunu görən rəhbərlik çıxış yolu kimi Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyevi Bakıya dəvət etmişdi. Şəxsən Əbülfəz Elçibəy ümummilli liderin Bakıya gəlməsini istəyirdi. Həmin ərəfədə iqtisadi-siyasi kollaps dövrünün ən pik həddini yaşayan Azərbaycana şəfa verəcək tək insan da Heydər Əliyevdən başqası deyildi. Hər zaman olduğu kimi, Azərbaycan xalqı da bu məsələdə eyni çağırışa qoşulmuş, Naxçıvanda yaşayan rəhbəri ikinci dəfə siyasi hakimiyyətə qayıtmağa səsləyirdi. Problemlərdən, iqtisadi-siyasi gərginliklərdən təngə gələn, sosial rifah halının hər gün geriyə getdiyini görən insanlar vətəndaş müharibəsinin qurbanına çevrilmək istəmirdi.

Ona görə də tez bir zamanda böyük-kiçik, cavan-qoca hər kəs Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşdi və bütöv Azərbaycan qurmağa nail oldu. O Azərbaycan ki, bir vaxtlar siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı və heç bir xarici ölkənin də marağında deyildi. Zəngin sərvətə malik olsaq da, xarici dövlət və şirkətlər vətəndaş müharibəsinin cənginə aldığı, hakimiyyətin idarə edə bilmədiyi ölkəyə investisiya qoyuluşu etmək böyük risk tələb edirdi.

Surət Hüseynovun qarşısını almaqda acizlik göstərən AXC-Müsavat rəhbərlərinin ölkə daxilində sabitliyi qoruyub saxlaya bilməməsi separatizm meyillərinin güclənməsinə səbəb olmuşdu. Həmin məqamda da ən böyük təhlükə təbii ki, bədxah qonşumuzdan gəlirdi. Surət Hüseynovun hakimiyyətlə çəkişməsi və ordunun böyük bir qismini cəbhədən geri çəkərək vətəndaş müharibəsinə təhrik etməsi müharibədə məğlubiyyətimizi qaçılmaz edirdi. Ümummilli liderimizin qarşısında ölkənin hər sahəsində hökm sürən xaos və anarxiyanı müalicə etmək kimi çətin çağırışlar dururdu. Niyyəti və amalı vəzifə olmayan Heydər Əliyev Bakıya gəldikdən sonra ona vəzifə təklif olunsa da dərhal Gəncəyə gedib silahlı qarşıdurmaların səbəbini araşdırmaq üçün tez bir zamanda işə başlamışdı. Dönəmin dövlət başçısının öz postunu tərk edərək Kələkiyə qaçması faktiki olaraq bütün yükü onun üzərinə qoymuşdu. Azərbaycanın belə ağır məqamlarında yüksək dözümlülük göstərən, səbir və təmkinlə xalqının xilasını fikirləşən ulu öndər tək-tənha bütün problemlərdən çıxış yolu tapmaq üçün gecə-gündüz çalışaraq yenicə qazanılmış müstəqilliyimizi qoruyub saxlaya bildi. Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyaya inteqrasiya olundu. Məhz Azərbaycan xalqı Heydər Əliyev ilə birlikdə öz tarixinin ən şərəfli və ən mürəkkəb dövrünü uğurla başa vurdu. Daxili və xarici düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq, onun daha da inkişaf edib yüksək tərəqqiyə qovuşmuş dövlətlərin sırasına çıxmasına maneə olmaq üçün əllərindən gələni edirdilər. Siyasətdə olduğu gündən xalqın yanında olan və xalqın arzu-istəklərinin həyata keçməsi üçün öz sağlamlığını belə əsirgəməyən ulu öndər 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytarmışdı. 9 iyun tarixi birmənalı olaraq, ölkəmizin taleyində mühüm dönüş nöqtəsi oldu.

Musa BAĞIRLI,

"Respublika".