Ölkəmiz Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirir
Siyasət

Ölkəmiz Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal miqyaslı tədbir kimi siyasi əhəmiyyətinə görə yalnız BMT Baş Assambleyasının əsas sessiyaları ilə müqayisə oluna bilər. Bu mənada, tədbirin keçirildiyi zaman dünyanın siyasi nəbzi məhz konfransın baş tutduğu məkanda döyünür. Digər tərəfdən, iqlim dəyişikliyi ilə müasir mübarizə tendensiyaları və iqtisadi güc mərkəzləri arasında qarşıdurma fonunda konfransın qlobal təsir gücünü təsəvvür etmək çətin deyil.

Qeyd edilənləri nəzərə alaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il ölkəmizdə keçirilməsi barədə qərar dünya birliyinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmətinin ifadəsidir. Təbii ki, Azərbaycana münasibətdə bu ehtiram tarixi proseslərin təbii axarının nəticəsi deyil. 2023-cü il dekabrın 15-də keçirilmiş müşavirədə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.

Reallıq bundan ibarətdir ki, məhz cənab İlham Əliyevin qətiyyəti nəticəsində, Azərbaycan regionda hüquqlarını müdafiə edə bilən hərbi-siyasi güc kimi özünü təsdiq edib. Üstəlik, güc və imkanları artdıqca ölkəmizin beynəlxalq hüququn aliliyinə, beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə sədaqəti də artıb.

COP29-un evsahibliyinin 135 ölkənin yekdil dəstəyi ilə Azərbaycana həvalə olunmasında heç şübhəsiz ki, bu meyar həlledici amillərdən biridir. Digər tərəfdən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə uğurlu fəaliyyəti, Avroviziya, İslam Həmrəyliyi Oyunları, eləcə də digər çoxsaylı tədbirlərə təhlükəsiz, etibarlı və uğurla evsahibliyi etməsi COP29-un layiqincə keçiriləcəyinə heç kimdə şübhə yaratmır.

Bundan başqa, məlumdur ki, Azərbaycan Respublikası ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi təmin etmək üzrədir. Azərbaycan Prezidentinin uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış edir. Lakin buna baxmayaraq, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında deyil, alternativ enerjidə görür. Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı da bəyan etdiyi kimi: "Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır". Digər tərəfdən, məlumdur ki, Azərbaycan özünün beş milli prioritetindən birini "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edib. Ölkəmiz Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə hədəflər müəyyənləşdirib. Yəni iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvüdür. Bütün bunların fonunda hansısa beynəlxalq subyektin, yaxud qərəzli psevdosiyasətçinin bəyanatları artıq qəbul olunmuş qərarın mahiyyətinə təsir edə bilməz. Əksinə, əgər Azərbaycana qeyri-dost olan beynəlxalq subyektlər narahatlıq keçirir, proses ətrafında qarayaxma kampaniyasına cəhd edirsə, elə bu Bakının ciddi uğurundan xəbər verir.     

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.