Fransa sülhə kölgə salır
Siyasət

Fransa sülhə kölgə salır

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi zəfəri bəzi dövlətlər hələ də həzm edə bilmir. Bu ölkələrdən biri də Fransadır. Özünün antidemokratik siyasətini nümayiş etdirməkdən çəkinməyən firənglər regionda sülh prosesini təhlükə altında qoyur. Belə ki, Fransa Ermənistana reallaşması mümkün olmayan vədlər verməklə separatçı-revanşistlərin fəaliyyətini aktivləşdirir.

Rəsmi Paris hətta Ermənistanı silahlandırır və bunu etiraf etməkdən də çəkinmir. Hayastan parlamentinin spikeri Alen Simonyan iyulun 11-13-də Fransaya səfəri çərçivəsində Fransa Senatının sədri Jerar Larşe tərəfindən qəbul edilib. Larşe bildirib ki, görüş zamanı Simonyan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin dərhal açılması və guya Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Fransanın ona müdafiə xarakterli silahlar verməsini tezləşdirməsini xahiş edib. Buradan Fransanın Ermənistanı şirnikləşdirdiyini açıq-aydın görmək mümkündür. Larşenin bu sözləri Brüssel görüşündə əldə olunan bir sıra razılıqlara da kölgə salır. Son zamanlar baş tutan görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edib. Belə olan halda isə Fransa antidemokratik fəaliyyəti ilə düşməni revanşizmə sövq edir. Fransa rəsmiləri bunu qəbul etməsələr də, reallıq bundan ibarətdir. Hər kəsə məlumdur ki, Laçın yolu bağlı deyil. Bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərar da təsdiqləyir. Həmin qərarda Ermənistanın Laçın yolu ilə bağlı tələbi rədd edilir. Bundan başqa, məhkəmə qərarında nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olmadığı öz təsdiqini tapır. Ermənistanın iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən hərbi təxribatına, habelə hayların Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə etməklə müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanmasına baxmayaraq, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində daşımaların həyata keçirilməsinə icazə verilir.

Rəsmi Parisin qərb qonşumuza piyada döyüş maşınları, habelə Hindistanda istehsal olunan artilleriya və raket sistemləri, öldürücü ağır silahlar verdiyinə dair faktlar mövcuddur. Həmçinin Fransanın Hayastanda hərbi attaşe ofisini yaratdığı da iddia edilir. Fransanın İrəvandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis etməsi onun xəbis niyyətini bir daha göstərir. Belə ki, attaşenin əsas məqsədi Fransanın təhlükəli silahlarının Ermənistana tədarükünə nəzarət etməkdir. Bir məqamı da xüsusi qeyd edək ki, rəsmi Parisin Ermənistana bu cür silahların tədarükünə əsas dəstəyi şəxsən Makron göstərib. Fransa Prezidenti bununla regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozmuş olub.

Bundan başqa, Fransa iyulun 27-də utanmadan Laçın yolu ilə bağlı bəyanat da verib. Bəyanata görə, guya Azərbaycan Laçın yolunu blokadada saxlayır. Şübhəsiz, dövlətimiz məsələyə dərhal münasibət bildirib. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatındakı Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını qətiyyətlə rədd etdiyini qeyd edib: "Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərə və danışıqlar prosesinə istinad edən, nədənsə son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğu, Azərbaycana qarşı hərbi təxribatlarının davam etdirilməsi, Azərbaycana qeyri-qanuni olaraq hərbi məhsulların və minaların ötürülməsi, eləcə də kommunikasiyaların açılışına Ermənistan tərəfindən maneçilik törədilməsi kimi bəyanatın ciddi pozuntularına önəm verməyən Fransa tərəfinin yanlışlıqla Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi təsis etməsini öhdəliklərə zidd olaraq qiymətləndirməsi qəbuledilməzdir".

Ayxan Hacızadə həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin məhz 6 iyul tarixli qərarı ilə Laçın sərhəd-buraxılış məntəqəsinin tam legitim olduğunu təsdiqləndiyini də diqqətə çatdırıb. Xatırladaq ki, həmin qərarda nəzarət-buraxılış məntəqəsini aradan qaldırmaq və sərhədçiləri geri çəkmək barədə Ermənistanın müraciətləri yekdilliklə rədd olunmuşdu.

N.BEYDİYEVA,

"Respublika".