Gözəgörünməz təhlükə
Tarix

Gözəgörünməz təhlükə

Aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür

Mina probleminin qlobal təhlükə olması və ictimaiyyətin bu sahədə maarifləndirilməsi kifayət qədər vacib məsələdir. İlk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilən Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü hər il qeyd olunur. Bununla da BMT beynəlxalq təşkilatların köməyi ilə mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, əhalinin yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina probleminə qarşı mübarizənin daim davam etdirilməsinə çağırış edir. Minalar və müharibənin digər partlamamış qalıqları hər ay dünyada minlərlə insanın ölümünə və şikəst olmasına səbəb olur. Beynəlxalq hesabatlarda deyilir ki, təkcə 2020-ci il ərzində dünyada 269 min ədəd mina məhv edilib. Görünməz təhlükədən və partlayıcı qalıqlardan zərərçəkənlərin sayı isə ilbəil artır. Belə ki, təkcə 2020-ci ildə minalardan 5554 nəfər xəsarət alan şəxs qeydə alınıb. İtkilərin böyük əksəriyyətini mülki şəxslər təşkil edir, bunun da 43 faizi uşaqlardır.

Ölkəmizdə mina problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranıb. 1998-ci ilin iyul ayında ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkədə minalarla mübarizə proqramının komponentlərini - ərazilərin mina və müharibənin partlamamış qalıqlarından (MPQ) təmizlənməsi, mina təhlükəsinə dair maarifləndirmə və yardım üzrə fəaliyyəti həyata keçirir. Ərazilərimiz əsasən Ermənistan-Azərbaycan münaqişəsi dövründə çirklənib. Bununla yanaşı, keçmiş sovet ordusunun silah-sursat arsenalı olan anbarlar və hərbi təlim mərkəzlərində qalan minalar və hərbi sursatlar da var. Şübhəsiz ki, bütün bunlar həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükə yaradır. Təəssüf ki, düşmən tərəfinin əzəli torpaqlarımızda 30 il müddətində məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşlar arasında itkiyə səbəb olur. Bu gün hələ də insanlarımız, mina axtaranlar gizli təhlükənin qurbanı olur. Aprel ayının ilk günlərində də artıq mina partlaması nəticəsində xəsarət alanlarımız var. Belə ki, Tərtər rayonunda üç mülki şəxs mal-qara otaran zaman, həmçinin eyni gündə ANAMA əməkdaşı Ağdamda minaya düşüb. Hadisə nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya edilib, istifadə olunan texnikaya ziyan dəyib.

Dövlətimiz dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa, Emənistana minaların dəqiq xəritəsini vermək üçün təzyiq göstərməyə çağırıb. Azərbaycan hər il Mina Xəbərdarlığı  və Mina Fəaliyyətinə Yardım Günündə müraciətini bir daha təkrar edir. Ermənistanın beynəlxalq öhdəliklərini pozması, məqsədli şəkildə minalar yerləşdirmək siyasəti, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olmaq cəhdi və minaların yeri barədə məlumatı təqdim etməkdən imtina etməsi, şübhəsiz ki, qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət buna göz yummamalı və bu gün hayları dünyəvi hüquq normalarına əməl etməyə çağırmalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".