Ölkənin taleyinə nur saçan ömür yolu
Siyasət

Ölkənin taleyinə nur saçan ömür yolu

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Məhz ulu öndərin rəhbərliyi ölkəmiz üçün "qızıl dövr"ün başlanğıcı hesab olunur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ümummilli lider bu amalın gerçəkləşməsinə bütün həyatını həsr etmişdir. Geniş yayılan bir məsəl var ki, dünya dahilərin çiynində dayanır. Məhz bu baxımdan, Azərbaycanın öz mövcudluğunu qoruyub saxlaması, itmiş dövlətçilik ənənələrinin yenidən bərpası ancaq dahi liderin qətiyyəti ilə mümkün olmuşdu. Həmin dövrdə dahi lider Heydər Əliyev dövlətin  müstəqilliyini qorumaq  missiyasını uğurla yerinə yetirdi.

Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, rəhbərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə ölkəmiz sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu. Müasir tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndərin xalqın tarixi yaddaşının bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş özünüdərk və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirib. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi, doğma xalqının mənafelərini daim önə çəkib və respublikamızın inkişafı üçün bütün imkanlardan istifadə edib. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alaraq yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illəri xalqımızın öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün zamanlarda Azərbaycan ictimaiyyətini düşündürən məsələləri uğurla həll edib. Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri məharətlə həyata keçirib. Heydər Əliyevin milli neft strategiyasının uğurlu reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ni minilliyin də müqaviləsi kimi qələmə vermək olar. Çünki böhran vəziyyətində olan ölkənin ən etibarlı çıxış yolu xarici kapitalın cəlb olunması idi ki, inkişaf etmiş hər hansı bir dövlətin də böhran vəziyyətində olan ölkəyə kapital qoyması qeyri-mümkün görünürdü. Lakin ulu öndər ölkəmizi ağır durumdan çıxarmağa nail oldu və xarici bazarlara neft sektoru vasitəsilə çıxışı təmin etdi, qeyri-neft sektorunun təməl daşlarını atdı.

Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik-hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib, qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olub. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı, tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində və 19-20 sentyabrda 23 saatlıq antiterror tədbirləri zamanı şanlı zəfər qazanmaqla sübuta yetirdi. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

 Xalqımız ulu öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Tacir SADIQOV,

"Respublika".