Hayastan ancaq millətçi-aqressiv siyasətlə məşğuldur
Siyasət

Hayastan ancaq millətçi-aqressiv siyasətlə məşğuldur

44 günlük müharibədə Azərbaycan Ordusu istər qurudan, istər havadan hücumlarla Ermənistan silahlı qüvvələrinə çox böyük zərbələr vurdu. Düşmən ordunun infrastrukturunu alt-üst edib dağıtdı. Ermənistan ordusunun hərbi texnikasının böyük hissəsi məhv edildi. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra ölkəmiz əleyhinə bütün çirkin vasitələrdən istifadə edən Ermənistana hər cür dəstək göstərən İran bununla bizə bəslədiyi düşmənçiliyi açıq şəkildə ortaya qoydu. Xain mollalar 30 il müddətində Azərbaycan torpaqlarının işğal altında qalmasını, Ermənistanın burada törətdiyi vəhşilikləri gözardı edərək bir daha xəyanətkar olduğunu təsdiqlədi. Sözügedən dövrdə üzdəniraq düşmənə dəstəyini açıq şəkildə bəyan edən İranın son zamanlarda saysız-hesabsız terrorlarla gündəmə gəlməsi onun məkrli siyasətindən xəbər verir. İranın Ermənistanın yanında, Azərbaycanın isə qarşısında dayanması onun xain xislətinin göstəricisidir.

Bir məqamı da xüsusi qeyd edək ki, İranın qərb qonşumuzun tərəfində durmasının əsas səbəblərindən biri onun iqtisadi marağıdır. Belə ki, molla rejimi əzəldən Ermənistanın ən ciddi dayağı, iqtisadi və maliyyə baxımından güclü dəstəkçisi olub. Bu, indi də belədir. Məlum olduğu kimi, dünyadakı ən böyük ədalətsizlik nümunələrindən biri müsəlmanlara qarşı birləşən fars-erməni ittifaqının mövcudluğudur. Cənub qonşumuzun terrorçu simasından istər bütün dünya, istərsə də İslam aləmi xəbərdardır. Çünki İran üçün İslam dəyərlərinin heç bir əhəmiyyəti yoxdur. Başqa sözlə desək, bu terror dövləti İslam dinindən siyasi avantüra vasitəsi kimi istifadə edir. İslam dinini təhqir edən Ermənistanı özünə dost hesab edən İranın İslam dəyərlərindən, İslam həmrəyliyindən danışması gülünc səslənir.

Hazırda İranın əsas məqsədi Ermənistanla münasibətləri inkişaf etdirmək, eləcə də onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə müvəffəq olmaqdır. Bu isə birbaşa Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək kimi xarakterizə oluna bilər. Son dövrlərdə İranla Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluğun açılması da rəsmi Tehranın İslam dininin əleyhinə fəaliyyətinin əyani sübutudur. Bundan başqa, İran Zəngəzur dəhlizinin reallaşmasına da açıq şəkildə əngəl yaratmaq üçün əlindən gələni edir. Molla rejimi hətta Ermənistan sərhədinin pozulmasını özünün "qırmızı xətt"i, Hayastanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qələmə verir. Əfsuslar olsun ki, İranın din xadimləri də Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməyə can atırlar. Bu isə birbaşa İslamın əxlaq kodeksinə zidd hesab edilir. Bu xüsusda İranın molla rejiminin İslam dəyərlərinə, həmrəyliyinə, birliyinə xələl gətirdiyini söyləmək mümkündür. Görünür İran üçün heç bir din, beynəlxalq və hüquqi dəyər anlayışı yoxdur. Terrorçu dövlət ancaq millətçi-aqressiv siyasət yürütməklə məşğuldur.

Hətta qeyd etmək lazımdır ki, İran rəsmiləri də boş ritorikalarından əl çəkmir. Son olaraq "Ermənistanla sərhədi qorumaq İranın qırmızı xəttidir. Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin". Bu sözləri İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Şəhriyar Heydəri deyib. İrandan başqa hər yerdə söz azadlığı var, ancaq söz azadlığı olmayan bu ölkədə söz deməyə ixtiyarı olanlar böyük danışmağı tərgitməlidirlər. Ümumiyyətlə, İranın siyasəti dünyada sülhə yox, münaqişələr, gərginlik ocaqları yaratmağa hədəflənib. Bu ölkənin Yəməndə, İraqda, Suriyada, Liviyada, Livanda həyata keçirdiyi pozucu fəaliyyət Tehran rejiminin mahiyyətini bir daha göstərir.

Amma nəinki İran, Ermənistanın bütün havadarları birləşsə, Cənubi Qafqazdakı yeni geosiyasi reallığı dəyişə bilməz. Azərbaycan regionda qalib dövlət kimi diktə edən tərəfdir.

Röya RÜSTƏMLİ,

"Respublika".