Fransa
Siyasət

Fransa "itirə-itirə" gedir

Rəsmi Paris Afrikada öz mövqelərini itirir. Belə ki, 2023-cü ildə Mali və Burkina Fasonun ardınca Niger və Qabonda da Fransa əleyhinə üsyanlar gücləndi. Fransalı diplomatlar və hərbçilər ölkədən qovuldular və ehtimal edilir ki, bu il də eyni tendensiya davam edəcək. Çünki müstəmləkəçilik əleyhinə etirazlar Afrikada geniş vüsət alıb. Xalqlar təbii resursların istismarına qarşı çıxır və azad yaşamaq istəyirlər. Yelisey sarayını öz bölgələrində arzulamırlar.

Bu xüsusda qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın yaratdığı Bakı Təşəbbüs Qrupu dünyanın müxtəlif şəhərlərində Fransanın müstəmləkəçilik siyasətini ifşa etmişdir. Nyu-Yorkda, Cenevrədə və Bakıda keçirilən toplantılarda Fransanın neomüstəmləkəçiliyindən əziyyət çəkən, təqiblərə məruz qalan şəxslər açıq şəkildə öz etirazlarını ifadə ediblər. Bu tədbirlərdə Fransanın Afrikada törətdiyi cinayətlər - nüvə tədqiqatları sınaqlarının aparılması, həmçinin digər qeyri-insani davranışlar bəşəriyyətin diqqətinə çatdırılıb. Əlbəttə ki, bütün bu faktlar Fransanın iç üzünü göstərir və dənizaşırı ərazilərdə həyata keçirilən barbar siyasətin bir nümunəsidir. Lakin bəzi Qərb dövlətlərinin "vassal" halına saldığı Afrika ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə öz haqlarını axtarmaq üçün yola çıxdı. Etiraz aksiyalarında qaldırılan Azərbaycan bayraqları da buna işarədir. Və belə nəticəyə gəlmək olar ki, Fransa bu il də "itirə-itirə" gedəcək. Azərbaycan isə neokolonializmin ifşası üçün hər zaman Afrika dövlətlərinə dəstək olacağını dəfələrlə bildirib.

İlyas HÜSEYNOV,

politoloq.