Təbrizim, Təbrizim, aman Təbrizim
Siyasət

Təbrizim, Təbrizim, aman Təbrizim

Təbriz Azərbaycanın nəbzi, döyünən ürəyidir. Qədim tariximizi, milli mədəniyyətimizi özündə əks etdirən, ədəbiyyatımızın, poeziyamızın ruhu olan nağılları xatırladan şəhər. Təbriz mədəniyyəti, mətbəxi, xalçaları və gözəllikləri ilə yanaşı, həm də mübarizliyi ilə də tarixin yaddaşında dərin iz salıb. Bu gün də şəhər öz əzəməti, tarixiliyi ilə diqqət mərkəzindədir. Hazırda Təbrizdə yaşayan əhalinin 95 faizi yerli azərbaycanlılardan ibarətdir. Doğrudur, vaxtilə Təbrizdə az da olsa erməni yaşayıb. Lakin məlumatlara görə, Xocalı faciəsi baş verəndən sonra şəhərdə ermənilərin sayı kəskin şəkildə azalıb. Yəqin ki, ermənilər Ermənistanın Xocalıda törətdiyi faciənin ağırlığını dərk ediblər. O üzdən də hazırda demək olar ki, Təbrizdə erməni yaşamır.

Ötən il dekabrın 27-də İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə əhalisinin 95 faizi azəri türklərindən ibarət olan Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən açıqlanıb. Erməni konsulluğu üçün məhz azərbaycanlıların ən çox yaşadığı Təbrizin seçilməsi türk dünyasına qarşı mesaj kimi şərh edilib.

Sual olunur, niyə məhz Təbriz? Əgər bu şəhərdə erməni yaşamırsa, fəaliyyət göstərmirsə, o zaman burada konsulluq açmaq hansı zərurətdən doğur? İranın, yaxud da Ermənistanın bu addımı atmaqda məqsədi nədir? Statistik məlumatlara görə, ermənilərin ən çox yaşadığı İran şəhərləri Tehran və İsfahandır. İki ölkə arasında münasibətlərin daha sıx və mehriban olması üçün bu şəhərlərin birini seçmək daha düzgün olardı. Əslində isə Ermənistanın Təbrizdə konsulluğu açmaq marağı təkcə siyasi məqsəd güdmür. Bu, həm də milli-mənəvi təpki rolunu oynayır. Yəni istədiyimiz ərazidə konsulluq açmaq ixtiyarımız var. Anlaşılan odur ki, bu, tək Təbriz üçün deyil, həm də bütöv Azərbaycana bir mesajdır. İranın bu addımı sadəcə təbrizlilərin deyil, bütün Cənubi Azərbaycanın etirazına və hiddətinə səbəb olacaq. Buradan qonşu dövlətin bilərəkdən daxilində gərginlik yaratmaq marağında olduğu anlaşılır. Ölkəmiz sülhpərvər dövlət kimi bütün yaxın, uzaq qonşuları ilə dostluq şəraitində yaşamaq prinsipini üstün tutur. Bütün dövrlərdə istər İrana, istərsə də Ermənistana qarşı xoşməramlı, xoşniyyətli addımlar atıb. Mehriban qonşuluq əlaqələrini dəstəkləyib.

Təbrizdə Ermənistan konsulluğunun açılması gələcəkdə ermənilərin yerləşdikləri məkanda anti-Azərbaycan təbliğatının işartılarını göstərir. Çünki ermənilərin hansı dövlətdə səfirlik və konsulluğu fəaliyyət göstərirsə, ilk növbədə apardıqları iş Azərbaycan əleyhinə kampaniyadan ibarətdir. Təbrizdə də bu hal baş verərsə, o zaman azərbaycanlıların hiddətinə səbəb olacaq və insidentlərin baş verməsi qaçılmazdır. Lakin İran xarici işlər naziri və xarici işlər nazirliyinin rəsmisi bir-birinin ardınca açıqlama verərək bildirmişlər ki, Təbrizdə Ermənistan konsulluğu açılacaq. İranın Ermənistandakı səfiri Mehdi Sobhani də açıqlama verib. Ermənistan dövlət televiziyasına müsahibə verən İran rəsmisi bildirib ki, Ermənistan İranın Qafandakı konsulluğundan sonra Təbrizdə baş konsulluq açacaq ki, bu da iki ölkə arasında əlaqələri gücləndirəcək və ikitərəfli ticarətə töhfə verəcək. Maraqlı odur ki, Təbrizdə konsulluğun açılması təklifi məhz İran tərəfindən verilib. Hansı ki, Azərbaycan uzun illərin müzakirə və çəkişmələrindən sonra öz doğma şəhərində konsulluq açmaq imkanını əldə edib.

Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəkləyən İran, münaqişə Azərbaycanın qələbəsi ilə bitdikdən sonra da eyni qısqanclıqla münasibətləri davam etdirdi. Bu gün qədim Azərbaycan şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılması da həmin qısqanclığın arxasında gizlənir. Çünki 2021-ci ilin dekabrında xarici işlər nazirləri ilə keçirilən sammitdə hər iki ölkədə konsulluqların açılması qərara alınıb. İlk addım isə İrandan atılıb. 2022-ci ilin oktyabrında İran Qafan şəhərində konsulluq açıb. Mahiyyət etibarilə İran özü bilmədən də iki Azərbaycan şəhərini məhz konsulluq vasitəsilə birləşdirir. Qərbi Azərbaycan ərazisində, Zəngəzurun vaxtilə ən çox azərbaycanlılar yaşayan Qafan rayonunda İran konsulluğunu açıb. Cənubi Azərbaycanın qədim, tarixi şəhəri olan Təbrizdə isə Ermənistan konsulluğunun açılması qərarına gəlib.

Ramidə YAQUBQIZI,

"Respublika".